Atəşkəs uzadılır, suallar artır: Trampın planı və İranda daxili gərginlik

Atəşkəs uzadılır, suallar artır: Trampın planı və İranda daxili gərginlik
10:47

ABŞ-ın keçmiş prezidenti Donald Trumpın atəşkəslə bağlı mövqeyi və prosesin uzadılması müzakirələrə səbəb olub.

Politoloq Rəşad Bayramov News365.az-a açıqlamasında bildirib ki, bu, faktiki olaraq atəşkəsin müstəqil şəkildə uzadılması və konkret tarix çərçivəsinə salınması deməkdir.

Onun sözlərinə görə, bu yanaşma daxili siyasi müstəvidə də suallar doğurur və xüsusilə tənqidi fikirlərin artmasına səbəb olur. Ekspert qeyd edib ki, əsas suallar atəşkəsin nə qədər davam edəcəyi və prosesin sonunun necə olacağı ilə bağlıdır.

Rəşad Bayramov vurğulayıb ki, İran sərhədləri yaxınlığında hərbi qüvvələrin, texnika və silahların cəmləşməsi fonunda uzunmüddətli atəşkəsin davam etdirilməsi həm maliyyə, həm də hərbi baxımdan əlavə yük yaradır.

Politoloqun fikrincə, atəşkəsin uzadılması bir neçə məqsədə xidmət edir. Bunlara ilk növbədə prosesin dondurulması, daha sonra atəşkəsin rəsmən elan olunması, eləcə də İranın daxili siyasi mövqeyini müəyyənləşdirməsi üçün vaxt qazanması daxildir. Eyni zamanda, bu müddət ərzində Tehranın irəli sürdüyü tələbləri yumşaltması üçün imkan yaradıldığı bildirilir.

Ekspert əlavə edib ki, İran daxilində baş verən proseslər də diqqətlə izlənilir. Onun sözlərinə görə, ölkə daxilində müəyyən siyasi gərginliklər müşahidə olunsa da, bu vəziyyət daha çox ayrı-ayrı siyasi fiqurlar arasında fikir ayrılığı ilə bağlıdır.

Rəşad Bayramov qeyd edib ki, bəzi məlumatlarda Məhəmməd Baqir Qalibafın istefası ilə bağlı iddialar səsləndirilsə də, bu məsələyə fərqli yanaşmalar mövcuddur. Politoloq hesab edir ki, bu, İran daxilində müharibə tərəfdarları ilə əleyhdarları arasında kəskin parçalanmadan daha çox, müəyyən siyasi qruplar daxilində mövqe fərqlərinin göstəricisidir.


Sizin reklam burada
Sizin reklam burada