Bu dünyada ciblərdə metal və kağız pullar daşınmırdı. Burada ən böyük zənginlik insanın yaddaşı idi. Kafedə içdiyin isti şokolad üçün kassirə uşaqlıqda yağan ilk qarın sevincini verməli olurdun. Rahat bir çarpayıda yatmaq üçün ananın sənə gülümsədiyi o beş saniyəlik xatirəni “Xatirə Bankı”na yükləməliydin.
Ən varlılar heç vaxt işləməyən, lakin xoşbəxt uşaqlığı olanlardı. Ən kasıblar isə şəhərin künclərində ruh kimi dolaşan, gözlərində heç bir parıltı qalmayan, öz adlarını belə unudan yaddaşsızlar idi. Bəşəriyyətin ən qorxulu məqamı metal pulların yox olması deyildi; ən dəhşətlisi insanın öz xatirələrini parça-parça satmağa başladığı gün idi. Şəhərin mərkəzində göyə ucalan qara şüşəli nəhəng bina - Xatirə Bankı dayanırdı. Bu, sadəcə bank deyildi, insan hisslərinin kəsimxanası idi. Binanın qarşısında hər gün kilometrlərlə uzanan, səssiz, diri ölülərdən ibarət növbə dayanardı. Heç kim danışmazdı. Çünki danışmaq üçün xatırlamaq lazımdır, onların isə artıq hissləri qalmamışdı. Xatirə Bankının öz qaydaları vardı. Xatirələrini satmaq istəyənlər əvvəl xoşbəxt anlarını, xoş xatirələrini satmalı idilər. Pozitiv xatirələr bitdiyi zaman kədərli, bədbəxt xatirələr satın alınırdı.
Damla növbədə dayanan bir qadını izləyirdi. Qadının qucağında balaca bir uşaq vardı. Soyuqdan titrəyirdi, dodaqları göyərmişdi. Körpəsini isti bir sığınacağa yerləşdirmək və bir qab şorba almaq üçün növbədə idi. Nəhayət, qadının növbəsi çatdı və bank işçisinin qarşısına keçdi. İşçi buz kimi səslə soruşdu:
— Ödəniş üçün hansı xatirəni təklif edirsiniz?
Qadın boğuq səslə pıçıldadı:
— Oğlumun ilk dəfə “ana” dediyi anı… və onun körpəlik qoxusunu.
Sensorlar qadının gicgahlarına bərkidildi. Aparat uğultu ilə işə düşdü. Bir anlıq qadının gözləri böyüdü, bəbəkləri titrədi. Xatirə bənövşəyi işıq dalğası kimi ekranda dalğalandı və şüşə qaba həbs edildi. Sensorlar çıxarılanda qadının gözlərindəki analıq şəfqəti əvvəlki kimi deyildi. O, uşağa baxırdı, amma hissiyatsız idi. Qəbzi götürüb robot addımları ilə uzaqlaşdı. Körpə isə ağlayırdı, amma qadın artıq analıq duyğularını unudan - nəfəs alan bir ət parçası idi. Şəhər belə yaddaşsızlarla dolu idi. Küçələrdə diz çöküb ağlayan, amma niyə ağladığını bilməyən insanlar vardı. Çünki sistem onların kədərinin səbəbini satın almışdı, lakin göz yaşlarını silə bilməmişdi. Digər tərəfdə bir tikə çörək üçün gəncliyinin ilk eşqinin xatirəsini satan qocalar dolaşırdı. Onlar bir-birinin yanından yad kimi keçirdilər, halbuki vaxtilə bir-birləri üçün canlarını verəcək qədər yaxın idilər. Xatirə Bankı insanları ruhsuz qabıqlara çevirirdi. Xatirələrini satmış, yaddaşı talan olunmuş, sadəcə verilən əmrləri yerinə yetirən kölələr… Beləcə yaddaşsızlar ordusu yaranmışdı.
Damla bu dəhşəti hər gün görürdü. O bilirdi ki, əgər o da bir gün qorxulu xatirəsini təslim etsə, bu ordunun bir üzvünə çevriləcək. Onu insan saxlayan tək şey hələ də canını yandıran o ağrılı keçmiş idi. Damlanın cəmi bir parlaq xatirəsi qalmışdı. Sonuncu xoş anını satdıqdan sonra o dəhşətli və bədbəxt xatirəsini satıb, keçmişindən və çəkdiyi əziyyətdən xilas olmaq istəyirdi. O, 12 yaşında ailəsini dəhşətli yanğında itirmidi, ana-atası, bacı-qardaşı o yanğında həlak olmuşdular, Damla isə o yanğından xilas olunmuş və sağ qalmışdı.
Növbə Damlaya çatdı, o sonuncu xoşbəxt xatirəsini - 7 yaşında atasının ona hədiyyə etdiyi taxta gəlinciyin qoxusunu satdı. Aparat xatirəni sovuranda Damlanın beynində həmin an buzlaşdı. Atasının üzünü dumanlı xatırladı, oyuncağın qoxusunu isə tamamilə unutdu. Ürəyində bir az da soyuqluq yarandı. Sonra öz-özünə düşündü, nəhayət sabah gəlib, dəhşətli xatirəmi satıb qurtulacam, duyğusuzlaşacam və acı çəkməyəcəm. Damla xatirələrini satdığı qəbzləri yığırdı, qarşılığında bilet satın alıb bu əyaləti tərk etmək istəyirdi. Səhər açıldı və Damla faciə gününün xatirəsini satmaq üçün Xatirə Bankına yollandı, o nəhayət ki, həmin günün xatirəsini satdı, qəbzi götürüb sürətli addımlarla bilet almağa getdi. Damla sanki, robotlaşmışdı, heç bir duyğu hiss etmirdi, nə sevinci, nə kədəri duya bilmirdi. O qəbzləri təhvil verib, bilet satın aldı və vaqona minib yola düşdü. Damla sanki proqramlaşmışdı, bildiyi bir tək o idi ki, bilet alıb yola düşməli idi, ancaq məqsəd nədir, hara gedir, niyə gedir, anlaqsız idi.
— Vaqonda Damlaya yol yoldaşlığı edən nurani qoca bayaqdan ona baxırdı və onu xeyli izlədikdən sonra asta və qayğıkeş səslə Damlanı səslədi.
— Sən Möcüzəni tapmalısan. Sonsuzluq Qapısının arxasında elə bir xoşbəxtlik var ki, onu tapsan, satdığın bütün xatirələrin geri dönəcək.
— Mən heç nəyi xatırlamaq istəmirəm - Damla vecsizcə cavab verdi.
— Möcüzəni tapsan əmin ol ki, hər şey düzələcək. Sən mənə güvən qızım, əgər Möcüzəni tapmağı bacarsan əbədi xoşbəxtliyi tapacaqsan – deyə qoca Damlanı inandırmağa çalışdı.
— Mən keçmişdən qaçmaq üçün bütün xatirələrimi satmışam, indi heç nə xatırlamıram və belə daha rahatdır, indi nəyə görə xatirələrimi geri qaytarmalıyam ki??
— Bu sualın cavabını sən özün Möcüzəni tapanda biləcəksən – deyə qoca inamlı tərzdə dedi.
Damla bu cavabdan təsirləndi və nədir axı, hardadır axı o dediyin Möcüzə - deyə təəccüblə soruşdu.
Qatar onları dağların zirvəsinə, buludların toxunduğu sirli məkana gətirdi. Göy üzü qızılı rəngdə idi, qarşıda isə gümüşü bəzəkli Sonsuzluq Qapısı dayanırdı. Qapının önündə üzü görünməyən, uzun xalatlı Keşikçi əyləşmişdi. Damla yaxınlaşdı, nəfəsi titrəyirdi:
— Mən Möcüzəni axtarıram.
Keşikçi başını qaldırdı. Onun gözləri yox idi, sanki iki boş ulduz boşluğu idi:
— Qapıdan keçmək üçün ödəniş etməlisən, yolçu.
Damla sarsıldı. Birdən beyninin dərinliyindəki o qara, tikanlı xatirə titrədi.
— Mənim bir xatirəm qalıb. Onu sənə verə bilərəm.
Keşikçi laqeydlıklə:
— Əgər xatirəni satsan keçə bilərsən.
Damla əllərini gümüş qabın üstünə qoydu. Sevdiyi insanın əlini son dəfə tutarkən hiss etdiyi çarəsizlik… onun ruhundan süzülüb qaba axdı. Dizləri üstə çökdü və birdən… hər şey kəsildi, ağrı yox oldu. Qapı gurultu ilə açıldı, içəridən parlaq işıq süzüldü, Damla içəri addımladı. Amma içəridə yalnız ağ, sonsuz bir boşluq vardı. Nə bağ, nə xəzinə, nə də sehrli xoşbəxtlik. O burada bir müddət səssizcə dayandı, sanki həyatı kino lenti kimi gözünün önündən keçdi. Bütün bu yaşadıqlarım ağrısı ilə də, sevinci ilə də mənə məxusdur, hər şeyi qəbullanıb, həyatımı davam etdirməliyəm – deyə düşündü. O ən böyük ağrısını ödəmişdi və bununla sevdiklərini də unutmuşdu. Çünki sevgi ağrının içində gizlənmişdi.
— Yox… pıçıldadı Damla. Mənə ağrımı geri ver! Mən sevdiyim insanların xatirəsini, o ağrının içindəki sevgini geri istəyirəm! Keşikçi sakitcə qabı ona uzatdı və təəcüblü halda:
— İnsanlar həmişə ağrıdan qaçırlar. Amma sən çox ağılısan, anladın ki, ağrını hiss etməyən, xoşbəxtliyi də hiss edə bilməz.
Damla əllərini gümüş qaba toxundurduğu an, o qara və tikanlı xatirə yenidən ruhuna süzüldü. Yanğının alovları, itkinin acısı, o dəhşətli fəryadlar beynində canlandı. Damla acıdan qışqırmaq istədi, gözlərini yumdu. Amma bu dəfə qaçmadı, ağrını bütün varlığı ilə qəbul etdi, onu qucaqladı. Və elə o an, möcüzəvi bir çevrilmə baş verdi. Ruhundakı qaranlıq alovlar büllur kimi parlaq mavi işığa çevrildi. Ağrının altında gizlənən həqiqət üzə çıxdı. Damla dərk etdi ki, insan ağrılarından, keçmişindən yoğrulur və bu xatirələrdən qaçmaq yox, qəbullanıb yola davam etmək lazımdır. Elə bu zaman anasının səsi qulaqlarında səsləndi:
— Yaşa, qızım… Bizim sevgimiz səni qoruyacaq.
Damla anladı ki, illərdir qaçdığı qorxu əslində sonsuz sevginin sübutu idi. Bu hisslərin gücü o qədər böyük idi ki, Keşikçinin qabı bu güclü duyğuya tab gətirməyib parça-parça oldu. Qabın sınması ilə Sonsuzluq Qapısı sarsıldı. Damladan yayılan işıq bütün sistemi dağıtdı. Göy üzünü bəyaz buludlar bürüdü, ölkəyə parıltılı bir “Yaddaş yağışı” yağdı. Hər damla insanların satdıqları xatirələri geri qaytarırdı. Şəhərdə dolaşan yaddaşsızların gözlərinə yenidən həyat işığı doldu. Onlar bir-birlərini tanıyır, analarını, atalarını, uşaqlıqlarını, ilk sevgilərini xatırlayırdılar. İnsanlar yenidən əsl “insan” olmuşdular. Keşikçi yox oldu, yerində nurani qoca göründü. O, gülümsəyərək dedi:
— Əsl möcüzə bu qapının arxasında deyildi, Damla. Möcüzə - kədərindən qaçmayacaq qədər cəsarətli olmağında və o kədərin içindəki sevgini qoruya bilməyindədir. Sən cəsarətinlə və ağlınla ölkəndəki insanları xilas etdin. Nurani qoca gülümsəyərək Damlaya baxıb – “Sən bacardın, Möcüzəni tapdın qızım” deyərək, gözdən itdi.
Damla göz yaşları ilə gülümsədi. Artıq Möcüzəni tapmışdı. Möcüzə qapının arxasında deyil, ömrü boyu qaçdığı o kədərin içində idi. Gözlərində işıq vardı, artıq yaddaşsız deyildi. O, öz xatirələrini geri qaytarmışdı və anladı ki, Möcüzə uzaqlarda deyil - insanın öz içindədir.
Yağış damlaları Damlaya da toxundu. O, xərclədiyi bütün xatirələri geri aldı, atasının taxta oyuncağının qoxusu, uşaqlıqda yağan qarın dadı… Ürəyindəki qara qutu indi rəngbərəng çiçəklərlə dolu bir bağçaya çevrilmişdi. Şəhər artıq boz deyildi, xatirələrin rəngləri ilə işıqlanmışdı. İzdihamın içində o, sevdiyi insan Ayazla qarşılaşdı. İllər öncə yaddaşını itirdiyi üçün onu tanımayan bu gəncin gözləri indi parıldayırdı.
— Mən səni xatırlayıram… Damla - dedi Ayaz, titrək səslə.
Damla donub qaldı. Qəlbi sinəsinə sığmırdı.
— Ayaz…- pıçıldadı.
Yağış onların ən gözəl xatirəsini geri qaytardı - köhnə palıd ağacının altında bir-birlərinə sarıldıqları o saf günü. O vaxt Ayaz ona demişdi:
— Əgər bir gün hər şeyi unutsam belə, ruhum səni tanıyacaq. Çünki səni yaddaşımla deyil, qəlbimlə sevmişəm.
İndi isə həmin qəlb yenidən döyünürdü. Ayaz Damlanın göz yaşını sildi, onu bağrına basdı. Ətrafda insanlar sevinclə rəqs edirdilər.
Ayaz nəvazişlə:
— İndi birlikdə yeni xatirələr yaradacağıq Damlam.
Onlar əl-ələ tutaraq yaddaş yağışının yuduğu, sevgi dolu yeni dünyaya doğru ilk addımlarını atdılar. Sonluq deyildi, onların əsl hekayəsi məhz indi başlayırdı. Damla və Ayaz əl-ələ tutaraq yaddaş yağışının işıqlandırdığı yeni dünyaya doğru addımlayırdılar. İnsanlar öz keçmişlərini geri qaytarır, sevinclə bir-birlərinə sarılırdılar. Damla göy üzünə baxdı, buludların arasından süzülən işıq sanki onlara bir sirr pıçıldayırdı: “Möcüzə, bəlkə də qaçdığın xatirələrin içindədir, kim bilir…”
Məryəm BAĞIROVA