Pensiya ilə bağlı daha bir VACİB AÇIQLAMA: Təqaüdün hesablanmasını və konkret məbləği...

Pensiya ilə bağlı daha bir VACİB AÇIQLAMA: Təqaüdün hesablanmasını və konkret məbləği...
12:30

Azərbaycanda sosial təminat sistemi milyonlarla vətəndaşın gündəlik həyatına birbaşa təsir göstərən ən həssas sahələrdən biridir. Xüsusilə, pensiya təminatı insanların illərlə formalaşdırdığı əmək kapitalının nəticəsi olduğu üçün bu sahədə şəffaflıq və aydınlıq məsələsi daim aktual olaraq qalır.

Son illərdə pensiya sistemində müəyyən islahatlar aparılsa da, vətəndaşların pensiyalarının necə hesablanması, hansı meyarların tətbiq olunması və fərqli məbləğlərin hansı əsaslarla müəyyənləşdirilməsi ilə bağlı sualları hələ də gündəmdədir.  

Mütəxəssislər hesab edirlər ki, şəffaflıq yalnız hüquqi mexanizmlərlə deyil, eyni zamanda güclü informasiya siyasəti ilə də təmin olunmalıdır. Çünki söhbət insanların dolanışığından, sosial sabitliyindən və dövlətə olan etimadından gedir.

Bəs Azərbaycanda pensiya sistemində şəffaflığın artırılması üçün hansı konkret addımlar atılmalıdır?  

Mövzu ilə bağlı Konkret.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, ilk növbədə vətəndaşların pensiyaların hesablanma qaydaları barədə daha dəqiq və anlaşıqlı informasiya əldə etməsi təmin olunmalıdır.

Deputatın sözlərinə görə, bunun üçün kütləvi informasiya vasitələrindən geniş istifadə vacibdir:

“Pensiyaların necə hesablandığı, hansı vətəndaşa niyə konkret məbləğin təyin olunduğu açıq televiziya, sosial şəbəkələr və digər platformalar üzərindən izah edilməlidir. Şəffaflıq təmin olunarsa, vətəndaşın sualı da azalacaq. Hər kəs sadə və kiçik bir sorğu vasitəsilə öz pensiyası haqqında dəqiq məlumat əldə edə bilməlidir”.  

Fazil Mustafa qeyd edib ki, son illərdə sistemdə müəyyən islahatlar aparılıb və ciddi addımlar atılıb. Lakin pensiya məsələsi vətəndaşların ən həssas mövzularından biri olduğuna görə bu sahədə informasiya təminatı daha da gücləndirilməlidir.

Onun fikrincə, pensiya kapitalının formalaşması və xərclənməsi ilə bağlı məsələlər də daim diqqətdə saxlanılmalı, mövcud problemlər kompleks şəkildə həll edilməlidir:  “Bu, insanların dolanışığı üçün ən vacib dövlət gəlirlərindən biridir. Ona görə də şəffaflıq maksimum səviyyədə təmin olunmalı, heç kimin aydınlanmamış sualı qalmamalıdır”.

Deputat vurğulayıb ki, pensiya sistemində etimadın möhkəmləndirilməsi üçün açıq informasiya siyasəti əsas prioritetlərdən biri olmalıdır.


Sizin reklam burada
Sizin reklam burada