Təyyarədəki müəmmalı insident: “Pilotların davası versiyası inandırıcı deyil”

Təyyarədəki müəmmalı insident: “Pilotların davası versiyası inandırıcı deyil”
10:40

Təyyarədə pilotlar arasında baş verdiyi iddia olunan insident və bununla bağlı ziddiyyətli məlumatlar hadisənin səbəbləri barədə müxtəlif ehtimalların ortaya çıxmasına səbəb olub. Təyyarənin təhlükəsiz şəkildə yerə enməsi sərnişinlərin sağlamlığı baxımından əsas məqam olsa da, insidentin hansı səbəbdən baş verdiyi hələ də sual olaraq qalır.

Politoloq Şahin Cəfərli News365.az-a açıqlamasında pilotların havada bir-biri ilə əlbəyaxa olması ilə bağlı yayılan versiyaya şübhə ilə yanaşdığını bildirib.


“Qəribə bir hadisə baş verir. Həqiqətən də pilotların davasından söhbət gedirsə, pilotlar havadaykən niyə bir-biri ilə vuruşmalıdır? Buna inanmaq bir qədər çətindir. Hər halda səbəb bir qədər sonra məlum olacaq. Əsas odur ki, təyyarə yerə enib və sərnişinlər tam salamatdır. Əsas məsələ budur. Digər detallar isə yəqin ki, qarşıdakı saatlarda aydınlaşacaq”, – deyə o bildirib.

Politoloq pilotlar arasında mübahisənin bu həddə çatmasının və nəticədə fövqəladə kodların göndərilməsinin izah edilməli məqamlar olduğunu vurğulayıb.

“Pilotların vuruşması mənə bir qədər inandırıcı gəlmədi. Havadaykən pilotlar arasında nə dərəcədə mübahisə ola bilər ki, böyüsün və onlar bir-birinə yumruq vursunlar? Eyni zamanda həmin vaxt ələ keçirilmə kodu göndərilsin. Bunlar çox ciddi suallardır. Hər halda qarşıdakı saatlarda hadisənin mahiyyətinin nədən ibarət olduğu məlum olacaq. Təyyarənin ələ keçirilməsi versiyası da istisna olunmur”, – Şahin Cəfərli deyib.

O, regionda son günlər yaranmış mürəkkəb vəziyyətin də nəzərə alınmasının vacib olduğunu bildirib.

“Xüsusən bu gün regionda çoxsahəli və mürəkkəb situasiyanın yarandığını nəzərə alsaq, bütün ehtimallara açıq olmaq lazımdır”, – politoloq qeyd edib.

Şahin Cəfərli regiondakı proseslər fonunda İsrail və ərəb ölkələri arasında diplomatik təmasların genişlənməsinə də diqqət çəkib.

“Ötən günlərdə maraqlı bir hadisə də baş verdi. Bilirsiniz ki, İsrailin baş naziri ərəb ölkələrindən birinə – Birləşmiş Ərəb Əmirliklərinə qəfil, əvvəlcədən planlaşdırılmamış səfər etdi. Bu, ayın 27-də, bazar günü baş verdi. Bəzi məlumatlara görə, həmin görüşdə yalnız İsrail və Birləşmiş Ərəb Əmirliklərinin rəsmiləri deyil, Səudiyyə Ərəbistanı, İordaniya, Qətər və Mərakeş nümayəndələri də iştirak edib”, – deyə o bildirib.

Politoloqun sözlərinə görə, bu təmaslar regionda yeni proseslərin formalaşması ehtimalını gündəmə gətirir.

“Bütün bunlar regionda hansısa yeni addımlara və yeni proseslərə hazırlıq mərhələsinin başladığını göstərir. İsraili hələ rəsmi olaraq tanımayan ərəb dövlətləri ilə də dialoq getdikcə genişlənir. Eyni zamanda, Birləşmiş Ərəb Əmirlikləri ilə İsrail arasında hərbi əməkdaşlığın başladığı barədə də məlumatlar var”, – Şahin Cəfərli əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada