Vaşinqton razılaşması Azərbaycan-Ermənistan sülhünün yolunu açdı

Vaşinqton razılaşması Azərbaycan-Ermənistan sülhünün yolunu açdı
11:32

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş Cənubi Qafqazda sülh prosesinin gələcəyi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Görüş zamanı əldə olunan razılaşmalar və Azərbaycan-Ermənistan sülh sazişinin mətninin paraflanması regionda yeni siyasi reallığın formalaşmasına zəmin yaradıb. Politoloq Turan Rzayev hesab edir ki, Vaşinqton görüşünün əhəmiyyəti yalnız Azərbaycan-Ermənistan münasibətləri ilə məhdudlaşmır.


Turan Rzayev bu barədə News365.az-a açıqlamasında bildirib ki, Vaşinqton görüşünün nəticələrini düzgün qiymətləndirmək üçün 2020-ci ildən sonrakı siyasi proseslərə nəzər salmaq lazımdır:

“2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi görüş yalnız Cənubi Qafqazdakı proseslərə təsir etmədi. Bu görüş bütövlükdə dünya siyasətində də öz təsirini göstərdi”.

Politoloqun sözlərinə görə, Azərbaycan 2020-ci il Vətən müharibəsindən sonra yalnız hərbi nəticələri qorumağa deyil, yeni siyasi gündəliyi formalaşdırmağa çalışıb:

“Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycan-Ermənistan münaqişəsinin hərbi mərhələsi başa çatdı. Lakin müharibənin başa çatması avtomatik olaraq sülhün yaranması demək deyildi. 2020-ci ildən sonrakı dövrün əsas siyasi sualı Azərbaycanın hərbi qələbəni necə davamlı siyasi nizama çevirəcəyi idi”.

T.Rzayev qeyd edib ki, Azərbaycan müharibədən dərhal sonra Ermənistanla sülh müqaviləsinin bağlanması təşəbbüsünü irəli sürüb və bunun üçün beş əsas prinsip təqdim edib:

“Prezident İlham Əliyev müharibədən dərhal sonra Ermənistanla sülh müqaviləsinin bağlanması təşəbbüsünü irəli sürdü və 2022-ci ildə münasibətlərin normallaşdırılması üçün beş əsas prinsip təqdim edildi. Bu prinsiplər qarşılıqlı suverenliyin və ərazi bütövlüyünün tanınmasını, bir-birinə qarşı ərazi iddialarından imtinanı, güc tətbiqindən və güc tətbiqi hədəsindən çəkinməyi, dövlət sərhədinin delimitasiya və demarkasiyasını, kommunikasiyaların açılmasını və digər sahələrdə əməkdaşlığı nəzərdə tuturdu”.

Politoloq vurğulayıb ki, Azərbaycanın sülh gündəliyi mücərrəd çağırışlara deyil, beynəlxalq hüququn əsas prinsiplərinə söykənib:

“Azərbaycan sülh gündəliyini mücərrəd ‘barışıq’ çağırışları üzərində deyil, beynəlxalq hüququn klassik dövlətlərarası prinsipləri üzərində qurdu. Bakının ortaya qoyduğu model münaqişənin tarixçəsini sonsuz şəkildə müzakirə etməkdən daha çox, iki dövlət arasında gələcək münasibətlərin hüquqi-siyasi əsaslarını müəyyənləşdirməyə yönəlmişdi”.

Onun sözlərinə görə, 2023-cü il Azərbaycan-Ermənistan münasibətlərində həlledici dönüş nöqtəsi olub:

“2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra ölkənin bütün ərazisi üzərində suverenliyi bərpa olundu. Bu hadisənin diplomatik əhəmiyyəti hərbi nəticəsindən daha böyük idi. Çünki bundan sonra Azərbaycan-Ermənistan münasibətlərində ‘Qarabağın statusu’ üzərindən qurulan əvvəlki danışıqlar modelinin davam etdirilməsi mümkün deyildi”.

T.Rzayev hesab edir ki, bundan sonra danışıqların əsas predmeti iki suveren dövlət arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına çevrildi:

“Azərbaycanın mövqeyinə görə, ərazi bütövlüyü məsələsi həll olunmuşdu və bundan sonra danışıqların predmeti iki suveren dövlət arasında sülh və dövlətlərarası münasibətlərin qurulması olmalı idi. Beləliklə, Azərbaycan 2020-ci ildə hərbi müstəvidə dəyişdirdiyi reallığı 2023-cü ildə siyasi-diplomatik gündəliyin başlanğıc nöqtəsinə çevirdi”.

Politoloq Azərbaycan-ABŞ münasibətlərinin də Vaşinqton görüşünə qədər yeni mərhələyə daxil olduğunu bildirib:

“Azərbaycan-ABŞ münasibətləri 1990-cı illərdən etibarən enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq kimi istiqamətlərdə mühüm məzmun qazanmışdı. Lakin sonrakı mərhələdə münasibətlərin inkişaf potensialı tam reallaşmadı. Xüsusilə Co Bayden administrasiyası dövründə ikitərəfli münasibətlər Azərbaycan-Ermənistan münasibətlərinin prizmasından həddindən artıq asılı vəziyyətə düşdü”.

T.Rzayevin fikrincə, 2025-ci ildə Donald Tramp administrasiyasının hakimiyyətə gəlməsi Azərbaycan-ABŞ münasibətlərində yeni imkanlar yaradıb:

“Azərbaycanın ərazi bütövlüyünü hərbi yolla bərpa etməsi, Ermənistanın əvvəlki geosiyasi imkanlarının daralması, Türkiyənin regional rolunun güclənməsi, Rusiya-Ukrayna müharibəsinin yaratdığı yeni geosiyasi şərait, Orta Dəhlizin strateji əhəmiyyətinin artması və Zəngəzur istiqamətində kommunikasiya imkanlarının gündəmə gəlməsi regionu tamamilə yeni geosiyasi məzmunla yükləmişdi. Bu reallığı köhnə vasitəçilik mexanizmləri ilə idarə etmək getdikcə mümkün deyildi”.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin 2025-ci ilin avqustunda Vaşinqtona səfəri Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin əsasını qoydu:

“Prezident İlham Əliyevin 7-8 avqust 2025-ci ildə Vaşinqtona işgüzar səfəri bu prosesin kulminasiya nöqtəsi oldu. Ağ Evdə Donald Trampla görüş zamanı iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılmasına dair Anlaşma Memorandumu imzalandı. Eyni zamanda, Tramp 907-ci bölmə ilə bağlı məhdudiyyətin tətbiqindən imtinanın müddətini uzadan qərar imzaladı”.

T.Rzayev hesab edir ki, Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycan-ABŞ münasibətlərinin yalnız yaxşılaşması deyil, mahiyyət etibarilə yeni kateqoriyaya keçməsi deməkdir:

“907-ci düzəliş məsələsi yalnız texniki hüquqi məhdudiyyət deyildi. O, ABŞ-Azərbaycan münasibətlərinin siyasi tarixində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı əvvəlki yanaşmanın simvoluna çevrilmişdi. Bu məhdudiyyətin dayandırılması münasibətlərin yeni mərhələsində köhnə siyasi yükün aradan qaldırılmasına xidmət edən mühüm addım idi”.

Politoloq Vaşinqton görüşündə gündəmə gətirilən TRIPP layihəsinin də strateji əhəmiyyət daşıdığını vurğulayıb:

“Vaşinqton görüşünün ən strateji nəticələrindən biri TRIPP təşəbbüsünün ortaya çıxması idi. Cənubi Qafqazın tarixində nəqliyyat marşrutları heç vaxt sadəcə nəqliyyat məsələsi olmayıb. Bakı üçün TRIPP həm də sülh gündəliyinin iqtisadi dayağıdır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının yaradılması regionun nəqliyyat xəritəsini dəyişmək potensialına malikdir”.

Onun sözlərinə görə, TRIPP layihəsi gələcəkdə Orta Dəhlizin inkişafına və regionun Avropa ilə Asiya arasında əsas bağlantı məkanlarından birinə çevrilməsinə təsir göstərə bilər:

“TRIPP Orta Dəhlizin mühüm hissəsinə çevrilə, Asiya ilə Avropa arasında yükdaşımaları, enerji, elektrik və fiber-optik bağlantılar üçün yeni imkanlar yarada bilər. Göründüyü kimi, Vaşinqtonda təhlükəsizliklə iqtisadiyyat bir-birindən ayrılmadı. Əksinə, biri digərinin təminat mexanizminə çevrildi”.

T.Rzayev 8 avqust 2025-ci ildə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişinin mətnini paraflamasını uzunmüddətli danışıqların nəticəsi kimi qiymətləndirib:

“Bu məqamı ‘ABŞ Azərbaycan və Ermənistan arasında sülh yaratdı’ kimi sadələşdirmək də, ‘ABŞ-ın prosesdə rolu əhəmiyyətsiz idi’ demək də düzgün olmaz. Əsl siyasi mənzərə daha mürəkkəbdir. Azərbaycan sülh gündəliyini formalaşdırdı, Ermənistan həmin prinsiplər əsasında danışıqlara qoşuldu, ikitərəfli danışıqlar nəticəsində mətn razılaşdırıldı, ABŞ isə 2025-ci ildə bu prosesi öz siyasi çəkisi ilə yekunlaşdıran, tərəfləri bir masa ətrafında gətirən və əldə edilmiş nəticəni beynəlxalq səviyyədə görünən siyasi hadisəyə çevirən platformanı yaratdı”.

Politoloq vurğulayıb ki, ABŞ-ın vasitəçi kimi rolu ilə sülh prosesinin siyasi müəllifliyi eyni anlayış deyil:

“Vasitəçinin rolu ilə prosesin siyasi müəllifliyi eyni anlayış deyil. ABŞ tərəflər arasında sıfırdan sülh formulu yaratmaq əvəzinə, artıq yetişmiş siyasi nəticənin əldə olunması üçün yüksək səviyyəli platforma təqdim etdi. 8 avqustda paraflanmış mətnin özü də bunu göstərir”.

T.Rzayev sonda bildirib ki, Prezident İlham Əliyevin Vaşinqton səfərinin əsas məqsədi yalnız keçmiş münaqişənin nəticələrini müzakirə etmək deyil, yaranmış yeni reallığı regional siyasi sistemə çevirmək olub:

“Prezident İlham Əliyev 2025-ci ilin avqustunda ABŞ-a yalnız keçmiş münaqişənin nəticələrini müzakirə etmək üçün getmədi. O, artıq yaranmış yeni reallığın gələcək regional sistemə çevrilməsi üçün getdi. Vaşinqtonda ortaya çıxan nəticələr göstərdi ki, Azərbaycan-Ermənistan münaqişəsinin son mərhələsi artıq tərəflərin atacağı bir imzadan asılıdır”.


Sizin reklam burada
Sizin reklam burada