İran İsrail qarşıdurması neftin bahalaşmasına səbəb oldu. Neftin qiyməti daha nə qədər bahalaşa bilər? Bunun dünya iqtisadiyyatına təsiri nədir?
Bu sualların cavabını News365.az-a Milli Məclisin deputatı Məşhur Məmmədov verib. Deputat bildirib ki, İran-İsrail müharibəsi beynəlxalq iqtisadiyyata zərər vuracaq. Müharibənin uzanması dəyə biləcək zərəri də böyüdəcək:
“Bu müharibənin dünya iqtisadiyyatı üçün yaratdığı əsas təhlükə neftin bahalaşmasıdır. Hələ ki, 7 faizə qədər bahalaşma baş verib. Həftə sonuna qədər 13 faiz bahalaşmanın olacağı gözlənilir. Müharibənin daha da uzanması neftin qiymətinin 100 dolları keçməsinə səbəb ola bilər. Bu da dünya iqtisadiyyatına mənfi təsir göstərəcək”.
Millət Vəkili qeyd edib ki, hörmüz boğazı bağlanılmasa belə müharibə neft daşınmalarında çətinliklər yaradacaq. Bu da neftin daşınma xərclərinin artmasına dolayı yolla neftin bahalaşmasına gətirib çıxaracaq. Məşhur Məmmədov neftin qiymətinin bahaşlmasının mənfi təsirlərindən danışıb:
“Bir çox materialların tərkibində neft məhsulları var. Daşınma məsələsində isə neftin rolu əvəzedilməzdir. Neft həm xam mal kimi, ham yanacaq kimi, həm də kimyəvi maddələr kimi bütün iqtisadiyyata təsir edir. Neftin bahalaşması bir çox malın bahalaşacağı deməkdir. Bu da bütün dünyada infilyasiyanın artmasına gətirib çıxaracaq. Nəticədə dünya yeni iqtisadi böhranla üzləşə bilər. Məhz belə hallar yaşanmasın deyə Azərbaycan daim münaqişələrin sülh yolu ilə həllinin tərəfdarı olur. Tərəfləri məsələni sülh yolu ilə həll etməyə çağırır”.