Vəhdət Partiyası politoloq Cümşüd Nuriyev barədə bəyanat yayıb.
News365.az xəbər verir ki, bəyanatda bildirilib ki, özünü Vəhdət Partiyası sədrinin müşaviri adlandıran Cümşüd Nuriyev Partiyanın Nizamnaməsini və partiya etikasını kobud şəkildə pozaraq, təşkilatın rəhbər şəxslərindən birinə qarşı qərəzli, kobud paylaşım edib.
“Cümşüd Nuriyev gözdən salma və Partiyanı içdən sarsıtma kompaniyasına rəvac verib. Onun Vəhdət Partiyasının üzvü olmasını və hansı rayon (şəhər) təşkilatında qeydiyyata durmasını müəyyən etmək mümkün olmadı. Aydınlaşandan sonra müvafiq hüquqi prosedur həyata keçiriləcək. Eyni zamanda Baş Məclis mövcud ştat cədvəlini hələ də təsdiq etmədiyindən həmin müşavir vəzifəsi hüquqi statusa malik deyil. Yuxarıdakıları əsas tutaraq, VP Baş Məclinin sədri və müavini, MNTK-nın bütün üzvləri hesab edirlər ki, Cümşüd Nuriyevin Partiyaya vurduğu ziyan dözülməzdir. Partiyada onun hüquqi vəziyyəti aydınlaşana kimi iddia etdiyi vəzifəni icra etməsi qəbuledilməzdir”.
Sənədi Vəhdət Partiyasının Baş Məclisinin sədri Tahir Kərimli, müavini Fəxrəddin Ağazadə, MNTK sədri Etibar Səmədov və üzvləri imzalayıblar.
Pravda.az məsələni araşdırmaq üçün partiyanın sabiq sədri və hazırda Baş Məclisin sədri Tahir Kərimli ilə əlaqə yaradıb.
O, məsələyə aydınlıq gətirib: “Mənim müraciətim əsasında hazırda MNTK Cümşüd Nuriyevlə bağlı işə baxır. Bu adam sosial şəbəkədə məni erməniyə bənzədib. “Kərimlilər haylarla birlikdə” sözünü işlədir, Azərbaycanda ədalətsizlik olduğunu qeyd edir. Təbii ki, çox ciddi ittihamdır. Aydınlaşdırırıq ki, Cümşüd Nuriyev Vəhdət Partiyasının üzvüdür, ya yox. Çünki o özünü partiya sədrinin müşaviri adlandırır. Bizim əlimizdə isə məlumat yoxdur. Haqqında axtarış edirik ki, hansı partiyanın üzvüdür. Necə olub, gəlib bizim içimizə soxulub və belə qarışıqlıq törədir”.