Azərbaycanda informasiya texnologiyaları və texnoloji ixtisaslar üzrə ixtisaslaşmış ayrıca ali məktəbin yaradılmasına ehtiyac olduğu bildirilir.
News365.az xəbər verir ki, bu təkliflə təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri "AzEdu Podkast" verilişində çıxış edib.
Ekspert bildirib ki, I ixtisas qrupunun R alt qrupunda kompüter və informasiya texnologiyaları istiqamətinə maraq sürətlə artır. Mövcud universitetlərdə bu ixtisaslar tədris olunsa da, yalnız texnologiya sahəsinə fokuslanan böyük, sahəvi ali təhsil müəssisəsinin yaradılması rəqabəti azalda bilər.
“Bizdə sırf IT istiqamətli ixtisasları özündə cəmləşdirən universitet olmalıdır. Bakı Mühəndislik Universiteti var, amma burada yalnız IT profilli ixtisaslar tədris olunmur. Necə ki, Tibb Universiteti tibb sahəsinin, UNEC iqtisadiyyat istiqamətinin əsas mərkəzidir, texnologiya sahəsində də belə bir universitet ola bilər”, - deyə Elmin Nuri bildirib.
Onun fikrincə, bu cür ali məktəbin yaradılması həm yeni plan yerlərinin açılmasına, həm də digər universitetlərin qəbul yükünün azalmasına imkan verə bilər.