Bakı-Tehran münasibətlərində yeni mərhələ: “Balans siyasəti qorunacaq”

Bakı-Tehran münasibətlərində yeni mərhələ: “Balans siyasəti qorunacaq”
11:42

Azərbaycan-İran münasibətlərində son dövrlərdə müşahidə olunan diplomatik təmaslar və qarşılıqlı səfərlər iki ölkə arasında əlaqələrin yeni mərhələyə keçə biləcəyi ilə bağlı müzakirələri artırıb. Baş nazirin müavini Şahin Mustafayevin İrana səfəri çərçivəsində keçirilən görüşlərdə siyasi, təhlükəsizlik və iqtisadi məsələlərin müzakirə olunması da Bakı-Tehran xəttində dialoqun davam etdiyini göstərir.

News365.az xəbər verir ki, politoloq Turan Rzayev Azərbaycan nümayəndə heyətinin İrana səfərini şərh edərkən iki ölkə arasında münasibətlərin inkişaf perspektivlərindən danışıb.


Politoloqun sözlərinə görə, Azərbaycanla İran arasında iqtisadi əlaqələr inkişaf etsə də, siyasi münasibətlərdə vaxtaşırı gərginliklər yaşanıb:

“Ümumiyyətlə, İran ilə Azərbaycan arasında çoxşaxəli münasibətlər var. Xüsusən iqtisadi münasibətlər inkişaf edir. Lakin siyasi münasibətlərdə vaxtaşırı gərginlik, soyuqluq, son zamanlar isə müəyyən mənada yaxınlaşma diqqət çəkir. Rəsmi Bakı Tehranla mehriban qonşuluq və əməkdaşlıqda maraqlıdır. Lakin İrandakı bəzi qüvvələrin Azərbaycanı düşmən görməsi iki ölkə arasında sabit və etimada əsaslanan siyasi münasibətlərin inkişafına imkan vermir”.

Turan Rzayev bildirib ki, Azərbaycanın İranla bağlı siyasətində Tehran üçün təhlükə yaradan hər hansı addım olmayıb:

“İrandakı bəlli dairələr Azərbaycanı özü üçün təhlükə və təhdid hesab edir. Halbuki Azərbaycan nə bu günə qədər İrana qarşı hər hansı siyasi kampaniyada yer alıb, nə də Qərbin iqtisadi sanksiyalarına qoşulub. Hətta ABŞ-la İsrailin İrana hücumları və sonrasında baş verən gərginlikdə belə Bakı tərəfləri sülhə çağırıb, İrana qarşı istənilən hücumu pisləyib”.

“Münasibətlərdə yeni mərhələ”

Politoloq hesab edir ki, Bakı-Tehran münasibətlərinin inkişafında İran Prezidenti Məsud Pezeşkianın mövqeyi mühüm rol oynaya bilər.

“Tehran-Bakı xəttində münasibətlərin inkişafına və gərginliyin azalmasına təsir edəcək əsas faktor isə, şübhəsiz, Prezident Məsud Pezeşkiandır. Onun Prezident İlham Əliyevlə dostluğu və mehriban münasibəti, Azərbaycan ilə əlaqələrin inkişafına verdiyi önəm təqdirəlayiqdir”.

O qeyd edib ki, Azərbaycan və İran liderləri arasında formalaşan münasibətlər ikitərəfli əlaqələrə də təsir göstərir:

“Təsadüfi deyil ki, görüşlərdə ölkə başçıları arasında formalaşmış səmimi münasibətlərin ikitərəfli əlaqələrin inkişafına və birgə layihələrin icrasının sürətlənməsinə çox müsbət təsir göstərdiyi vurğulanıb”.

Turan Rzayev Şahin Mustafayevin İrana səfərinin əsas məqsədlərindən birinin də iki ölkə arasında mövcud məsələlərin müzakirəsi və münasibətlərin daha da möhkəmləndirilməsi olduğunu düşünür:

“Mənə görə, baş nazirin müavini Şahin Mustafayevin İrana səfəri də, hər şeydən öncə, münasibətlərin bəlli bir nizama salınması, açıq qalan sualların cavablandırılması və ən önəmlisi, kənar təsirlər hesabına pozulmağa mübit olan İran-Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsinə hesablanıb. Onu da deyim ki, Şahin Mustafayevin son zamanlar xarici ölkələrə səfərlərində bu xətti tez-tez görmək mümkündür”.

Politoloq səfərin İranın daxili siyasi vəziyyətini yerində qiymətləndirmək baxımından da əhəmiyyət daşıdığını bildirib:

“Mənə görə, səfərin bir digər məqsədi İranın ali rəhbəri Əli Xameneinin ölümündən sonra ölkədə yaranan yeni vəziyyəti yerində görüb, münasibətlərdə ona uyğun atılacaq addımları müəyyən etməkdir. Çünki faktiki olaraq yeni ali rəhbər Müctəba Xamenei ictimaiyyətə görünmür, İrandakı bir çox mühüm şəxs müharibədə həyatını itirib. Yəni, bir sözlə, İranda yeni bir komanda var və bu komanda ilə təmaslar qurmaq, iki ölkə münasibətlərinin inkişafında nələr edilə biləcəyini yerində görmək önəmlidir”.

Turan Rzayevin fikrincə, Bakı bundan sonra da Tehranla münasibətlərdə mövcud balans siyasətini davam etdirəcək:

“Subyektiv yanaşmam belədir ki, Azərbaycanın İrana qarşı siyasəti dəyişməyəcək. Yəni Bakı əvvəlki balans siyasətini qoruyacaq, İranla münasibətlərin inkişafına diqqət yetirəcək. Lakin bununla belə, Tehrandan ehtimal olunan təxribatlara və sərt ritorik üsluba veriləcək cavablarda dəyişiklik olmayacaq”.

Politoloq əlavə edib ki, Azərbaycan öz maraqlarına zidd hesab etdiyi addımlara münasibətdə əvvəlki kimi sərt mövqe nümayiş etdirə bilər:

“Xüsusilə, hər vəchlə özünün təsir qruplarını oyatmağa və yenidən bərpa etmə cəhdlərinə Bakı səssiz qalmayacaq”.


Sizin reklam burada
Sizin reklam burada