“Azərbaycan təhdidləri yalnız öz gücü ilə aradan qaldırdı”
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov News365.az-a açıqlamasında bildirib ki, Rusiya tərəfinin mövqeyi təmkinli və səviyyəli olmalıdır. Onun sözlərinə görə, Rusiya Prezidentinin çıxışlarında birbaşa Azərbaycanı hədəf göstərməməsi və diqqətli davranması önəmlidir.
Deputat vurğulayıb ki, BMT Nizamlaməsinin birinci maddəsi hər bir ölkəyə təhlükəsizliyini təkbaşına və ya digər ölkələrlə birlikdə təmin etmək hüququ verir. “Yəni kimsə başqa ölkənin səhv hesabına öz təhlükəsizliyini təmin etməməlidir”, – deyə B.Məhərrəmov qeyd edib.
O əlavə edib ki, bölgədə təhdid mənbəyi olmadığı halda kənar müdaxilələr qaçılmaz deyil. Ermənistan öz gücü hesabına bölgədə təhdid yaratmayıb, lakin arxasında dayanan qüvvələr ona dəstək göstərib. “Belə vəziyyətdə təcavüzə məruz qalan tərəf öz imkanları ilə müdafiə olunmalıdır”, – deyə deputat bildirib.
Bəhruz Məhərrəmov Azərbaycan nümunəsini göstərərək vurğulayıb ki, ölkə öz gücü və imkanları hesabına bütün təhdidləri aradan qaldırıb.