Azərbaycanlıların olduğu daha bir gəmiyə hücum edilib.
Hadisə 13 noyabr, axşam saatlarında Sfantu Gheorghe qəsəbəsindən 6,8 dəniz mili (12,6 kilometr) şimal-şərqdə qeydə alınıb.
Rumıniyanın Sulina limanına doğru hərəkət edən Palau bayrağı altında üzən Larissa 1 yük gəmisi pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.
Vurulan gəminin göyərtəsindəki 14 nəfərin 13-ü azərbaycanlı, biri isə türkiyəli olub.
Gəmi kapitanı hücum nəticəsində ekipaj üzvlərindən heç kimin xəsarət almadığını və gəmidə yanğın baş vermədiyini bildirib. PUA-nın zərbəsi nəticəsində gəminin yalnız yük kranına ziyan dəydiyi ehtimal olunur.
Rumıniyanın müdafiə naziri Ştefan-Radu Oprea hadisəni təsdiqləyib. O, texniki ekspertiza və rəsmi araşdırma başa çatmadan PUA-nın haradan buraxıldığı barədə açıqlama verməyəcəyini bildirib.


