Bütün müqəddəs dəyərlər kimi hicabı da bu gün İran molla rejimi öz mənfur ideoloji maraqları üçün siyasi alətə çevirib. Rejimin ölkəmizdəki agentura şəbəkəsi və məscidlərdəki açıq proksiləri hicabdan siyasi şüar, dövlətə qarşı təziq rıçaqı kimi istifadə edirlər.
Vahid məktəbli forması haqqında qərarı manipulyasiya edərək guya ölkədə ümumiyyətlə hicabın qadağası kimi təqdim etməklə əsasən sadəlövh, təsirə düşmüş və xüsusi hazırlanmış təxribatçı qrupların əli təxribatlara cəhd edirlər.
Sosial şəbəkələrdəki mənzərələr, söyüşlü, təhdid dolu çıxışlar, siyasi şüarlar, dini ritorikadan tamamilə uzaq etiraz üsulları bu qrupların heç də səmimi dindar qruplar olmadığını sübut edir.
Suriyada ən əsas proksi rejimi ləğv edildikdən, Livan proksisi zəiflədikdən, hazırda da Yəməndəki proksisi süqut ərəfəsində olduğu üçün İran rejimi əsasən regionda yeni proksilər yaratmağa cəhd edir, tələsir. Burada əsas hədəf Türkiyə, Borçalı və Azərbaycandır. Türkiyə artıq növbəti "Şahqulu üsyanına" hamilədir. İran Türkiyədə böyük bir təxribat yaradacaq, bu yolla Türkiyənin əksər müsəlman ölkələr ilə arasını vurub düşmən etməyə çalışacaq. Çünki məxfi, gizli, batini həşşaşi metodları ilə işləmək şüubiyyə məfkurəsindən doğan ideoloji tələblərdir.
Din, məzhəb pərdəsi altında iğtişaş, qan, fitnə yaratmaq istəyirlər. Ölkədəki tolerantlıq və vəhdəti pozmaq məqsədilə buradakı, əsasən vaxtilə Qumda, Qəzvində, Tehranda dini təhsil adı altında siyasi təlim verdikləri şəxslərin ideyaları əsasında güc nümayiş etdirməyə cəhd edirlər.
Yəni, İran üçün hicab, din maraqlı deyil. Öz ölkəsində insanları dinə o dərəcədə nifrət etdiriblər ki, qadınlar ən ağır edamlardan belə çəkinməyərək hicabı açıb yandırdılar. Əslində bu etiraz dinin mahiyyətinə qarşı deyildi, hicab, din molla rejiminin alətinə çevrildiyi üçün məhz bu rejimə qarşı idi.
Molla rejiminin işgəncələrlə həbs edib məhv etdiyi Təbriz əsilli mərhum Ayətullah Şəriətmədari onlara deyirdi ki, dini siyasətə qatmayın. Sabah sizin qəddar və mənfur əməllərinizə görə xalq ayağa qalxıb sizə nifrət edəndə, sizi süpürüb atanda dini də sizə qatıb hədəfə çevirəcək. Lakin rejim ona qulaq asmadı, əksinə dini, Əhli Beyti öz çirkin və xain ideoloji propaqandasına qalxan, alət etdi. Nəticədə İran xalqı bu gün rejimlə yanaşı dindəm də ikrah edir. Çünki rejim bütün cinayətləri törədib dinin tələbi kimi qələmə verir. Adamı günahsız asıb, güllələyib Allahın boynuna atır.
İran rejimi hazırki ideologiyasını hansı ölkədə yeridibsə o ölkə əbədi qan gölünə dönüb. İraqda məzhəb nifaqı ilə başlayan İran təsiri hələ Səddam zamanında ölkəni ideoloji olaraq böldü, sonra da ABŞ ilə birgə ölkəni dağıdıb xalqı məhv etdilər. Hələ də İraqda sabitlik yoxdur. Livanı, Siriyanı, Yəməni İran bölərək hansı ağır durumlara salıb, bunu bütün dünya görür.
1979-cu ildən bəri 5 milyondan çox müsəlmanı xüsusi amansızlıqla qətlə yetirmiş, edam etmiş, terrora məruz qoymuş rejim İslamı bu çirkin əməllərinə alət etməklə bu dindən intiqam alır. Sasani imperiyasının müsəlman xilafəti tərəfindən süqut etdirilməsini hələ də həzm edə bilmirlər. Sanki bunun günahkarı bütün müsəlmanlarmış kimi hazırda dünyada İslam aləmini Qərbin, ABŞ-ın, İsrailin hədəfinə çevirib qırdırmaqla, dağıtdırmaqla təskinlik tapır.
Belə bir anti- İslam rejimin uzantılarının kütləvi şəkildə vətəndaşlarımızı təsir altına salıb dövlətə qarşı qaldırmasına əsla izn vermək olmaz. Əslində bu qrupları ölkədə qoruyan, gizlədən, lazım gələndə də təsir vasitəsi kimi ortaya çıxaranlar da məlumdur. Lakin onlara göz yumulmasına dözmək bu qədər də olmaz. Çox ciddi şəkildə bunun qarşısı alınmalıdır. Çünki bu cür ideoloji təhdidlərin, hibrid hücumların vaxtında qarşısı alınmadığı ölkələrin İran əlaltıları tərəfindən hansı duruma salındığını görmək çətin deyil.
Tural İrfan, dinşünas