Baş nazir əlilliyi olan şəxslər, müharibə iştirakçıları, şəhid ailələri və digər həssas kateqoriyadan olan vətəndaşların sanatoriya-kurort müalicəsi ilə bağlı qaydalarda dəyişiklik olunması barədə qərar imzalayıb. Yeni qərar bu kateqoriyadan olan vətəndaşların reabilitasiya imkanlarının genişləndirilməsi və tibbi-sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutur.
Məsələ ilə bağlı vəkil Ramil Süleymanov bildirib ki, edilən dəyişikliklərin ən böyük müsbət tərəfi hüquqi mexanizmlərin daha da dəqiqləşdirilməsi və imtiyazlı qruplar üçün müalicə prosesinin əlçatanlığının artırılmasıdır.
Vəkilin sözlərinə görə, sanatoriya-kurort müalicəsi hüququnun olması müsbət hal olsa da, əhalinin böyük qismi – xüsusilə də əlilliyi olan şəxslər bu imtiyazlardan xəbərsizdir:
“Ümumiyyətlə belə imtiyazların mövcudluğu mütləq şəkildə təbliğ olunmalıdır. Əlilliyi olan vətəndaşların bu imkanlardan yararlanmaq hüquqları var. İctimai təşkilatlar, QHT-lər, həmkarlar ittifaqları, əlillik cəmiyyətləri mütləq şəkildə bu kateqoriyaya aid şəxsləri məlumatlandırmalıdırlar”.
Ramil Süleymanov həmçinin qeyd edib ki, bu imtiyazlardan istifadə edənlər var, lakin say məhduddur:
“İstifadə olunur, sadəcə olaraq yer sayı limitlidir. Bu səbəbdən geniş kütləyə çatmır. Kim daha çox məlumatlıdırsa, o da bu imkandan daha çox yararlanır.”
Ekspertin sözlərinə görə, yeni dəyişikliklərin tətbiqi ilə həm məlumatlandırma işinin gücləndirilməsi, həm də daha çox vətəndaşın bu müalicə növünə çıxışının təmin edilməsi gözlənilir./// NOCOMMENT.az