Azərbaycan və Ermənistan vasitəçisiz daha tez razılığa gələ bilər

Azərbaycan və Ermənistan vasitəçisiz daha tez razılığa gələ bilər
10:27

Azərbaycan və Ermənistan arasında sülh prosesində birbaşa təmasların əhəmiyyəti son dövrdə daha da artıb. Tərəflərin üçüncü ölkələrin vasitəçiliyi olmadan birbaşa dialoq qurması prosesin daha operativ və nəticəyönümlü aparılmasına imkan yaradır. Politoloq Rəşad Bayramov hesab edir ki, Azərbaycan uzun müddətdir bu yanaşmanı əsas götürür və son təmaslar bunun düzgün strategiya olduğunu bir daha göstərir.

Rəşad Bayramov bu barədə News365.az-a açıqlamasında danışıb.


“Bu mərhələyə qədər gələn yol kifayət qədər məşəqqətli olub və Azərbaycan faktiki olaraq bütün prosesi idarə edib. Beş baza prinsipindən danışaraq vaxt almaq istəmirəm. Nəticə etibarilə sülh istəyən və sülhlə bağlı layihəni ortaya qoyan tərəf Azərbaycan idi”.

Politoloq bildirib ki, müəyyən mərhələdən sonra Azərbaycan müxtəlif ölkələrin vasitəçiliyindən imtina edərək Ermənistanla birbaşa təmaslara üstünlük verib:

“Proses gəlib müəyyən mərhələyə çatanda Azərbaycan artıq bu və ya digər ölkənin vasitəçiliyindən tamamilə imtina etmişdi. Biz üçtərəfli təmaslar qururduq. Bu görüşlər müxtəlif ölkələrdə keçirilsə də, həmin ölkələrin prosesə birbaşa iştirakı və müdaxiləsi olmadan baş tuturdu”.

R.Bayramovun sözlərinə görə, birbaşa təmaslar Azərbaycan və Ermənistan rəhbərliyinin bir-biri ilə daha rahat və açıq şəkildə fikir mübadiləsi aparmasına imkan verib:

“Bu da onu göstərirdi ki, müxtəlif platformalarda Ermənistanın baş naziri ilə Azərbaycan Prezidenti çox rahat şəkildə təmas quraraq bir-birlərinə fikirlərini açıq şəkildə bildirə bilirlər”.

Politoloq hesab edir ki, Azərbaycan və Ermənistan arasında telefon danışığının baş tutması da məhz birbaşa dialoqun effektivliyini göstərir:

“Bu telefon danışığı faktiki olaraq bir daha sübut edir ki, Azərbaycan hər hansı vasitəçi olmadan öz problemlərini daha tez həll edə bilər. Bu yanaşma həqiqətən də düzgün yanaşmadır və Ermənistan da artıq bunu dərk edir”.

R.Bayramov qeyd edib ki, Ermənistan tərəfinin Azərbaycan Prezidenti İlham Əliyevlə birbaşa əlaqə saxlaması da yeni reallığın göstəricisidir:

“Ona görə də Ermənistan çox rahat şəkildə hər hansı vasitəçiyə ehtiyac duymadan, hətta 8 avqust razılaşmasının imzalanması məsələsində belə, birbaşa Prezident İlham Əliyevə zəng vuraraq bu və ya digər məsələni müzakirə edir. Ən əsası isə Azərbaycanı 8 avqust razılaşması münasibətilə təbrik edir”.


Sizin reklam burada
Sizin reklam burada