İranda baş
verən savaş region dövlətləri üçün yalnız hərbi deyil, həmçinin iqtisadi
baxımdan da təsirsiz ötüşməyə bilər.
Bəs,
müharibənin Azərbaycan iqtisadiyyatına hansı təsirləri ola bilər?
Məsələ ilə
bağlı Millət vəkili Vüqar Bayramov özünün sosial səhifəsində yazıb ki, Azərbaycan
ilə İran arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki ilə nisbətən cüzi dəyişərək
644 milyon dollara olub:
“2024-cü ildə
bu göstərici 647 milyon dollar idi. Rəqəmlər ölkələr arasındakı ticarət əlaqələrinin
kiçik göstəricilər ilə ifadə olunmadığını göstərsə də, dövriyyənin strukturu fərqli
təəssürat yaradır. Belə ki, ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İrandan
idxaldır. 2025-ci ildə 644 milyon dollarlıq dövriyyənin 624 milyonu İrandan
idxal hesabına formalaşıb. Yəni, ümumi ticarət dövriyyəsinin cəmi 3 faizi Azərbaycanın
İrana ixracıdır. Azərbaycanın İrana ixracatı cəmi 20 milyon dollar olub. Bu isə
o deməkdir ki, ötən il İranla ticarətdə 604 milyon dollarlıq mənfi saldomuz
yaranıb.
Deməli, İran
ilə ticarət əlaqələrimizdə illər üzrə mənfi saldomuz var. Yəni, İran Azərbaycan
ilə ticarət əlaqələrindən daha çox qazanır. Bu isə o deməkdir ki, İran ilə
ticarət əlaqələrində texniki çətinliklər davam etsə bunun Azərbaycan ixracatına
hər hansı xüsusi təsiri olmayacaq. İllər üzrə statistik təhlillər göstərir ki,
iki ölkə arasındakı ticarətdə İran idxalı dominat olub. Azərbaycanın ümumi
ixracatında İranın payı hətta tam rəqəmlər ilə belə ifadə olunmur. İxrac ölkəyə
valyuta, idxal isə ölkədən valyuta aparır. Təsirlərə gəldikdə isə, bu özünü
İrandan idxalın azalmasında göstərə bilər. Azərbaycana İrandan tikinti
materialları, kənd təsərrüfatı məhsulları, eləcə də quru meyvələr, yüngül sənaye
məhsulları, xüsusən də məişətdə istifadə edilən sənaye məhsulları idxal edilir”.
Bu
aspektdən, daha da konkretləşdirsək: İrandakı son hadisələr Azərbaycanın
istehlak bazarına necə təsir göstərə bilər?
Millət vəkili
hesab edir ki, əgər İranln ixrac imkanları daha uzun müddət məhdudlaşarsa o
zaman cənub qonşumuzda istehsal edilən bir sıra məhsulların gətirilməsində çətinlik
yarana bilər:
“Belə ki,
2025-ci ildə Azərbaycan İrandan portağal, təzə və ya qurudulmuş (14.3 milyon
dollar), kartof (13.6 milyon dollar), qida üçün yararlı duz, yodlaşdırılmış məhsullar
(11.8 milyon dollar), badımcan (9.4 milyon dollar), peçenye (8.8 milyon
dollar), kərə yağı (8.7 milyon dollar), bibər, o cümlədən capsicum növünün və
ya pimenta növünün barı (8.3 milyon dollar), xurma, təzə vəya qurudulmuş (6.4
milyon dollar), soğan (6.1 milyon dollar), yerkökü (5.7 milyon dollar), kələm
(4.5 milyon dollar), pendir (4.1 milyon dollar), kivi (3.1 milyon dollar) və
digər ərzaq məhsulları idxal edib.
Bununla
yanaşı, idxalda əsas ağırlıq tikinti və sənaye məhsullarının payına düşüb.
Sözügedən müddətdə İrandan azot (84.8 milyon dollar), arqon (48.7 milyon
dollar), mərmərin dənəvərləri, qırıntıları və tozu (20.1 milyon dollar), abidə
və tikinti daşlarının dənəvərləri, qırıntı və tozu (18.9 milyon dollar), təbii
barium sulfatı (12.5 milyon dollar), ağ portlandsement (9.7 milyon dollar),
hipoxloritlər, xloritlər və hipobromitlər (6.9 milyon dollar), dinatrium
karbonat (5.8 milyon dollar) və digər qeyri-ərzaq məhsulları idxal olunub.
Göründüyü
kimi, İradan ərzaq məhsulları ilə müqayisədə daha böyük məbləğlərdə sənaye və
tikinti məhsulları idxal edilir. Təbii ki, idxal edilən məhsulların qiyməti
müqayisəli şəkildə nisbətən aşağı olan mallardır. Bu baxımdan, xüsusən də ərzaq
məhsulları üzrə idxalların daha qısa zamanda diversifikasiyasına ehtiyac var.
Bütün bunlar
ilə yanaşı, İrandan idxal azalacağı halda onun Azərbaycanın istehlak
bazarındakı tarazlığa da xüsusi təsiri olmayacaq. Azərbaycanın xarıcı ticarət
dövriyyəsinin cəmi 1.3 faizi İranın payına düşür. 2025-ci ildə illik
idxalımızın 2.6 faizi İranın hesabına formalaşıb.
Bütün bunlar
ilə yanaşı, İrandan idxal edilən malların, xüsusən də ərzağın qiymətinin yüksəlməməsi
üçün alternativ bazarlardan həmin məhsulların daha qısa zamanda gətirlərək əvəzlənməsinə
ehtiyac var. Təbii ki, bu eyni zamanda müharibənin hansı müddəti əhatə etməsindən
asılı olacaq. Bununla belə, regionda baş verən hadisələr fonunda ərzaq məhsullarının
idxal bazarlarının şaxələndirilməsi və idxaldan asılılığın minimumlaşdırılması
prioritetliyini daha da artırmaqdadır”.
News365.az