“Qarabağ
müharibəsi dövründə İranın tutduğu mövqe Azərbaycan cəmiyyətində haqlı
narazılıq doğururdu. Mən də həmin vaxt bunu açıq şəkildə tənqid etmişdim və bir
məqamı xüsusilə vurğulamışdım: Azərbaycanda müxtəlif millətlərin, o cümlədən yəhudilərin
sülh və qardaşlıq şəraitində yaşaması bir reallıqdır. Bu nə şüar, nə də siyasi
jestdir — bu, bizim cəmiyyətimizin formalaşdırdığı dəyərdir və bu gün də dəyişməyib”.
Bunu Millət
vəkili Razi Nurullayev deyib.
O əlavə edib
ki, İsraili “qardaş” adlandırmağım da məhz bu kontekstdən irəli gəlirdi:
“Bu, hansısa
emosional və ya birtərəfli yanaşma deyil, konkret reallıqlara əsaslanan ifadə
idi. Qarabağ müharibəsində Azərbaycanın haqq işində bizə dəstək verən,
texnologiya və müdafiə sahəsində əməkdaşlıq edən ölkələrdən biri də İsrail
olub. Yəni bu ifadə münasibətlərin məntiqi nəticəsi idi. Yəni, çətin gündə
yanında olanı qiymətləndirmək prinsipidir.
Amma bu gün
baş verən hadisələri götürüb, illər əvvəl deyilmiş fikirləri məntiqi
ardıcıllığından çıxarıb mənim əleyhimə istifadə etmək nə ədalətlidir, nə də
vicdanlı yanaşmadır. Mən heç vaxt mülki insanların məşəqqətini, həlak edilməsini,
bombalanmasını harada baş verməsindən asılı olmayaraq, qəbul etməmişəm. Fələstində,
Livanda, İranda və ya dünyanın istənilən yerində günahsız insanların həyatını
itirməsi hamımızı üzməlidir və məni də çox üzür
Faktları bilərəkdən
təhrif edənlərə açıq deyirəm: bu, nə prinsipdir, nə də obyektiv mövqe. Bu, sadəcə
manipulyasiya cəhdidir. Mənim dediklərim aydındır və məntiqi ardıcıllıqla
oxunsa, hər şey yerinə düşür. Azərbaycanın maraqlarını müdafiə etmək ayrı məsələdir,
insan həyatına hörmət isə bundan da üstün dəyərdir. Bu ikisini qarışdırmaq və
ya qarşı-qarşıya qoymaq isə ya savadsızlıqdır, ya da qəsd.
Mən dünən də
Azərbaycanın maraqlarını müdafiə etmişəm, bu gün də edirəm və bunu heç kimin
sifarişi ilə dəyişəcək deyiləm”.
News365.az