Fermer 20 manat təklif edir, işçi isə 30 manat İSTƏYİR- Kim haqlıdır?

Fermer 20 manat təklif edir, işçi isə 30 manat İSTƏYİR- Kim haqlıdır?
09:39

“Son illər kənd təsərrüfatında müşahidə olunan əsas tendensiyalardan biri fermerlərin yerli işçi qüvvəsi əvəzinə miqrantlara üstünlük verməsidir. Bu meylin səbəbləri ilk baxışda iqtisadi olsa da, onun sosial və demoqrafik nəticələri getdikcə daha aydın görünməyə başlayır. Fermerlər üçün əsas motivasiya amili əməyin maya dəyəridir. Hindistandan və Pakistandan gələn miqrantlar gündəlik 20 manata razı olduqları halda, yerli əhali eyni işi həmin məbləğə görmək istəmir. Nəticədə, sahibkarlar üçün ucuz işçi qüvvəsi tapmaq daha asan olur və bu da kənd təsərrüfatı sektorunda istehsal xərclərini aşağı salır”.

Bunu bölgələrdəki əmək münasibətlərindən danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib. O bildirib ki, bu vəziyyət yerli əmək bazarında balansın pozulmasına gətirib çıxarır:

“Miqrantların axını yerli əhalinin onsuz da aşağı olan məşğulluq imkanlarını bir qədər də daraldır, gəlir fərqini artırır və sosial narazılıq yaradır. Yerli işçilər haqlı olaraq bildirirlər ki, gündəlik 20 manatlıq əməkhaqqı nə real yaşayış xərclərinə, nə də minimum sosial tələblərə cavab verir. Əmək bazarında ədalətli rəqabəti qorumaq məqsədilə vaxtilə gündəlik ödənişin 30 manata qaldırılması təklifi irəli sürülmüşdü. Amma bu ideya sahibkarlar tərəfindən geniş dəstək tapmadı. Fermerlər bu halda məhsulun maya dəyərinin artacağını, bazarda rəqabət qabiliyyətinin zəifləyəcəyini əsas gətirdilər”.

Müsahibimiz qeyd edib ki, problemin başqa tərəfi isə əmək münasibətlərinin qeyri-rəsmi xarakter daşımasıdır:

“Mövsümi və ya daimi işlərdə çalışan miqrantların və yerli əhalinin əksəriyyəti heç bir rəsmi sənəd və ya müqavilə ilə işləmirlər. Bu isə həm onların hüquqlarının müdafiəsini çətinləşdirir, həm də dövlət büdcəsi üçün itkilər yaradır. Sosial sığorta ödənişləri, vergi daxilolmaları və əmək nəzarəti kimi mexanizmlər bu halda kənarda qalır. Uzunmüddətli perspektivdə bu prosesin kənd yerlərinin sosial strukturuna da təsir göstərəcəyi gözlənilir. Əmək bazarında miqrantların payı artdıqca yerli əhalinin təsərrüfat işlərinə marağı azalır. Bu isə kənd təsərrüfatının sosial bazasını zəiflədir və regionlarda sosial gərginliyin dərinləşməsinə səbəb olur”.

Problemin həlli yalnız inzibati tədbirlərlə mümkün deyil.

Akif Nəsirli onu da əlavə edib ki, əmək bazarında balansın qorunması üçün kompleks iqtisadi və sosial yanaşma tələb olunur:

“Məsələnin həlli yalnız inzibati tədbirlərlə mümkün deyil.  Dövlət səviyyəsində mövsümi işlər üçün minimum əməkhaqqı həddi müəyyən edilməli və onun icrasına ciddi nəzarət mexanizmləri yaradılmalıdır. Miqrantların işə cəlb olunması yalnız rəsmi müqavilələr əsasında həyata keçirilməli, iş şəraiti və ödəniş səviyyəsi qanunvericiliyə uyğun tənzimlənməlidir. Eyni zamanda, yerli işçilərin marağını qorumaq üçün fermerlərə əməkhaqqı subsidiyaları və vergi güzəştləri kimi stimullaşdırıcı mexanizmlər tətbiq edilə bilər. Bu həm istehsal xərclərinin artmasının qarşısını alar, həm də yerli əhalinin əmək bazarında mövqeyini gücləndirər. Əks halda, miqrantlara yönəlmiş əmək siyasəti qısa müddətdə iqtisadi cəhətdən sərfəli görünsə də, uzunmüddətli dövrdə sosial narazılıq və bərabərsizlik riskini artıracaq”.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada