Dərsliklərdə YouTube tapşırıqları: Kənd uşaqları bunu necə etsin?

Dərsliklərdə YouTube tapşırıqları: Kənd uşaqları bunu necə etsin?
16:06

Dərsliklərdə şagirdlərə dinləmə mətnlərini YouTube vasitəsilə dinləmək və tapşırıqları yerinə yetirmək tövsiyə olunur. Bəs internetə çıxış imkanları məhdud olan ucqar kəndlərdəki şagirdlər bu tapşırıqları necə yerinə yetirməlidirlər? Politoloq Tamilla Qulami təhsil sistemində rəqəmsal imkanların əlçatanlığı məsələsini gündəmə gətirib.

Politoloq Tamilla Qulami dərsliklərdə yer alan bəzi tapşırıqların bütün şagirdlər üçün əlçatan olmamasından narazılığını ifadə edib.

O, sosial şəbəkə hesabında paylaşdığı statusda dərsliklərdə dinləmə mətnlərinin YouTube üzərindən dinlənilməsi, daha sonra isə müvafiq tapşırıqların yerinə yetirilməsinin tələb olunmasına diqqət çəkib.

T.Qulami sual edib ki, ucqar kəndlərdə təhsil alan şagirdlərin hamısının bu platformadan istifadə etmək imkanı varmı? Onun fikrincə, hər bir uşağın telefon, kompüter və ya planşetlə təmin olunduğunu, eləcə də internetə çıxışının olduğunu əvvəlcədən qəbul etmək düzgün deyil.

Politoloq bu məsələdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət edərək dərsliklərdə nəzərdə tutulan tapşırıqların bütün şagirdlər üçün əlçatan olub-olmadığının nəzərə alınmasının vacibliyini vurğulayıb.

“Çox maraqlıdır, görəsən, ucqar kəndlərimizdə oxuyan uşaqlar YouTube platformasından istifadə edə bilir və ya hər bir şagirdin telefonu, kompüteri, planşeti varmı?” – deyə o bildirib.

T.Qulami dərsliklərdəki bu tip tapşırıqların tədris baxımından faydasını da şübhə altına alıb. O qeyd edib ki, rəqəmsal vasitələrdən istifadə imkanları ilə bağlı problemlərlə yanaşı, belə tapşırıqların uşaqların elm və bilik qazanmasına nə dərəcədə töhfə verdiyi də müzakirə olunmalıdır.

Politoloq hesab edir ki, tədris tapşırıqları hazırlanarkən şagirdlərin sosial və texniki imkanları nəzərə alınmalı, təhsil almaq üçün bərabər şəraitin yaradılması diqqətdə saxlanılmalıdır.


Sizin reklam burada
Sizin reklam burada