Azərbaycanın pilotsuz texnologiyalara marağı artıq yalnız hava məkanı ilə məhdudlaşmır. Ölkə son illərdə əldə etdiyi hərbi təcrübəni dəniz istiqamətində də tətbiq etməyə başlayır.
Politoloq Turan Rzayev News365.az-a açıqlamasında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın sentyabrın 6-da Hərbi Dəniz Qüvvələrinə səfərini şərh edib.

Politoloqun sözlərinə görə, səfərin diqqətçəkən məqamlarından biri dövlət başçısı və birinci xanımın Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC ilə Türkiyənin “DEARSAN Gəmi İnşaat Sənaye” AŞ-nin birgə istehsalat sahəsində hazırlanan pilotsuz dəniz vasitələri ilə tanış olmasıdır.
T.Rzayev bildirib ki, Prezident İlham Əliyev və Mehriban Əliyeva SALVO (SİDV) silahlı insansız dəniz vasitələri və KAYRA (KİDV) kamikadze insansız dəniz vasitələrinin təyinatı, eləcə də taktiki-texniki xüsusiyyətləri barədə məlumat alıblar.
Politoloq qeyd edib ki, Azərbaycanın pilotsuz sistemlərə marağı yeni deyil. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi və sonrakı antiterror əməliyyatları zamanı pilotsuz texnologiyalar Azərbaycan Ordusunun kəşfiyyat, müşahidə və zərbə imkanlarının artırılmasında mühüm rol oynayıb.
“Azərbaycanın müharibə təcrübəsi pilotsuz texnologiyaların müasir döyüş meydanında nə qədər ciddi üstünlük yarada bildiyini praktik olaraq göstərib. İndi isə Bakı bu təcrübəni dəniz istiqamətinə daşımağa çalışır”, – deyə T.Rzayev vurğulayıb.
Onun fikrincə, Xəzər dənizində hazırda hərbi qarşıdurma təhlükəsinin olmaması Azərbaycanın dənizdən müdafiə imkanlarının inkişaf etdirilməsinin əhəmiyyətini azaltmır.
Politoloq hesab edir ki, strateji obyektlərin, enerji infrastrukturunun və dəniz kommunikasiyalarının təhlükəsizliyinin təmin edilməsi baxımından Hərbi Dəniz Qüvvələrinin imkanlarının artırılması mühüm əhəmiyyət daşıyır.
T.Rzayevin sözlərinə görə, ənənəvi hərbi donanmanın saxlanılması böyük maliyyə və insan resursları tələb edir. Pilotsuz dəniz vasitələri isə daha az şəxsi heyətlə idarə olunmaqla yanaşı, kəşfiyyat, müşahidə və zərbə funksiyalarını yerinə yetirmək imkanına malikdir.
“Belə sistemlər gələcəyin dəniz müharibəsində mühüm rol oynaya bilər. Məhz buna görə Prezident İlham Əliyevin Hərbi Dəniz Qüvvələrində pilotsuz dəniz vasitələri ilə şəxsən tanış olması diqqət çəkir”, – politoloq əlavə edib.
Turan Rzayev səfərin digər diqqətçəkən məqamına da toxunub. O bildirib ki, Türkiyənin “Fənərbağça” klubunun prezidenti Əziz Yıldırım da Hərbi Dəniz Qüvvələrində keçirilən görüşdə iştirak edib. Politoloqun sözlərinə görə, Azərbaycanla birgə innovativ hərbi dəniz vasitələrinin istehsalında əməkdaşlıq edən “DEARSAN” şirkəti Əziz Yıldırıma məxsusdur.
Politoloq vurğulayıb ki, Azərbaycanın əsas məqsədi yalnız hazır hərbi vasitələri əldə etmək deyil, həm də müasir texnologiyaların ölkə daxilində istehsalını və inkişafını təmin etməkdir.
Onun fikrincə, SALVO və KAYRA kimi sistemlərin yerli istehsal imkanlarının yaradılması Azərbaycan Ordusunun ehtiyaclarına uyğun texnologiyaların formalaşdırılması baxımından əhəmiyyətlidir.
“Bu gün hava məkanında pilotsuz sistemlər döyüş meydanının ayrılmaz elementinə çevrilibsə, gələcəyin dənizlərində də pilotsuz vasitələrin rolunun sürətlə artacağı gözlənilir. Azərbaycan da Xəzərdə bu istiqamətdə indidən müvafiq addımlar atır”, – deyə T.Rzayev bildirib.
News365.az