Təhsil eksperti Etibar Əliyev ədəbiyyat üzrə Nobel mükafatı laureatı, Qvatemala yazıçısı Migel Anxel Asturiasın həyat və yaradıcılığına dair paylaşım edib. O, yazıçının ədəbi irsindən, siyasi mübarizəsindən, sürgün həyatından və məşhur “Banan trilogiyası”ndan bəhs edib.
Etibar Əliyev sosial şəbəkə hesabında paylaşdığı yazıda 1967-ci ildə Nobel mükafatına layiq görülmüş Migel Anxel Asturiasın roman və ədəbiyyat haqqında düşüncələrinə diqqət çəkib.
Yazıçı romanın yalnız əyləncə məqsədilə yazılmasına qarşı çıxaraq, onun insanlara fikir verməli, öyüd və mesaj ötürməli olduğunu vurğulayıb. Asturiasın fikrincə, zaman keçdikcə yalnız əyləncə məqsədilə yazılan əsərlər unudulur, cəmiyyətin yaddaşında isə insanlara müəyyən ideyalar aşılayan, düşündürən əsərlər qalır.
Paylaşımda bildirilir ki, 1899-cu ildə Qvatemala şəhərində həkim ailəsində dünyaya gələn Asturias gənclik illərindən siyasi proseslərdə iştirak edib. Ölkədəki diktatura rejiminə qarşı çıxan yazıçı sonradan fəhlələrin pulsuz axşam təhsili alması üçün xalq universitetinin yaradılmasında da iştirak edib.
Asturiasın yaradıcılığında Latın Amerikasının ictimai-siyasi problemləri, hakimiyyət uğrunda mübarizə və xarici şirkətlərin bölgəyə təsiri mühüm yer tutub. O, xüsusilə “Banan trilogiyası” ilə tanınıb. “Qasırğa”, “Yaşıl papa” və “Dəfn edilmişin gözləri” romanlarından ibarət trilogiyada banan plantasiyalarına nəzarət uğrunda mübarizə, iri şirkətlərin siyasi hakimiyyətə təsiri və fəhlə hərəkatları təsvir olunur.
Etibar Əliyev yazısında “Yaşıl papa” romanının adı ilə bağlı maraqlı əhvalatı da xatırladıb. Paylaşımda qeyd olunur ki, əsərin adı Roma papasının diqqətini çəkib. Asturias Nobel mükafatını aldıqdan sonra İtaliyaya səfəri zamanı Roma papası ilə görüşündə “yaşıl papa” ifadəsinin mənası barədə suala cavab verərək bunun Mərkəzi Amerikadakı banan sənayesinin qüdrətli sahibinə verilən ad olduğunu izah edib.
Yazıçının həyatının siyasi hadisələrlə müşayiət olunduğunu vurğulayan ekspert qeyd edib ki, 1954-cü ildə Qvatemalada hakimiyyət dəyişikliyindən sonra Asturias vətəndaşlıqdan məhrum edilərək Argentinaya sürgün olunub. 1962-ci ildə isə Argentinadakı siyasi vəziyyət səbəbindən İtaliyaya köçməyə məcbur qalıb. Həmin dövrdə də ədəbi fəaliyyətini davam etdirərək yeni əsərlər yazıb.
Etibar Əliyev paylaşımında şəxsi kitabxanasından da söz açıb. O bildirib ki, sovet dövründə “Mastera sovremennoy prozı” adlı məşhur kitab seriyasında Asturiasın əsərləri də nəşr olunub. Ekspert həmin seriyadan 30 kitabının olduğunu və yazıçının kitabını 1989-cu ildə bukinist mağazasından aldığını qeyd edib.
Paylaşımını mütaliənin əhəmiyyətinə diqqət çəkən fikirlərlə tamamlayan Etibar Əliyev yazıb: “Kitab yaddaş, internet isə unutqanlıqdır. Yaddaşı qidalandıran isə mütaliədir”.