ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən ABŞ–Səudiyyə Ərəbistanı İnvestisiya Forumunda çıxışı zamanı Rusiya lideri Vladimir Putinlə keçmiş Qarabağ münaqişəsinə dair telefon danışığından bəhs edib. Tramp həmin dövrdə proseslərə təsir etdiyini və tərəfləri barışdırmaqda xüsusi rol oynadığını iddia edib. Maraqlıdır, Trampın Qarabağ məsələsinin həllində öz rolunu bu qədər qabartması nə ilə izah oluna bilər?
Mövzu ilə bağlı Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, Trampın bu çıxışları daha çox onun şəxsi ambisiyaları ilə bağlıdır:
“ABŞ Prezidenti Donald Tramp təkcə Azərbaycan və Ermənistan arasında vasitəçilik etdiyini demir, həm də ölkələri barışdırdığını, yaxınlaşdırdığını iddia edir. Tramp yaşlı-başlı, biznesmen təcrübəsinə malik insandır. Bir az da narsizmdən əziyyət çəkir, özünə vurğundur. Dünya tarixinə düşmək, iz qoymaq, hətta Nobel mükafatı almaq istəyir. Ona görə imkan düşdükcə gördüyü işləri qabardır.”
Tural Abbaslı qeyd edib ki, ABŞ-də imzalanan sənəd daha çox Zəngəzur razılaşması xarakteri daşıyır və bu, 10 noyabr bəyanatına bənzər məqamları özündə ehtiva edir:
“Əslində söhbət Ermənistan-Azərbaycan sülh müqaviləsindən çox, Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmadan gedirdi. Sadəcə olaraq, ABŞ prezidentinin mediaya çıxışları çox olduğu üçün bu açıqlamalar qlobal gündəmə daha tez düşür.”
Trampın Putinin ona “Biz illərdir bu müharibəni dayandıra bilmirdik, amma siz bacarmısınız” deməsini xatırlatması həm də onun eqosuna oynamaq, həmçinin Rusiya–ABŞ münasibətlərində öz üstünlüyünü göstərmək cəhdi kimi görünür”.
Tural Abbaslı hesab edir ki, Trampın bu mövzuya tez-tez toxunması Azərbaycan üçün müəyyən müsbət nəticələr yaradır:
“ABŞ prezidentinin Qarabağ məsələsində öz rolunu vurğulaması bizə fayda verə bilər. Trampın Azərbaycan prezidentinə şəxsi simpatiyası fonunda ABŞ–Azərbaycan münasibətlərinin əvvəlki administrasiyalarda korlanmış vəziyyətdən çıxmasına nail ola bilərik.”
O, bildirib ki, bu vəziyyət:
• Azərbaycanın ABŞ ilə siyasi münasibətlərini yaxşılaşdıra,
• Regiona ABŞ investisiyalarının artmasına səbəb ola,
• Bakı–Vaşinqton əməkdaşlığını müxtəlif istiqamətlərdə gücləndirə bilər.
Abbaslı yekunda vurğulayıb ki, Trampın açıqlamalarında şəxsi ambisiya payı yüksək olsa da, Azərbaycan üçün yaranan diplomatik imkanlar diqqətdən kənarda qalmalı deyil. /// NOCOMMENT.az