Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman səkkiz ildən sonra Vaşinqtona səfər edib. Onun ABŞ Prezidenti Donald Trampla görüşü zamanı iki ölkə arasında təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi, F-35 qırıcılarının satışı, mülki nüvə enerjisi və milyardlarla dollarlıq ticarət–investisiya sazişləri müzakirə olunub. Trampın Səudiyyə Ərəbistanının “İbrahim sazişi”nə qoşulması və İsraillə münasibətlərin normallaşdırılması istiqamətində apardığı müzakirələr görüşün siyasi çəkisini daha da artırıb.
Politoloq Turan Rzayev News365.az-a bildirib ki, ən diqqətçəkən məqam Səudiyyə Ərəbistanının ABŞ-a 1 trilyon dollarlıq sərmayə yatırmaq qərarıdır.

Onun sözlərinə görə, bu sərmayə yalnız iqtisadi deyil, həm də siyasi məqsədlər daşıyan böyük addımdır. ABŞ iqtisadiyyatına əlavə güc qazandıran bu investisiya, eyni zamanda, Səudiyyənin siyasi və texnoloji mövqeyini möhkəmləndirməyə xidmət edir.
"Sərmayənin arxasında bir neçə hədəf dayanır: birincisi, Səudiyyənin iqtisadiyyatını neft asılılığından qurtarmaq və “Vision 2030” proqramı çərçivəsində yüksək texnologiya, müdafiə və enerji sahələrində iştirak etmək; ikincisi, iki ölkə arasında strateji münasibətləri daha da gücləndirmək; üçüncüsü isə region ölkələrinin Riyadın nüvə proqramı istiqamətindəki addımlarına səs çıxarmamasını təmin etməkdir."
Politoloq vurğulayıb ki, bu, qarşılıqlı maraqların hesablanaraq qurulduğu yeni bir geosiyasi investisiya modelidir: sərmayə qoyan ölkələr öz mövqelərini möhkəmləndirir, qəbul edən ölkə isə iqtisadiyyatını genişləndirir. ABŞ–Səudiyyə münasibətlərində artıq yeni mərhələnin başladığı açıq görünür.
News365.az