Fransada etiraz aksiyalarında 219 nəfər saxlanılıb

Fransada etiraz aksiyalarında 219 nəfər saxlanılıb
14:35

Fransada şənbə günü keçirilən kütləvi etiraz aksiyaları zamanı 219 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

News365.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölkə üzrə təşkil edilən 137 aksiyada ümumilikdə 106 minə yaxın şəxs iştirak edib. Onlardan təxminən 24 mini Parisdə nümayişlərə qatılıb.

Etirazçılar əsasən bahalaşmaya və polisin nümayişçilərə qarşı sərt müdaxiləsinə etirazlarını bildiriblər. Parisdə polis aksiyaların dağıdılması zamanı gözyaşardıcı qazdan istifadə edib. Baş verən qarşıdurmalar nəticəsində xəsarət alanların olduğu qeyd edilir.

Etirazlar sentyabrın ortalarında Parisətrafı ərazilərdə məktəblərdə təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə başlayıb. Sonradan yaşayış xərclərinin artmasından narazı olan vətəndaşlar da nümayişlərə qoşulublar.

Aksiyaların ən geniş miqyası oktyabrın 17-də qeydə alınıb. Həmin gün Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, ölkə üzrə nümayişlərdə təxminən 550 min nəfər iştirak edib. Polis asayişi qorumaq üçün gözyaşardıcı qaz, səs qumbaraları və su şırnaqlarından istifadə edib.

Nümayişçilərin əsas tələbləri sırasında məktəb infrastrukturunun yenilənməsi və qiymət artımının qarşısının alınması yer alıb. Fransa hökumətinin sosial narazılığı aradan qaldırmaq üçün hansı əlavə tədbirləri görəcəyi isə hələlik açıqlanmayıb.


Sizin reklam burada
Sizin reklam burada