Almaniyadakı anti-Azərbaycan aksiyası: dini şüarların arxasında nə dayanır?

Almaniyadakı anti-Azərbaycan aksiyası: dini şüarların arxasında nə dayanır?
15:39

Azərbaycanda son həftələrdə hicabla bağlı müzakirələrin genişlənməsi və bu mövzunun xarici auditoriyaya daşınması siyasi müstəvidə də müzakirələrə səbəb olub. Almaniyada keçirilən anti-Azərbaycan aksiyasının dini şüarlarla məhdudlaşmadığını düşünənlər bu prosesdə xarici təsir mexanizmlərinin və siyasi maraqların roluna diqqət çəkirlər.

Məsələ yalnız dini azadlıqlarla bağlı narahatlıqlar deyil, həm də ictimai rəyin formalaşdırılması, mümkün etirazların istiqamətləndirilməsi və siyasi təsir uğrunda mübarizə kontekstində qiymətləndirilir.

Politoloq Yeganə Hacıyeva hesab edir ki, Almaniyada “Müsəlman Birliyi Hərəkatı”nın fəalları vasitəsilə təşkil olunduğu bildirilən anti-Azərbaycan aksiyasına yalnız dini şüarlar və etirazçıların mövqeyi çərçivəsində yanaşmaq düzgün deyil. Onun fikrincə, hadisənin arxasında dayanan mümkün məqsədləri anlamaq üçün təhlükəsizlik və informasiya təsiri amilləri də nəzərə alınmalıdır.

Politoloq hesab edir ki, son həftələrdə Azərbaycanda “hicab qadağası” mövzusu ətrafında aparılan müzakirələr tədricən daha geniş siyasi məzmun qazanıb. Ayrı-ayrı hadisələr və məhdudiyyətlərlə bağlı mübahisələrin ümumiləşdirilərək dövlətin dinə münasibətinin bütövlükdə məhdudlaşdırıcı olduğu barədə təsəvvür yaratmaq üçün istifadə edildiyini düşünən Y.Hacıyeva bunu ictimai narazılığın müəyyən istiqamətə yönəldilməsi cəhdi kimi qiymətləndirir.

Onun sözlərinə görə, dini azadlıqlar cəmiyyət üçün həssas məsələ olduğundan bu mövzuda yaranan emosional reaksiyalar siyasi təsir vasitəsinə çevrilə bilər. Burada əsas təhlükə insanların dini məsələlərlə bağlı fikir bildirməsi deyil, həmin həssaslıqlardan dövlətlə vətəndaşlar arasında etimadsızlıq yaratmaq, cəmiyyətdə qarşıdurmanı dərinləşdirmək və narazılığı xarici siyasi maraqlara uyğun istiqamətləndirmək üçün istifadə olunmasıdır.

Y.Hacıyeva ölkə daxilində baş verən ayrı-ayrı hadisələrlə Almaniyada təşkil edilən aksiya arasında şüarlar, mesajlar və kommunikasiya üsulları baxımından əlaqələrin olduğunu iddia edir. Politoloqun fikrincə, bu məqamları ayrı-ayrılıqda deyil, ümumi mənzərə daxilində təhlil etmək İranın prosesdə mümkün rolunu və siyasi məqsədlərini qiymətləndirmək baxımından əhəmiyyətlidir.

Politoloq İranın etiraz əhval-ruhiyyəsinə təsir göstərmək və mümkün siyasi proseslərə istiqamət vermək uğrunda mübarizə apardığını düşünür. Onun qənaətinə görə, Türkiyənin bəzi dairələrinin son həftələrdə hicabla bağlı məsələlərdə fəallaşması fonunda İran da prosesdə aparıcı mövqeyə sahib olmağa çalışır.

Bu yanaşmaya əsasən, əsas məqsədlərdən biri yaranan narazılığın hansı istiqamətdə inkişaf edəcəyinə, hansı siyasi tələblərlə əlaqələndiriləcəyinə və nəticədə hansı qüvvələrin maraqlarına xidmət edəcəyinə təsir göstərməkdir.

Y.Hacıyeva hesab edir ki, bu prosesdə dini mövzu ətrafında yaranan emosional reaksiyaların daha geniş siyasi gündəliyə daxil edilməsi xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, əvvəlcə ayrı-ayrı hadisələr ictimai müzakirələrin mərkəzinə gətirilir, daha sonra media vasitəsilə narazılıq gücləndirilir və nəhayət, konkret məsələ ilə bağlı etirazlar daha geniş siyasi tələblərlə əlaqələndirilir.

Politoloq belə bir mexanizmin ictimai reaksiyanı tədricən siyasi təsir vasitəsinə çevirə biləcəyini vurğulayır. Onun mövqeyinə görə, Azərbaycanda hicabla bağlı müzakirələrə və Almaniyadakı aksiyaya bu kontekstdən yanaşmaq, prosesdə mümkün xarici təsirləri və siyasi maraqları nəzərə almaq vacibdir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada