1 yanvar 2026-cı ildə Azərbaycana gətirilən hibrid və
elektrik avtomobillərə tətbiq edilən vergi və gömrük rüsumlarının güzşət müddəti
başa çatır. Və bu gün müzakirə olunan məsələlərdən biri də həmin güzəştlərin müddətinin
uzadılıb, uzadılmamasıdir.
Mövzu ilə bağlı News365.az -a danışan Liberal İqtisadçılar Mərkəzinin
sədri Akif Nəsirli deyir ki, Azərbaycanda
hibrid və elektrik maşınlara tətbiq olunan vergi güzəştlərinin ləğv edilməsi
mümkündür:
“Amma bu, müəyyən şərtlərdən və hökumətin siyasətindən
asılıdır. Elektrik maşınlarının və hibrid maşınların idxalı üçün vergi və
gömrük güzəştləri tətbiq olunur. Elektrik maşınları və hibrid maşınlar üçün
mövcud güzəştlərin müddətinin uzadılması istiqamətində təkliflər edilmişdir. Dövlət
büdcəsinin gəlirləri azaldıqda və ya xərclər çoxaldıqda, vergi güzəştləri və
sanksiyaları nəzərdən keçirərək onları azaltmaq və ya ləğv etmək mümkün ola bilər.
Məsələn, elektrik maşınlarının sayı çox artıbsa və bazar
kifayət qədər formalaşıbsa, hökumət düşünə bilər ki, artıq güzəştlər “təşviq” funksiyasını
yerinə yetirib və indi onlar ləğv edilə bilər.
Mümkündür ki, hökumət güzəştləri ləğv etmək əvəzinə onları mərhələli
şəkildə azaldaraq, ya vergi dərəcələrini tədricən artıraraq keçid strategiyası
aparsın.
Əgər istiqamət “ yaşıl iqtisadiyyata keçid ” (green economy)
siyasətində qalırsa, güzəştlər dövlətin strategiyasının bir hissəsidir və ləğv
riski aşağı olar. Əks təqdirdə, prioritetlər dəyişə bilər”.
Müsahibimiz onu da qeyd edib ki, hökumət bu güzəştlərin uzadılması və ya yeni şərtlərlə
davam etdirilməsi haqda qərar verə bilər:
“Güzəştlərin tədricən azaldılması (vergi dərəcələrinin yüksəldilməsi)
— belə ki, tam ləğv yox, amma daha məhdud forma tətbiq edilə bilər.
Tamamilə ləğv — mümkündür, amma bu, maliyyə və siyasət
baxımından ciddi addımdır və ictimai reaksiyalarla da bağlı ola bilər.
Amma hibrit avtomobillərə tətbiq edilən vergi və gömrük güzəştlərinin
aradan qaldılılacağı ehtimalını gücləndirən bir amil də odur ki, Neft Fondundan
transfert ciddi səkildə artmasa da, sonradan büdcənin gəlir və xərclər hissəsinə
müəyyən artımlar əlavə edildi. Həmin artımlar yəqin ki, bu il güzəşt müddəti
bitən vergi və gömrük rüsumları güzəştləri hesabına maliyyələşdiriləcək”.
News365.az