Cəmiyyətimizin rola girən "vicdanı"

Cəmiyyətimizin rola girən "vicdanı"
14:07

Son illərdə Azərbaycan ictimai məkanında baş verən müzakirələrə diqqətlə baxanda qəribə bir ritm hiss olunur: bir mövzuda hamı eyni vaxtda danışmağa başlayır, eyni mövzunu eyni intonasiya ilə təkrarlayır, eyni “həssaslıq” dalğasına qoşulur. Dünən ədəbiyyat, bu gün siyasət, sabah televiziya. Mövzu dəyişir, amma ssenari dəyişmir.

Bir vaxtlar Əkrəm Əylislini n "Daş yuxular"ı ətrafında qoparılan fırtınanı xatırlayaq. Romanın özü ədəbiyyat hadisəsi kimi yox, “xəyanət” etiketi ilə dövriyyəyə buraxıldı. Oxuyan az idi, danışan çox. Şəxsən onu müzakirə edənlərin bəzilərinə romanın məzmunu barədə test suallar verdim, məlum oldu ki, romani oxumayıb, amma alovli vətənpərvər kimi onu tənqid edirdi. Mətni müzakirə edənlərdən daha çox, mətni mühakimə edənlər meydana çıxdı. Ədəbiyyatın taleyi tribunalara həvalə olundu. Bir az sonra oxşar ritorika başqa ünvanlara yönəldi – məsələn, Ramiz Mehdiyev haqqında xəyanət diskursu formalaşdı. Yenə eyni ton, eyni ittiham forması, eyni kollektiv coşqu.
Bu gün isə növbə televiziyalardadır.
Televiziya məkanında bayağı verilişlər, səviyyəsiz müzakirələr, süni qalmaqallar yeni deyil. Onlar 30 ilə yaxındır ki, efirin ayrılmaz hissəsidir. Tamaşaçı bunu görürdü, bilirdi, amma ya susurdu, ya da kanalı dəyişirdi. İndi isə birdən-birə ümummilli bir narazılıq dalğası yaranıb. Sanki görünməz bir dirijor çubuğunu qaldırıb və orkestr eyni anda səslənməyə başlayıb.
Sual budur: niyə indi?
Əgər problem doğrudan da estetik, etik və intellektual səviyyə ilə bağlıdırsa, bu etiraz niyə illərlə yığılıb qalmışdı? Niyə bayağılıq normaya çevriləndə susurduq, amma normanın özü müzakirə mövzusuna çevriləndə danışmağa başladıq? Bu paradoks cəmiyyətin daxili mexanizmini açır.
Azərbaycan cəmiyyətinə bütöv bir orqanizm kimi baxanda o, həqiqətən də mahir aktyoru xatırladır. Lazım olanda “incimiş ziyalı” roluna girir, lazım olanda “qəzəbli vətəndaş”, lazım olanda isə “susqun müşahidəçi”. O, nə tam pişikdir, nə də şir. O, rol ustasıdır. Lazım olanda "pişir", lazım olanda "şır" olur. Onun əsas "istedad"ı mövqedə yox, transformasiyadadır.
Bu aktyorluq qabiliyyəti haradan gəlir? Uzun illər boyu formalaşmış uyğunlaşma instinktindən... Cəmiyyət özünü qorumaq üçün rollara bölünüb. Hər kəs öz payına düşən maskanı taxır. Maskasız qalmaq təhlükəlidir - çünki maska həm qoruyur, həm də məsuliyyəti kollektivləşdirir. Kütlə içində danışmaq asan, təkbaşına danışmaq çətindir. Təkbaşına fərqli danışanların və hətta, fərqli düşünənlərin aqibəti hamıya bəllidir.
Bu yeknəsəklik insanı boğur. Çünki fərdi düşüncə kollektiv reaksiyanın səs-küyündə itib gedir. Sən televiziyaya baxmırsan, etirazını səssiz boykotla bildirirsən, amma birdən-birə hamının eyni mövzuda qəzəbləndiyini görürsən. Bu qəzəbin spontan yox, sinxron olduğunu hiss edirsən. Elə bil hamıya eyni vaxtda “başlayın” deyilib.
Burada əsas problem təkcə televiziya deyil. Problem düşüncənin mərkəzləşdirilməsidir, mövzuların dövriyyəyə buraxılması və geri çağırılması prosesidir. İctimai diqqət sanki projektor kimidir: hara yönəldilirsə, ora baxırıq. Projektor sönəndə isə həmin məsələ nəyinki aktuallığını, hətta mövcudluğunu itirir.
Ən təhlükəlisi isə budur ki, cəmiyyət artıq həssaslığını yox, reaksiyasını idarə edir. Həssaslıq daxildən gəlir, reaksiya isə çox vaxt kənardan stimullaşdırılır. Həssaslıq vicdanın səsidir, reaksiya isə çox zaman ssenarinin tələbi kimi qəbul edilir.
Belə bir yazı rəsmi mediada dərc olunsa, yəqin ki, “ziyalılar” meydana çıxar. “Cəmiyyətə artist demək olarmı?” sualı ətrafında yeni bir müzakirə başlayar. Bəlkə də müəllif “təəssüf doğuran ümumiləşdirməyə” görə qınanar. Amma bu qınaq da növbəti rol olmazdımı? Növbəti səhnə, növbəti replika, növbəti tamaşa?
Əsl problem ondadır ki, biz artıq tamaşanı reallıqdan ayıra bilmirik. Televiziyadakı şou ilə ictimai diskurs arasındakı sərhəd silinib. Hər şey performansa çevrilib: qəzəb də, vətənpərvərlik də, ziyalılıq da, hətta etiraz da...
İndi bəlkə də ən böyük cəsarət rol oynamamaqdır, mövzu barədə “icazə veriləndə” yox, içindən gələndə danışmaqdır. Kütləvi coşqunun pik nöqtəsində yox, sükutun ortasında mövqe bildirməkdir. Çünki həqiqi mövqe səhnə üçün yox, vicdan üçün formalaşır.
Cəmiyyət aktyor olmaqdan imtina etmədikcə, hər yeni mövzu onun üçün yeni rol olacaq. Ssenarilər dəyişəcək, dekorasiyalar yenilənəcək, amma mahiyyət eyni qalacaq: sinxron reaksiya, kollektiv intonasiya, fərdi düşüncənin sükutu.
Bəlkə də ən ağrılı sual budur ki, biz doğrudan da dəyişmək istəyirik, yoxsa sadəcə növbəti rola hazırlaşırıq?

Akif Nəsirli, Liberal İqtisadçılar Mərkəzinin sədri


Sizin reklam burada
Sizin reklam burada