Ombudsmanın illik məruzəsinin tam mətni yayımlanıb

Ombudsmanın illik məruzəsinin tam mətni yayımlanıb
13:49

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzənin tam mətni nyayımlanıb.

New365.az xəbər verir ki, Ombudsman il ərzində ona ünvanlanmış müraciətlərin araşdırılması, milli preventiv və müstəqil monitorinq mexanizmi fəaliyyətləri çərçivəsində həyata keçirilən başçəkmələr və monitorinqlər, aparılan müşahidələr, qanunvericiliyin, habelə mediada və sosial şəbəkələrdə dərc edilən məlumatların təhlili nəticəsində, habelə sosial dövlət prinsiplərindən irəli gələrək insan hüquq və azadlıqlarının daha effektiv təmini və müdafiəsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi, müsbət təcrübələrin tətbiqi, institusional koordinasiyanın gücləndirilməsi və dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması məqsədilə aşağıdakıları təklif edir: 


- insan hüquq və azadlıqlarının təmini, müdafiəsi və təşviqi sahəsində həyata keçirilmiş islahatların məntiqi davamı olaraq müasir çağırışlara, yeni dövrün tələblərinə və mövcud prioritetlərə uyğun, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın, hüquq müdafiə sisteminin və idarəetmənin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi, bu istiqamətdə beynəlxalq və regional əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə növbəti illər üçün insan hüquqları sahəsində Milli Fəaliyyət Proqramının hazırlanıb qəbul olunması;


- ölkəmizdə biznesin inkişafı istiqamətində həyata keçirilən islahatları, bu sahədə qəbul edilən proqram, plan və strategiyaları, BMT-nin “Biznes və insan hüquqları üzrə rəhbər prinsiplər”ini və “Biznes və insan hüquqları üzrə Milli Fəaliyyət Proqramlarına dair Təlimat”ını, eləcə də bu sahədə xarici ölkələrin müsbət təcrübəsini nəzərə alaraq, biznes fəaliyyətinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının təmini, korporativ sosial məsuliyyətin təbliği və tətbiqi ilə sahibkarların ölkənin sosial iqtisadi həyatında daha fəal iştirakına şərait yaratmaq, bu sahədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinə nail olmaq məqsədilə “Biznes və insan hüquqları üzrə Dövlət Proqramı”nın hazırlanıb qəbul olunması; 


- müasir çağırışlar, xüsusən də informasiya texnologiyalarının sürətlə inkişafı və süni intellektin həyatın bütün sahələrinə nüfuz etməsi insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində yeni yanaşmaların tətbiqini zəruri etdiyindən, bu sahədə prioritet istiqamətlərin müəyyən edilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, rəqəmsal texnologiyalardan, süni intellektdən düzgün istifadə, rəqəmsal savadlılıq və məlumat təhlükəsizliyi mədəniyyətinin inkişaf etdirilməsi üzrə maarifləndirici proqramların həyata keçirilməsi; 


- əmək pensiyasının minimum məbləği artırılarkən məbləğindən asılı olmayaraq həmin artıma qədər təyin edilmiş bütün pensiya məbləğlərinin müvafiq artıma mütənasib və ya müəyyən olunmuş məbləğdə (və ya faiz nisbəti ilə) artırılması;


- əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilməsinin pensiyaçının səhvindən baş vermədiyini, bu halın müvafiq qurumun fəaliyyətində olan funksional nöqsanlarla bağlı olduğunu, habelə sonrakı tutulmaların əmək pensiyaçısının sosial vəziyyətini ağırlaşdırdığını nəzərə alaraq, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin əmək pensiyaçısından tutulması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsində nəzərdə tutulmuş müddətin 1 ilə azaldılması (hazırda bu tutulmanın son 3 il üçün aparılması nəzərdə tutulur);


- dövlət qulluğunda azı 35 il iş stajı olan şəxslərin güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər siyahısına daxil edilməsi və bununla əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq dəyişikliklərin edilməsi;


- pensiya yaşına az qalmış işsiz şəxslərin məşğulluğunun təmin edilməsi sahəsində səmərəliliyin artırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”nın 1.2-ci bəndində həmin şəxslərə münasibətdə nəzərdə tutulmuş iki il müddətin beş il müddətlə əvəz edilməsi, habelə çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həmin bənddə himayəsində üç və ya daha çox uşağı olan şəxslərin də nəzərə alınması ilə bağlı dəyişikliklərin edilməsi; 


- minimum istehlak səbətinin tərkibinə və miqdarına yenidən baxılması və real ehtiyaclara uyğunlaşdırılması;


- “Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli, 118 saylı Qərarında internet xidmətlərindən istifadə haqqının mövcud internet tarifləri nəzərə alınmaqla (saatlıq tariflərin olmaması nəzərə alınmaqla) yenidən müəyyənləşdirilməsi və həmin Qərara müvafiq dəyişikliklər edilməsi;


- Ombudsmana ünvanlanan şikayətlər üzrə aparılan təhlillərin nəticələrinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndində nəzərdə tutulan müddətlərə müvafiq dəyişikliklər edilməklə azaldılması və aşağıdakı məzmunda verilməsi:


“1.5.1. şəxsin eyni xəstəliklə son 3 (üç) ay müddətində fasiləsiz və ya son 6 (altı) ay müddətində fasilələrlə ümumilikdə 3 (üç) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması;”;


- əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə həkim-məsləhət komissiyaları tərəfindən rəsmiləşdirilmiş göndərişlərin bir çox hallarda “natamam” hesab edilməsinin qiymətləndirmə prosesində çətinliklərə və əlillik təyinatının müəyyən müddət gecikməsinə, habelə vətəndaşların təkrar müraciət etmək məcburiyyətində qalmalarına səbəb olduğunu, nəticə etibarilə hüquqların operativ və effektiv təmin olunmasına maneələr yaratdığını nəzərə alaraq, əlilliyin qiymətləndirilməsi prosesində iştirak edən qurumlar arasında koordinasiyalı və qarışılıqlı etimad prinsipinə əsaslanan fəaliyyətin təmin olunması, qiymətləndirmə prosedurlarının sadələşdirilməsi;


- infrastruktur obyektlərinin, yaşayış binalarının layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınması, o cümlədən istismarda olan infrastruktur obyektlərinin və yaşayış binalarının, habelə ictimai nəqliyyatın, əsasən də metro stansiyalarının əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılması xüsusi əhəmiyyət kəsb etdiyindən, layihələndirmə standartlarının yenilənməsi, tikinti prosesində müyəssərlik tələblərinə nəzarətin gücləndirilməsi, istismarda olan obyektlərin müyəssərlik baxımından monitorinqinin aparılması, çatışmazlıqların müəyyən edilməsi və onların aradan qaldırılması, habelə metro və digər nəqliyyat vasitələrinin əlçatanlıq komponentləri ilə təmin olunması üzrə konkret fəaliyyət mexanizmlərinin hazırlanması və tətbiqi, əlilliyi olan şəxslər və onları təmsil edən ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının bu fəaliyyətə cəlb edilməsi;


- görmə qabiliyyəti məhdud olan şəxslərin imzasının hüquqi cəhətdən tanınması və imzalanma zamanı üçüncü şəxsin iştirakı tələbinin aradan qaldırılması məqsədilə bu şəxslərin “ASAN imza” vasitəsilə sənədləri səsli interfeys və ekran oxuyucu dəstəyi ilə oxuyub təsdiqlənməsinə imkan verən və ya digər əlçatan imzalama mexanizminin hazırlanması və tətbiqi; 


- “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın tələblərinə uyğun olaraq əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəliklərin icrasının daha səmərəli təmin edilməsi, ölkənin sosial inklüzivlik siyasətinin gücləndirilməsi, milli qanunvericiliyin təkmilləşdirilməsi və ölkəmizin inklüziv cəmiyyət quruculuğunda beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsi məqsədilə Qlobal Əlillik İnklüzivliyi üzrə Əmman - Berlin Bəyannaməsinə qoşulması;


- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yaratdığı müvafiq yerli komissiyanın özünüməşğulluğa cəlb edilmə barədə qərarının işsiz və işaxtaran şəxsin elektron kabinetinə yerləşdirildiyi, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərildiyi tarixdən hesablanmaqla əmlakın verilməsi barədə müqavilənin bağlanılmasınadək müddətin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”na dəyişikliyin edilməsi;


- özünüməşğulluğun təşkili prosesi tam başa çatanadək (əmlak təhvil verilənədək) işsiz şəxslərə, xüsusən də bir sıra hallarda həmin şəxslərin müvafiq əmlakla təmin olunması prosesinin bir ildən artıq müddətə uzandığını nəzərə alaraq, onların məşğulluğun digər formasından yararlanması və ya ünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması məqsədilə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi; 


- özünüməşğulluğun təşkili ilə bağlı gecikmə və süründürməçilik hallarının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli, 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”nda işsiz və işaxtaran şəxslərə özünüməşğulluq istiqamətinin seçilməsi və biznes-planların hazırlanmasında yardım göstərilməsi məqsədilə təlimlərin hansı müddətdə keçirilməli olması barədə məlumatın dəqiq müəyyən edilməsi və bununla bağlı həmin Qaydaya dəyişikliklər edilməsi; 


- Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri nəzərə alınaraq, ağır şəkərli diabet və ya dağınıq skleroz xəstəliklərindən əziyyət çəkən, habelə öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulması səbəbindən əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərə münasibətdə qısaldılmış iş vaxtının tətbiqi ilə bağlı həmin Məcəllənin 91-ci maddəsinə müvafiq dəyişikliklərin edilməsi; 


- xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla, işçilərin fiziki və psixoloji sağlamlığının təmin edilməsi, ailə və sosial həyat tarazlığının qorunması (ailə münasibətlərinə, uşaqların tərbiyəsinə, ictimai fəaliyyətə daha çox zaman ayrılmasına şərait yaradılması), habelə əmək məhsuldarlığının yüksəldilməsi məqsədilə həftəlik və günlük iş normalarına yenidən baxılması;


- işçilərin əmək və istirahət hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 116-cı maddəsinə müvafiq dəyişikliklər edilməklə, işçiyə əmək stajı on beş ildən iyirmi ilədək olduqda 6 təqvim günü, iyirmi ildən çox olduqda isə 8 təqvim günü müddətində əlavə məzuniyyətin verilməsi barədə müddəaların əlavə edilməsi;


- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə “İş yerində psixoloji təzyiq (mobbinq)” adlı yeni maddənin əlavə edilməsi və bununla bağlı hüquq münasibətlərinin həmin maddədə ümumiləşdirilməsi;


- Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə (Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası) işçinin iş yerində təkrar psixoloji zorakılığa (mobbinq) məruz qalması hallarında əmək müqaviləsinin işçi tərəfindən birtərəfli qaydada ləğv edilə bilməsi ilə əlaqədar dəyişikliyin edilməsi;


- işçilərin əmək hüquqlarının təmin edilməsində səmərəliliyin artırılması və sui-istifadə hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3 və 3-1-ci maddələrində “ləğv edilə bilər” sözlərinin “ləğv edilir” sözləri ilə əvəz edilməsi;


- 60 yaşdan yuxarı olan şəxslərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsi ilə təsbit edilmiş əmək müqaviləsinin ləğv edilməsi qadağan edilən işçilərin və halların siyahısına daxil edilməsi;


- lisenziyasız və qeyri-ixtisaslı şəxslər tərəfindən tibbi xidmətlərin (xüsusilə də, stomatoloji, plastik-cərrahiyyə və s.) göstərilməsinin qarşısının alınması məqsədilə nəzarət tədbirlərinin gücləndirilməsi;


- əhalinin sağlamlıq hüququnun effektiv şəkildə həyata keçirilməsi məqsədilə regionlarda ixtisaslaşdırılmış tibbi xidmətlərin əlçatanlığının təmin edilməsi və bununla da səhiyyə infrastrukturunun ölkə üzrə balanslı şəkildə təşkili, habelə ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi;


- həssas əhali qruplarının - uşaqların, ahılların, əlilliyi olan şəxslərin və aztəminatlı ailələrin yaş, sağlamlıq vəziyyəti, sosial statusu və xüsusi ehtiyacları nəzərə alınmaqla ilkin tibbi yardım, evdə tibbi xidmət, ixtisaslaşmış müalicə, dərman preparatları ilə təminat, psixoloji yardım və tibbi reabilitasiyanı əhatə edən xidmətlər şəbəkəsinin genişləndirilməsi və bu xidmətlərə maneəsiz çıxışın təmin olunması, elektron səhiyyə sisteminin təkmilləşdirilməsi və hamıya əlçatan olması, icbari tibbi sığorta sisteminin səmərəliliyinin artırılması və xidmət keyfiyyətinin davamlı monitorinq mexanizmləri ilə dəstəklənməsi;


- Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı”nın və “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydasının təsdiq edilməsi haqqında” 13 may 2005-ci il tarixli, 87 saylı Qərarının yeni elmi-tibbi biliklərin tətbiqi ilə bağlı son illər aparılan hərtərəfli təhlil və qiymətləndirmələr, habelə bu sahədə müsbət təcrübələr (məsələn, Türkiyə təcrübəsində şəkərli diabet tip 1 xəstələri üçün vizual test-çubuqlarının aylıq norması 150 ədəd müəyyən edilir) nəzərə alınmaqla müasir dövrün tələblərinə uyğunlaşdırılması;


- “Kənd yerlərindəki tibb müəssisələrinə tibbi kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2009-cu il tarixli Qərarı” ilə nəzərdə tutulan maliyyə təminatlarının dövrün sosial-iqtisadi tələblərinə uyğun yenidən nəzərdən keçirilməsi;


- narkomaniya və toksikomaniyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə gənclər arasında maarifləndirmə və profilaktik proqramların şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi, risk qrupları üçün nəzərdə tutulan psixoloji və sosial dəstək proqramlarının beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi, bu sahədə qurumlararası koordinasiyanın daha da gücləndirilməsi;


- əhalinin psixi sağlamlığının təmin olunması və ağır psixi pozuntuların inkişaf riskinin azaldılması, psixi pozuntulardan əziyyət çəkən şəxslərə əlçatan, keyfiyyətli və kompleks yardımın göstərilməsi üçün əlverişli şəraitin yaradılması, onların hüquq və mənafelərinin qorunması, sosial müdafiəsinin təmin edilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə Psixi Sağlamlıq Sahəsində Milli Strategiyanın qəbul edilməsinin sürətləndirilməsi;


- reabilitasiya xidmətləri göstərən özəl mərkəzlərin xüsusi razılıq əsasında fəaliyyət göstərməsi və bu fəaliyyətə müntəzəm nəzarətin təmin edilməsi;


- sosial şəbəkələr üzrə aparılan monitorinqlərin nəticələrindən irəli gələrək, psixi sağlamlıq sahəsində yardım göstərmək hüququ olmayan şəxslər tərəfindən internet və sosial şəbəkələr vasitəsilə müvafiq seans və məsləhət xidmətlərinin göstərilməsinin qarşısının alınması üzrə mexanizmlərin işlənib hazırlanması; 


- onkoloji xəstəliklərin müalicəsində istifadə olunan dərman preparatlarının spektrinin genişləndirilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 19 iyul tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı”nın müasir tələblərə uyğun olaraq yenidən işlənilməsi; 


- uşaq bağçalarının sayının artan əhali və ailə sayına uyğunlaşdırılması, habelə bu müəssisələrə əlçatanlığın təmin edilməsi; 


- ölkəmizdə orta təhsilin icbari olduğunu və tədris proqramlarında dərsliklərlə yanaşı, digər çalışma və köməkçi vəsaitlərdən komplekt şəkildə istifadə edilməsinin nəzərdə tutulduğunu diqqətə alaraq, şagirdlərə həmin vəsaitlərin dövlət hesabına verilməsi;


- tədris proqramının ağır olmasının, bu səbəbdən də dərs vəsaitlərinin və onun komplektlərinin çoxluğunun xüsusən ibtidai siniflərdə təhsil alan şagirdlərin çantalarının artıq yüklənməsinə və nəticədə onların sağlamlıq vəziyyətinə, fiziki inkişafına neqativ təsir göstərdiyini nəzərə alaraq, tədris proqramının optimallaşdırılması, eyni fənn üzrə bir neçə əlavə vəsait əvəzinə inteqrasiya olunmuş, daha yığcam tərtibatlı dərs materiallarından istifadə edilməsi, rəqəmsal resurslardan istifadənin genişləndirilməsi və bununla əlaqədar təhsil müəssisələrində maddi-texniki bazanın gücləndirilməsi, şagirdlərin gündəlik istifadə etmədikləri vəsaitləri məktəbdə saxlaya bilmələri üçün dolabların quraşdırılması; 


- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 22 iyun tarixli 212 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı Normaları”nın 4-cü bəndinə əsasən, ibtidai təhsil səviyyəsinin bir sinfində şagird sayının 10 nəfərdən az olması halında, həmin sinfin ibtidai təhsil səviyyəsinin şagird sayı 10 nəfərdən az olan digər bir sinfi ilə birləşdirilərək komplektləşdirilməsi zamanı ayrı-ayrı yaş qrupları və təhsil səviyyələri arasında tədris prosesinin təşkilində yaranan problemlər, habelə təhsilin keyfiyyətinə və təhsilalanların proqram materiallarını mənimsəmələrinə neqativ təsirləri nəzərə alınaraq, bununla bağlı normalara yenidən baxılması, təhsilalanların dövlət təhsil standartlarına uyğun bilik və bacarıqlara yiyələnməsini təmin etmək məqsədilə həmin təhsil müəssisələrində müəllim sayının artırılması;


- insan həyatı və ya sağlamlığı üçün xüsusi əhəmiyyətini nəzərə alaraq, məktəbəqədər, orta və ali təhsil müəssisələrində qidanın keyfiyyətinə, təhlükəsizliyinə və rasionuna diqqətin artırılması, yetkinlik yaşına çatmayanlar üçün qəbul edilməsi qadağan olunan və ya məqsədəmüvafiq hesab edilməyən qida məhsullarının satışına nəzarətin gücləndirilməsi; 


- şagirdlərin təhsil müəssisəsinə gediş-gəlişinin asanlaşdırılması məqsədilə Bakı şəhəri ərazisində tətbiq olunan “Məktəbli avtobusları” pilot layihəsinin növbəti tədris ilindən etibarən daha da geniş tətbiqinin planlaşdırılmasını nəzərə alaraq, xidmətlə bağlı ödəniş məbləğinə ölkə üzrə yaşayış minimumu nəzərə alınmaqla yenidən baxılması;


- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2025-ci il tarixli Qərarından irəli gələrək ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrin əmək qabiliyyətini müvəqqəti itirməsi (xəstəlik, karantin və digər səbəblərdən) ilə əlaqədar fənn üzrə auditoriya saatlarının 25%-dən çoxunda iştirak edə bilmədiyi hallarda, müvafiq tibbi arayışa əsasən həmin tələbələrin imtahanlara buraxılmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na, 2013-cü il 26 dekabr tarixli 354 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na və 2022-ci il 9 mart tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili Qaydası”na müvafiq dəyişikliklərin edilməsi;


- “Büdcədən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli, 61 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaq bağçalarının nümunəvi ştatı”na (1 №-li əlavə) və “Körpələr evi-uşaq bağçalarının nümunəvi ştatları”na (2 №-li əlavə) “uşaq psixoloqu” ştatının əlavə edilməsi; 


- şəhid ailəsinin üzvlərinin təhsil hüququnun təmin olunması ilə bağlı səmərəliliyin artırılması məqsədilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrində təhsil alanlara münasibətdə müəyyən edilmiş 23 yaş məhdudiyyətinin artırılması;


- ölkə üzrə mövcud kitabxana fondlarının vahid rəqəmsal sistemə inteqrasiyasının təmin edilməsi, hər bir şəxsin kitabxana resurslarına onlayn və bərabər çıxış imkanının yaradılması, habelə maliyyə və insan resurslarından daha səmərəli istifadə edilməsi, idarəetmə və texniki xərclərin optimallaşdırılması məqsədilə vahid mərkəzləşdirilmiş milli kitabxana platformasının yaradılması; 


- Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 222.7-ci maddəsinə və “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.5-ci maddəsinə yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanmasının istisna halları göstərilmədən qadağan edilməsi ilə bağlı dəyişikliyin edilməsi;


- “Uşaq hüquqları haqqında” Konvensiyanın tələblərindən irəli gələrək Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 123-2-ci maddəsinə cinsi zorakılığın qurbanı olan uşağa aid istintaq materiallarının cinayət prosesinin iştirakçıları tərəfindən yayılmasını qadağan edən müddəanın əlavə edilməsi;


- Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 192.3-cü və 197.1-ci maddələrinə uşaqların hüquq və mənafeləri ilə bağlı mübahisələrin həlli zamanı mübahisə ilə mənafelərinə toxunulan uşaqların fikrinin öyrənilməsi və yetkinlik yaşına çatmayan şahidin dindirilməsi zamanı psixoloqun iştirakının təmin olunması ilə bağlı dəyişikliklərin edilməsi;


- Ombudsmanın Konstitusiya Qanunu ilə müəyyən edilmiş mandatı çərçivəsində “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizmi funksiyasını həyata keçirdiyini nəzərə alaraq,  Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na:


“Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizmi funksiyası ilə bağlı yeni 1.3-1-ci bəndin əlavə edilməsi;


6.5-ci bəndə Ombudsmanın nümayəndəsinin iştirakına dair əlavənin edilməsi;


Qaydanın 1.3-cü bəndinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikasının Baş Prokurorluğunun əlavə olunması. 


- zorakılığı təbliğ edən halların müəyyən edilməsi və qarşısının alınması məqsədilə ölkəmizdə uşaqların daha çox istifadə etdikləri sosial şəbəkə, platforma və internet saytları, o cümlədən televiziya proqramları, filmlər və oyunlar üzrə davamlı monitorinqlərin aparılması, bu yaşda olan şəxslərin psixikasına, sağlamlıq durumuna və davranışına mənfi təsir edə biləcək halların müəyyən edilməsi və məhdudlaşdırıcı tədbirlərin görülməsi, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi; 


- informasiya texnologiyalarının inkişafı ilə bağlı mövcud yeniliklər və müasir tələblər nəzərə alınmaqla, “Haqq ödənilməklə göstərilən informasiya xidmətlərinin Siyahısı”nın, “İnformasiyanın hazırlanıb təqdim olunmasına görə ödəniş Qaydaları”nın, “İnformasiyanın haqqı qabaqcadan ödənilməklə təqdim edilmə halları”nın, “Ödəniş zamanı edilə biləcək güzəştin Şərtləri”nin və “Müqavilə yolu ilə informasiya sorğusunun təmin edilmə Şərtləri və Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 iyul 2012-ci il tarixli, 158 saylı Qərarının yenidən işlənilməsi;


- “İnformasiya əldə etmək haqqında” Azərbaycan  Respublikası Qanununun 9.3.1-ci maddəsinin hazırkı mətni fiziki şəxslərə özləri barədə fərdi məlumatların təbii inhisar subyektlərindən informasiya sorğusu əsasında əldə etmək imkanını məhdudlaşdırdığından, həmin maddəyə müvafiq dəyişikliyin edilməsi və maddənin mətninə “fiziki şəxslərə özləri barədə fərdi məlumatların” sözlərinin əlavə edilməsi;


- “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” Konvensiyaya dəyişiklik edilməsi haqqında Protokolun (CETS No. 223) (108+ Konvensiyası) ratifikasiya edilməsi;


- informasiya və kommunikasiya texnologiyalarından istifadə edərək fərdə və ya bir qrup şəxsə və ya hüquqi şəxsə qarşı texniki və ya mənəvi zərər vermə ilə nəticələnən davranışlara hüquqi qiymət verilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə “Kiber zorakılıq”la bağlı müddəaların daxil edilməsi;


- müasir informasiya texnologiyalarının istehlakçı hüquqlarına təsirinin davamlı monitorinqinin aparılması, qanunvericiliyin, xüsusilə də “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Elektron ticarət haqqında” Azərbaycan Respublikası qanunlarının və digər normativ hüquqi aktların müsbət beynəlxalq təcrübə əsasında müasir tələblərə uyğunlaşdırılması, istehlakçıların hüquqlarının qorunmasına dair maarifləndirici materialların hazırlanması və hədəf qrupları üzrə birgə maarifləndirmə tədbirlərinin keçirilməsi;


- istilik təchizatı xidmətləri ilə bağlı tariflərin istehlakçının mənzilinin ümumi sahəsinə görə deyil, faktiki istilik verilən sahəsinə görə hesablanması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli, 303 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə Qaydaları”nın 9.5.1-ci bəndinə müvafiq dəyişikliklərin edilməsi; 


- xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla ictimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə münasibətdə güzəştlərin tətbiq olunması;


- Bakı şəhərində ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması, bununla da şəhər mərkəzinə şəxsi avtomobillərin axınının minimuma endirilməsi məqsədilə müasir standartlara cavab verən avtobusların sayının artırılması (o cümlədən, say tutumu çox olan ikimərtəbəli avtobusların alınması məsələsinə baxılması), intensivlik nəzərə alınaraq intervalların minimuma endirilməsi (bəzən bu müddət 10-20 dəqiqədən artıq olur), sürücülərin peşəkarlıq səviyyəsinə və etik davranış qaydalarına riayət etmələrinə nəzarətin gücləndirilməsi, hava şəraitinə uyğun olaraq avtobuslarda havalandırmanın mütləq qaydada təmin edilməsi (avtobuslarda nəfəslik və pəncərələrin açılmaması, eyni zamanda havalandırma sisteminin qoşulmaması sərnişinlərin sıx olduğu vaxtlarda, hətta havaların soyuq keçməsinə baxmayaraq “havasızlıq”la bağlı haqlı narazılığa səbəb olur), habelə avtobuslara minib-enmə qaydalarının sıxlıq vaxtı avtobusların və sərnişinlərin kifayət qədər gecikməsinə səbəb olduğunu nəzərə alaraq həmin qaydaların təkmilləşdirilməsi; 


- Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 13-1.1-ci maddəsinə müvafiq dəyişikliklər edilməklə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər sahəsi 1 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla) 1 faizindən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilməsinin müəyyən olunması; 


- “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 saylı Qərarının 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan cinayət mühakimə icraatı zamanı tərcüməçi, mütəxəssis və ya ekspert tərəfindən görülən işlər üçün müəyyən edilmiş (0,35 manat) məbləğə yenidən baxılması;


- bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkilik hallarının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 233.2-ci (Təqsirləndirilən şəxsin dindirilməsi) maddəsində təqsirləndirilən şəxsin təxirəsalınmaz hallar istisna olmaqla, yalnız gündüz vaxtı dindirilməsi ilə bağlı müddəanın, dindirmə zamanı cinayət prosesinin digər iştirakçılarına da şamil edilməsi ilə əlaqədar həmin Məcəlləyə müvafiq dəyişikliklərin edilməsi; 


- Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin otuzuncu fəslində əks olunan “kompüter sistemi” və “kompüter məlumatları” terminlərinin müasir informasiya texnologiyalarının inkişaf səviyyəsinə tam cavab vermədiyini nəzərə alaraq, həmin fəslin “elektron informasiya sistemləri”, “elektron informasiya platformaları”, “süni intellekt texnologiyaları”  və digər müasir tələblər əsasında təkmilləşdirilməsi; 

 

- yaşayış yeri özgəninkiləşdirildikdə yeni mülkiyyətçi tərəfindən həmin ünvana əvvəllər qeydiyyata götürülmüş şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının məhkəmədənkənar sadələşdirilmiş mexanizminin (yeni mülkiyyətçinin ərizəsi əsasında) tətbiqi ilə bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq dəyişikliyin edilməsi; 


- bəzi hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin maddi vəziyyətinin vəkillə müqavilə bağlayacaq səviyyədə olmadığını, həmçinin bəzi cərimə növündə inzibati tənbeh tədbirlərinin məbləğinin vəkillə müdafiə olunmaq üçün səmərəsiz nəticələrə (vəkilin xidmətindən istifadəyə görə ödənişlər müvafiq cərimə məbləğini üstələyə bilir) gətirib çıxardığını nəzərə alaraq, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərin zərər çəkmiş şəxslərlə bərabər müdafiə imkanlarını təmin etmək məqsədilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxslərin məhkəmədə yaxın qohumunu nümayəndə qismində təyin edə bilməsi ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 65.1-1-ci maddəsinə müvafiq dəyişikliyin edilməsi;


- “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 14.3-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşına şəxsiyyət vəsiqəsinin on gün müddətində verilməsi və ya dəyişdirilməsinin ödənişsiz əsaslarla həyata keçirilməsi məqsədilə həmin qanunun 14.3-2.1-ci maddəsinə müvafiq dəyişikliyin edilməsi;


- təhsil hüququnun ayrı-seçkiliyə yol verilmədən zamanında reallaşdırılması və bununla da bərabərlik hüququnun təmin edilməsi məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci (Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) maddəsində qiyabi təhsilalma formasında təhsil alan şəxslərə münasibətdə də çağırışa möhlət verilməsi ilə bağlı müvafiq dəyişikliyin edilməsi;


- intizam qaydasında həbs edilmiş və hauptvaxtda saxlanılan əsgərlərin (matrosların) və çavuşların yataq və sair təminatlarının və hüquqlarının hauptvaxtda saxlanılan zabitlər, gizirlər (miçmanlar), habelə cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) hərbi qulluqçular üçün nəzərdə tutulmuş təminatlar və hüquqlarla bərabərləşdirilməsi;

 

- “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün hərbi qulluqçularına (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) şamil olunması;


- hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onlara ərzaq üçün ödənilən aylıq pul kompensasiyasının məbləğinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli, 118 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi”ndəki ərzaq məhsullarının aylıq dəyərinə uyğunlaşdırılması;


- hərbi qulluqçulara (müddətli həqiqi hərbi qulluqçular istisna olmaqla) tutduqları vəzifəyə, habelə hərbi rütbələrə görə ödənilən pul təminatının məbləğinin artırılması;


- real vəziyyət, habelə mənzil kirayəsində qiymət artımı nəzərə alınaraq, hərbi qulluqçulara müvəqqəti mənzil kirayəsi üçün müəyyən edilmiş pul kompensasiyasının məbləğinin artırılması; 


- Ombudsmanın ünvanına daxil olan müraciətlərin təhlilindən irəli gələrək, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə xidmətini bu və ya digər səbəblərdən başa vura bilməyən kadr zabitlərinə, dövlət tərəfindən onların təhsilinə çəkilən xərclərin müvafiq müddət üzrə hesablanaraq onlardan dövlət nəfinə geri ödənilməsi şərti ilə öz arzularına uyğun ehtiyata buraxılması qaydalarının işlənib hazırlanması;


- Birinci Qarabağ müharibəsindən Vətən müharibəsinin başlanmasınadək olan müddətdə Respublikamızın ərazi bütövlüyü uğrunda baş vermiş döyüş əməliyyatlarında (2016-cı ilin aprel döyüşlərində, 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində və digər hərbi toqquşmalarda), həmçinin 2023-cü ildə keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin statusuna aydınlıq gətirilməsi;


- şəxs müddətli həqiqi hərbi xidmətdə olduğu müddətdə onun uşaqlarına ödənilən müavinətin məbləğinin ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğunlaşdırılması; 


- “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 14.8-1.5-ci maddəsinə hərbi xidmət vəzifələrini (xidməti vəzifələrin) yerinə yetirərkən aldığı xəsarətlər, travma və yaralanma nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin də əlavə edilməsi; 


- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 23-cü maddəsində “Əsgər, matros və çavuş vəzifələrində olan qadın hərbi qulluqçular üçün bu Nizamnamənin 22-ci maddəsində nəzərdə tutulan, “e” (baş əsgər (baş matros) hərbi rütbəsi vermək) , “ə” (müddətindən artıq xidmət çavuşlarına ştat üzrə tutduqları vəzifə üçün müəyyən edilmiş rütbədən bir pillə yuxarı rütbə vermək) və “i” (müddətli xidmət əsgərlərinə, matroslarına və çavuşlarına (ali hərbi məktəblərin kursantlarından başqa) məzuniyyət yerinə gedib-qayıtma vaxtı nəzərə alınmadan 10 sutkayadək qısamüddətli məzuniyyət vermək) bəndləri istisna edilməklə, həvəsləndirmə tədbirlərinin tətbiqi barədə müddəası bərabərlik hüququnun təmini baxımından ziddiyyət yaratdığından, bu istisna halların aradan qaldırılması ilə bağlı həmin Nizamnaməyə müvafiq dəyişikliyin edilməsi; 


- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsinə tutulmuş və həbs edilmiş hərbi qulluqçuların haupvaxta qəbul edildiyi andan 24 saat müddətində tibbi müayinədən keçirilməsi və bu barədə müvafiq qeydlərin aparılmasını nəzərdə tutan müddəanın əlavə edilməsi; 


- Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.3.1-ci maddəsinin tələblərinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəqiq prosessual mexanizmlərlə təsbit olunması və qeyd olunan sahədə funksional problemlərin aradan qaldırılması, bununla da həm şəxslərin sərbəst hərəkət hüququnun əsassız məhdudiyyətlərdən qorunması, həm də hüquq-mühafizə orqanlarının fəaliyyətində ziddiyyətli təcrübələrin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə zəruri əlavə və dəyişikliklərin edilməsi;


- yetkinlik yaşına çatmayan məhkumların, habelə xüsusi ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş məhkumların ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edə bilmələri üçün mexanizmin hazırlanması;


- müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslərin Ombudsmana əlçatanlığının təmin edilməsi və hüquqlarının daha etibarlı müdafiəsinin təşkili məqsədilə həmin şəxslər üçün qanunvericiliklə müəyyən edilmiş telefonla danışmaq hüquqları ilə yanaşı, Ombudsmanın Çağrı Mərkəzi ilə əlaqə saxlamaları üçün onlara əlavə telefon danışığı hüququnun qanunvericiliklə təsbit edilməsi; 


- törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakteri nəzərə alınmaqla, məhkum edilmiş şəxslərin cəza çəkdikləri müddət ərzində ixtisas və peşə bacarıqlarına uyğun olaraq müvafiq sahələrə cəlb olunmaları (peşəsi ilə bağlı cinayət əməlinə görə məhkum edilməyibsə), onların bilik və bacarıqlarından səmərəli qaydada istifadə edilməsi, bununla da həmin məhkumların islah prosesinin effektivliyinin artırılması üzrə tədbirlərin görülməsi; 


- “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda həbs edilmiş şəxslərin bu Qanunla nəzərdə tutulmuş qaydada və hallarda yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə videogörüş keçirmək hüququnun təsbit olunması; 


- cəza çəkdikləri müəssisələrdə cərimə təcridxanasına keçirilən məhkumların bu səbəbdən telefon danışığı hüququnun məhdudlaşdırılması və ailə üzvlərinin bununla bağlı məlumatlarının olmaması ilə əlaqədar yaranan narahatlıqların aradan qaldırılması məqsədilə barəsində belə intizam tənbehi tətbiq edilən şəxslərin yaxınlarına məlumat verilməsi ilə bağlı müddəanın qanunvericiliklə müəyyən edilməsi və Penitensiar Xidmətin Qaynar Xəttinin bu istiqamətdə effektiv fəaliyyətinin təmin edilməsi;


- penitensiar müəssisələrdə sıxlıq probleminin tibbi xidmətlərə çatımla bağlı neqativ təsirlərinin aradan qaldırılması məqsədilə, xüsusən də istintaq təcridxanalarında saxlanılan şəxslərin sayının çox olması nəzərə alınaraq, həm tibbi heyət, həm də dərman və digər tibbi ləvazimatların müəssisənin saxlanma limitinə deyil, saxlanılan şəxslərin faktiki sayına uyğunlaşdırılması;


- Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş məhkumun xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi haqqında məsələyə o cümlədən Ombudsmanın təqdimatı əsasında baxılması ilə bağlı həmin Məcəllənin 511.2-ci maddəsinə müvafiq dəyişikliklərin edilməsi; 


- cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə ilə bağlı məsələyə, habelə Ombudsmanın vəsatəti əsasında baxılmasına dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə zəruri dəyişikliyin edilməsi; 


Göstərilənlərlə yanaşı, Ombudsmanın fəaliyyətinin effektivliyinin artırılması, mandatının BMT Baş Assambleyasının 20 dekabr 1993-cü il tarixli Qətnaməsi ilə qəbul edilmiş Paris Prinsiplərinə tam uyğunlaşdırılması məqsədilə, habelə Azərbaycan Ombudsmanının “Türk Dövlətləri Parlament Assambleyasının üzv dövlətlərində Ombudsman təsisatları” mövzusunda keçirilmiş Türk Dövlətləri Parlament Assambleyasının (bundan sonra - TÜRKPA) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının 12-ci iclasında qəbul edilmiş “TÜRKPA üzv dövlətlərində ombudsman təsisatları” üzrə 28 aprel 2025-ci il tarixli Tövsiyə Qərarının müddəaları nəzərə alınaraq aşağıdakılar təklif olunur: 


- Ombudsmanın qanunvericiliyin təkmilləşdirilməsi sahəsində fəaliyyətinin effektivliyinin əhəmiyyətli dərəcədə artırılması, yeni normativ hüquqi akt layihələrinin vaxt itkisinə yol verilmədən, operativ qaydada qanunvericilik orqanına təqdim edilməsi, bununla da hüquq və azadlıqların daha səmərəli müdafiəsinə nail olunması məqsədilə xarici ölkələrin müsbət təcrübəsi də nəzərə alınmaqla Ombudsmanın “qanunvericilik təşəbbüsü hüququ”nun təsbit olunması;


- qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Ombudsmanın parlamentlə əməkdaşlığının əhəmiyyətindən irəli gələrək, onun insan hüquqları ilə bağlı qanun layihələrinin Azərbaycan Respublikasının Milli Məclisində müzakirəsində iştirak etməsi və rəy bildirməsi hüququnun qanunvericiliklə təsbit edilməsi;


Ombudsman Aparatının strukturunun təkmilləşdirilməsi və fəaliyyətinin daha effektiv təşkili məqsədilə aşağıdakılar təklif olunur:


- Konstitusiya Qanunun 1.3-1 (Müstəqil monitorinq mexanizmi mandatı) və 13-3-cü (Müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsinin xüsusiyyətləri) maddələrinin tələblərini nəzərə alaraq, habelə Konstitusiya Qanunun 1.3-cü (“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarət mandatı) və 13-1-ci (İnformasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılmasının xüsusiyyətləri), eləcə də “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri, xüsusən də 8, 15, 34, 36 və 38-ci maddələrinin müddəaları nəzərə alınmaqla “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 27-ci bəndinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 205-1.1 və 375-ci maddələrinin əlavə edilməsi ilə aşağıdakı redaksiyada verilməsi:



“27. Məcəllənin 205-1.1, 371 - 374, 375, 381.2, 381.3 və 554-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili adından - İnsan hüquqları üzrə müvəkkil, onun Aparatının rəhbəri, Aparat rəhbərinin müavini, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili, onun Aparatının rəhbəri, Aparat rəhbərinin müavini.”; 


- Ombudsmanın, habelə onun milli preventiv və müstəqil monitorinq qruplarının qanuni fəaliyyətinə mane olmağa görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 554-cü maddəsi ilə nəzərdə tutulmuş sanksiyanın Ombudsmanın insan hüquqlarının müdafiəsi üzrə ali konstitusion mandatının əhəmiyyətini tam ehtiva etmədiyini, çəkindirici və qabaqlayıcı təsir baxımından effektiv olmadığını,  habelə digər inzibati xətalar üzrə tətbiq olunan sanksiyalarla müqayisədə qeyri-proporsional olduğunu nəzərə alaraq həmin maddə ilə nəzərdə tutulmuş cərimə məbləğinin artırılması;


- rəqəmsallaşma proseslərinin sürətlə inkişafı və elektron informasiya resurslarına artan tələbat nəzərə alınaraq, Ombudsman Aparatında illər ərzində formalaşmış insan hüquqları kitabxanasının hər bir şəxs üçün əlçatanlığının səmərəli təşkili, bununla da insan hüquqları sahəsində resurslara bərabər və operativ çıxış imkanlarının genişləndirilməsi, xüsusilə regionlarda yaşayan vətəndaşlar, eləcə də distant qaydada araşdırma aparan istifadəçilər üçün bu məlumatlardan effektiv istifadə imkanlarının yaradılması məqsədilə Ombudsman Aparatında insan hüquqları üzrə elektron kitabxananın təşkili üçün müvafiq maliyyə dəstəyinin göstərilməsi;


- Konstitusiya Qanununa edilən dəyişikliklərə əsəsən Ombudsmana BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Uşaq hüquqları haqqında” konvensiyalarının həyata keçirilməsi, habelə bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizmi funksiyasının verilməsini, həmçinin dövrün yeni çağırışlarını nəzərə alaraq, Ombudsman Aparatının kadr və maddi bazasının gücləndirilməsi, müasir texnologiyaların tətbiqi üçün əlavə maliyyə dəstəyinin verilməsi.



Sizin reklam burada
Sizin reklam burada