İranla ABŞ arasında gərginlik fonunda tərəflərin qarşılıqlı zərbələri və mümkün yeni eskalasiya ilə bağlı narahatlıqlar davam edir. Xüsusilə Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi və tərəflərin bir-birinə cavab zərbələri endirməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Hərbi ekspert Ədalət Verdiyev hesab edir ki, ABŞ-ın bundan sonra hansı addımı atacağı regiondakı vəziyyətə ciddi təsir göstərə bilər.

Ədalət Verdiyev bu barədə News365.az-a açıqlamasında bildirib.
“İran razılaşmadan geri çəkilərsə, çox ağır zərbə olacaq. Zərbələr olub, bunu eşitmişəm. Amma hansının digərindən nə qədər güclü olduğunu demək çətindir. Ayrı-ayrılıqda üç-dörd dəfə kifayət qədər genişmiqyaslı, həm ərazi baxımından, həm də zərbələrin sayına görə ABŞ tərəfindən həyata keçirilən fəaliyyətlərin şahidi olmuşuq”.
Ekspert qeyd edib ki, hər yeni zərbənin əvvəlkindən daha güclü olacağını söyləmək doğru yanaşma deyil:
“Demək ki, hər dəfə daha güclü olacaq, daha güclü olacaq – bu, müəyyən mənada məsələnin ciddiliyini azaldır. Adətən bəyanat bir dəfə verilir və qarşı tərəf onun təsirlərini bir neçə dəfə hiss edir. Sonra eyni bəyanat dəfələrlə səsləndiriləndə qarşı tərəf düşünür ki, əvvəl də demişdilər, sonra bu qədər zərbə endirdilər. İndi isə on iki dəfə bəyanat verib bir dəfə zərbə endirmək həmin bəyanatın təsir gücünü də aşağı salır”.
Ə.Verdiyev bildirib ki, hazırda əməliyyat şəraiti əsasən ABŞ-ın nəzarətindədir və Hörmüz boğazından keçən gəmilərin hərəkəti tam dayanmayıb:
“Hazırda əməliyyat şəraiti ABŞ-ın nəzarətindədir. İran Hörmüz boğazından keçidlə bağlı müəyyən şərtlər irəli sürür. Amma boğazdan keçən gəmilər və daşınan yüklər var. Əlbəttə, əvvəlki qədər deyil. Bəlkə də faiz nisbətində yarıdan da az hissə daşınır, amma daşınır”.
Hərbi ekspert bəzi hallarda tərəflərin müəyyən qaydaları pozduğunu və bunun qarşılıqlı zərbələrə səbəb olduğunu deyib:
“Burada da vaxtaşırı müəyyən tərəflər müəyyən qaydaları pozurlar. Məsələn, İran tərəfinin hansısa qaydaların pozulmasına cavab verdiyini eşitmişik. ABŞ-ın regiondakı maraqları ilə bağlı da müxtəlif hadisələr baş verir”.
O, Hörmüz boğazında gəmiçiliklə bağlı baş verən son hadisələrə də toxunub:
“İran tərəfi Birləşmiş Ərəb Əmirliklərinin ADNOC şirkətinə məxsus bir gəmini vurub. Buna Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də ciddi reaksiya verib. İki-üç gün ərzində atəş açılmadığı halda, həmin gəminin Hörmüz boğazından keçməyə çalışdığı iddiası ilə vurulması yeni gərginliyə səbəb oldu”.
Ə.Verdiyev vurğulayıb ki, ABŞ-ın hər bir zərbəyə cavab verməsi ehtimalı yüksəkdir:
“Hər bir halda ABŞ tərəfindən hər zərbəyə, o cümlədən bu zərbəyə mütləq cavab verilməsi ehtimalı var. Mən bu gecə cavab zərbəsini gözləyirdim, amma hələlik belə bir hadisə baş verməyib. Bununla belə, heç kim deyə bilməz ki, bu, baş verməyəcək. Çünki adətən belə vəziyyətlərdə cavab zərbəsi endirilir”.