Gələcəkdə robotların insanın yerini tutmasından narahatlıq var. Halbuki bu artıq baş verib. Elə sahələr var - məsələn, Azərbaycan mətbuatı - tamamilə robotların ixtiyarındadır.
News365.az xəbər verir ki, bu sözləri yazıçı Cavid Ramazanov deyib.
O bildirib ki, bu gün mətbu orqanlardakı, yaxud sosial şəbəkələrdəki əksər mətnləri oxuyanda, adama elə gəlir, hamısını bir nəfər yazır.
“O "bir nəfər" robotdur - Chat GPT. Bir ucdan türkcə və azərbaycancanın qarışığından ibarət yazı buraxır, "müəlliflər" də bu horranı götürüb öz adlarından yayırlar. Mətn insan ruhunun inikasıdır - müəllifin ifadə tərzini, intellektual miqyasını, yaradıcı əziyyətini əks etdirir. Normalda bir müəllif özünəməxsus mətn üslubuna malik olmaq istəyər. Vaxtilə Azərbaycan mətbuatında beləydi, bir müəllifi durğu işarələrindən belə tanımaq olardı. Bu gün yazanların isə səsi, sifəti və ruhu yoxdur. Zehni əziyyət çəkməyin dərdindən ruhlarını robotun mexaniki fəaliyyətiylə dəyişiblər. Yəni müəllif kimi doğulmadan ölüblər. Xəyali başdaşlarına da Chat GPT-nin loqosu həkk olunub”.