Tibbi müayinə zərurəti və dünyəvi təhsil sistemindən doğan tələblər zamanı istisna hallarda hicabı müvəqqəti açmağa bütün İslam məzhəbləri icazə verir.
İslam hüququnda, yəni fiqhdə dünyəvi qanunların hicabı qadağan etdiyi və ya təhsil almaq üçün başın açılmasını məcburi qıldığı hallarda şagird və tələbələrin "zərurət" və ya "ehtiyac" prinsiplərinə əsaslanaraq başlarını aça biləcəyinə dair müxtəlif məzhəb və cərəyanlardan olan bir çox tanınmış alim fətva və rəylər veriblər.
Bu məsələdə əsas fiqhi qayda "zərurətlər qadağan olunmuş şeyləri mübah edir" meyarı və təhsilin müsəlman qadın üçün həyati bir ehtiyac, ictimai zərurət olmasıdır.
İslam hüququnun fərqli qollarına aid olan Zeydi (şiə) və İsmaili (şiə) məzhəblərinin hicab və dünyəvi məktəblərdə məcburiyyət qarşısında onun açılması məsələsinə yanaşması fərqlidir. Bu fərqlər məzhəblərin fiqh metodologiyasına və hicaba verdiyi fundamental batin-zahir mənalarına əsaslanır.
İsmaili alimlərinin yanaşması
İsmaili, xüsusilə Nizari İsmaili məzhəbində dünyəvi məktəblərdə və ya digər ictimai məkanlarda hicabın açılması üçün xüsusi bir "məcburiyyət fətvası"na ehtiyac duyulmur. Çünki İsmaili təliminə görə, fiziki baş örtüyü, hicab İslamın dəyişməz bir şəriət hökmü deyil, İslam öncəsi dövrə və müəyyən mədəniyyətlərə aid geyim forması hesab olunur. 12-ci əsrdə Ələmut dövründə və daha sonra mövcud olan İsmaili imamları, məsələn, 48-ci İmam Sultan Məhəmməd Şah və 49-cu İmam 4-cü Ağa Xan qadınların təhsili, cəmiyyətə inteqrasiyası və azadlığını ön plana çəkərək fiziki örtünmə pərdə, hicab ənənəsini ləğv ediblər. Müasir İsmaili alimləri və rəhbərliyi hesab edir ki, əsas olan daxili həya, əxlaq və mənəvi təmizlikdir, yəni insanın batini saflığıdır. Dünyəvi məktəblərdə təhsil almaq qadınlar üçün mütləq bir vəzifə olaraq görüldüyündən, geyim forması tamamilə fərdin azad seçiminə buraxılır və məktəb qaydalarına uyğunlaşmaqda heç bir dini qadağa görülmür.
Zeydi şiə alimlərinin yanaşması
Zeydi məzhəbi fiqhi baxımdan On iki imamçı Cəfəri şiə və sünni, xüsusilə Hənəfi və Şafii məzhəblərinə çox yaxındır. Zeydi alimlərinin yekdil rəyinə görə dünyəvi məktəblərdə hicab məhdudiyyəti zərurəti yaranarsa Zeydi fiqhində ümumi İslam hüququnun fundamental prinsipləri işə düşür. Bu, "zərurət" prinsipləridir. Zeydi hüququnda da digər məzhəblərdə olduğu kimi "zərurətlər qadağan olunmuş əməlləri müvəqqəti olaraq mübah, icazəli) edir" qaydası qəbul edilir. Əgər bir müsəlman qızın dünyəvi məktəbdə təhsil alması onun gələcəyi, savadlanması və cəmiyyətdə özünü qoruması üçün mütləq zərurətdirsə və alternativ, hicaba icazə verən dini, özəl məktəb yoxdursa, Zeydi alimləri bu vəziyyəti zərurət halı kimi qiymətləndirirlər. Bu qəbil fətvalarda qeyd olunur ki, şagird məktəb binasına daxil olarkən məcburiyyət qarşısında hicabını aça və dərslərdə iştirak edə bilər. Lakin məktəbdən çıxdıqdan sonra dərhal yenidən örtünməlidir. Bu icazə yalnız qadağanın tətbiq olunduğu zaman kəsiyini və məkanını əhatə edir.
Şiə Cəfəri məzhəbi üzrə ayətullahlar
Müasir şiə fiqhində təhsil almaq, imtahana girmək və ya işləmək üçün hicabın açılması zərurəti yarandıqda, bəzi şərtlərlə buna icazə verən müctəhidlərdən Ayətullah əl uzma Seyid Məhəmməd Hüseyn Fəzlullah və Böyük Ayətullah Əli Sistaninin rəsmi fətvalarına və ona ünvanlanan suallara verdiyi cavablara görə, əgər hicab taxmaq müsəlman qızın dözülməz dərəcədə çətinliyə düşməsinə səbəb olarsa, yaxud hicablı qalacağı təqdirdə təhsildən tamamilə məhrum olub gələcəyi böyük zərər görərsə, yalnız dərslərdə və zərurət miqdarında başını aça bilər. Məktəbdən çıxan kimi dərhal yenidən örtünməlidir.
Böyük Ayətullah Nasir Məkarim Şirazi isə xüsusilə Türkiyə və Avropada vaxtilə tətbiq olunan hicab qadağaları zamanı universitet tələbələri üçün fətva verərək bildirmişdi ki, əgər təhsil almaq həmin qızın və cəmiyyətin gələcəyi üçün mühüm bir hədəfdirsə və hicab səbəbindən təhsildən uzaqlaşdırılmaq onun üçün ciddi mənəvi, ictimai zərər sayılırsa, zərurət hökmünə əsasən başını aça bilər.
Ələvilikdə isə klassik mənada sünni və ya şiəlikdəki kimi fətva verən mərkəzi bir müctəhidlik və ya şeyxülislamlıq institutu yoxdur. İnanc öndərləri olan Dədələr və ya Ələvi dərnəkləri qərarlarında dünyəvi dövlətin təhsil qaydalarına, məsələn, dünyəvi məktəblərdə vahid geyim formasına tabe olmağı mənəvi bir problem olaraq görmürlər. Çünki onların inancında başın açılması dini bir günah və ya pozuntu hesab edilmir.
Sünni məzhəbləri (Hənəfi, Şafi, Maliki, Hənbəli)
Sünni dünyasında, bir çox mötəbər qurum və alim təhsil hüququnu qorumaq üçün bu icazəni dəstəkləyib. Şeyx Məhəmməd Seyid Tantavi də buna icazə verən alimlərdəndir. Misirin məşhur Əl-Əzhər Universitetinin keçmiş rəhbəri, sünni dünyasının ən böyük üləmalarından biri olan Tantavi bəyan etmişdi ki, müsəlman qadın qeyri-müsəlman və ya dünyəvi bir dövlətin qanunlarına tabe olmaq məcburiyyətində qaldıqda və əks halda təhsildən məhrum olacaqsa, dövlətin bu qanununa tabe ola bilər, çünki bu onun üçün bir zərurətdir.
Doktor Yusuf əl-Qardavinin də mövqeyi eynidir. Sünni fiqhinin müasir dövrdəki ən böyük nümayəndələrindən biri olan Qardavi, müsəlman qızların təhsil almasını İslam ümmətinin gələcəyi üçün "fərzi-kifayə" (ictimai vacibat) hesab edirdi. O bildirirdi ki, bir qızın təhsilsiz və cahil qalması hicabın müvəqqəti açılmasından daha böyük bir fəsad doğurur. Buna görə də "ikisindən daha yüngül olanını seçmək" qaydasına əsasən məktəbdə başın açılmasına icazə verirdi.
Misir Fətva Evinin də mövqeyi buna oxşardır. Rəsmi sünni fətva qurumu olaraq, dövlət qanunları və ya müəssisə daxili ciddi qaydalar hicabı qadağan etdikdə, qadının ruzisini qazanması və ya təhsilini tamamlaması üçün "hacə şəxsiyyə" (şəxsi ehtiyac) çərçivəsində müvəqqəti icazə rəyini müdafiə edirlər.
İbadi məzhəbinin müasir dövrdəki ən böyük elmi avtoriteti, Omanın Baş Müftisi Şeyx Əhməd bin Həməd əl-Xəlilidir. İbadi fiqhi də ümumi İslam hüququndakı zərurət və çarəsizlik qaydalarını qəbul edir. Onların fundamental yanaşmasına görə, əgər bir müsəlman qadın öz iradəsi xaricində, qanunun ciddi tələbinə görə geyiminə müdaxilə ilə üzləşərsə və təhsil kimi fundamental hüquqdan məhrum olmaq təhlükəsi yaranarsa, günah qadağanı qoyan tərəfə yazılır, qadın isə zərurətdən dolayı məsuliyyət daşımır.
Mötəzilə ekolu (Rasionalist ilahiyyat)
Mötəzilə məzhəbi ağıla və ictimai faydaya, məsləhətə böyük önəm verir. Müasir dövrdə mötəzilə metodologiyasını və rasionalist İslam düşüncəsini mənimsəyən alimlər hicab məsələsinə bir qədər fərqli yanaşırlar. Məhəmməd Şəhrur və Nəsr Hamid Əbu Zeyd kimi müasir intellektuallar Quran mətnlərini tarixi və kontekstual baxımdan təhlil edərək bildirirlər ki, hicab İslamın dəyişməz iman əsaslarından deyil, sosioloji və əxlaqi geyim normasıdır. Mötəzilə prinsiplərinə görə, əgər bir cəmiyyətdə dünyəvi qanunlar vahid geyimi tələb edirsə və təhsil almaq fərdin intellektual inkişafı, əqlin qorunması üçün vacibdirsə, başın örtülməsi mütləq bir şərt olmamalıdır. Onların fikrincə, təhsil almaq və elmlənmək baş bağlamaqdan qat-qat üstün bir əqli və dini vəzifədir.
Ümumiyyətlə bu rəyləri nəzərə alaraq İslam hüququnun bütün əsas qolları, şiə, sünni, ibadi və mötəzilənin qanuni məcburiyyət qarşısında qalan və təhsildən məhrum olmaq riski daşıyan azyaşlı və ya gənc qızların məktəb daxilində başlarını açmasını günah saymır və bunu "çarəsizlikdən doğan istisna" zərurət hökmü ilə icazəli hesab edir.
Bu alimlərin fətvalarında əsas gətirdikləri dəlil əsasən Bəqərə surəsinin 173-cü ayəsinə uyğundur.
Tural İrfan, dinşünas