Yaralı yoldaşını 25 km belində daşıyan, düşmənin 5 tankını qənimət götürən qəhrəmanımız - FOTOLAR

Yaralı yoldaşını 25 km belində daşıyan, düşmənin 5 tankını qənimət götürən qəhrəmanımız - FOTOLAR
15:39

Azad Arif oğlu Hümbətov 24 yanvar 1996-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci sinfə paytaxtın Nərimanov rayonundakı 82 nömrəli tam orta məktəbdə gedib. Daha sonra təhsilini 291 nömrəli "Araz" Ekologiya liseyində davam etdirib. (Hazırda məktəb Azad Hümbətovun adını daşıyır).

Qəhrəmanımızın uşaqlıq illərində sabahı necə görünürdü? Peşəkar hərbçimizin ucalıq yolu valideynlərinin yaddaşında necə qalıb?

Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası Arif müəllim bu günlərdə News365.az saytına həmsöhbət oldu.


– Azadın balaca vaxtından ən çox dəcəllikləri yadımda qalıb. Nə olaydı məktəbdə oğlanlardan kimsə sinif qızlarının xətrinə dəyəcək söz deyəydi, yaxud yersiz hərəkət edəydi, mütləq Azad onların cavabını verəcəkdi. Evdə danlayanda ki, niyə dalaşırsan? Deyirdi ki, sinfimizin qızları mənim bacılarımdır, işləri olmasın qızlarla. Qızlar da Azadı çox istəyirdilər, özlərinə çox doğma bilirdilər.


Nə sözü olsa, birinci anasına deyərdi

– Vaxt oldu ki, gördüm dərslərinə zəif hazırlaşır. Halbuki yaxşı oxuya bilərdi, çünki zehni, yaddaşı güclü idi. Bir dəfə dedim: "Azad, gündəliyini gətir". Bilirdim ki, dərslərinin birindən "iki" alıb. Çaşıb qaldı. Tez anası onu vəziyyətdən çıxarmağa çalışdı, "məktəbdə qalıb", – dedi. Üstünü vurmadım. Dedim: "Sabah baxarıq". "Qeyri-kafi" aldığı o dərsi nə vaxt, necə öyrəndisə, sabahı gün gedib yenidən cavab vermişdi, müəllimi də Azadın çalışqanlığını qiymətləndirib qiymətini düzəltmişdi. Həmin axşam gündəliyini şəstlə stolun üstünə qoydu ki, ata, bu da mənim gündəliyim. Gülümsəyib gözlərini "5"-indən çəkmədiyi o an indi də gözlərimin önündədir.

Bacılarını çox istəyirdi, çox mehriban idilər. Daha çox da böyük bacısı ilə sözləri bir olurdu.


Qayıtmayan uşaqlıq

Azad bacılarını hər zaman diqqətdə saxlayırdı, onları qoruyurdu. Bacıları da ondan icazəsiz bir addım atmazdılar.

İllər qanadlıdır – tez ötüb keçir. Azad bacısı oğlu Qabilə çox bağlandı, elə bil onunla nəfəs alırdı. O vaxt Qabilin 5-6 yaşı vardı. Azad Bakıya gələn kimi birinci onu görməli idi. Qabili özü ilə şəhərin maraqlı yerlərinə aparardı. Gəzdirmədiyi yer qalmazdı (Arif müəllim indi onu övladlığa götürüb). Ürəyi nə istəsə, alardı.


İndi Qabilin 13 yaşı var. Onun dayısı ilə yalnız üz cizgiləri deyil, xarakter oxşarlığı da tanıyanları məəttəl qoyur. Qabil də dayısı kimi idmanı çox sevir. Bu vaxta kimi, eynilə dayısı kimi, bir neçə idman növü ilə məşğul olub.

Qabil Hümbətov Macarıstanda kapoeyra üzrə keçirilən beynəlxalq yarışda ikinci yeri tutub. Jurnalistlər ondan müsahibə alanda deyib ki, mən bu uğurumu dayıma həsr edirəm.

Müəllimləri deyirlər ki, Azad sinif yoldaşlarına sədaqətli dost idi. Ünsiyyətcil idi. Ürəyi xeyirxahlıqla dolu idi. Köməyini kimsədən əsirgəməzdi. Liderlik bacarığı vardı. Məktəb tədbirlərində fəal iştirak edərdi. "Son zəng" tədbirində təşkilatçılığı məktəbli dostlarının, müəllimlərinin yaddaşında şirin xatirə kimi bu gün də yaşayır. Liseyin dəhlizində Azadın həyatını, döyüş yolunu əks etdirən guşə gənc nəsli Vətəni sevməyə, ona layiqli övladlar olmağa, azad, müstəqil, suveren Azərbaycanımızın keşiyində ayıq-sayıq dayanmağa səsləyir.

Azad hərbçi olmaqda qərarlı idi. Valideynləri bu sahənin çətin olduğunu israrla desələr də, fikrindən daşınmadı. 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi gələcək qəhrəmanının üzünə qapılarını taybatay açdı.

– İdmanı çox sevirdi. Əvvəlcə "Dinamo"da üç il cüdo ilə məşğul oldu. Sonra samboya getdi. Bir müddət sonra güləşə həvəs göstərdi. O idman növündə özünü sınadı, yarışlarda fərqləndi. Boksla da, son olaraq üzgüçülüklə məşğul oldu. Evin tək oğlu olduğundan xətrinə dəymirdim. Deyirdim, təki ürəyincə olsun. Məşğul olduğu idman növlərinin hamısında müəyyən nailiyyətləri də oldu. Məşqçiləri ondan razı idi.

Kiçik yaşlarından tankçı olacağını deyirdi. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ixtisas seçimi olanda könlündən kəşfiyyatçı, ya da təyyarəçi olmaq keçdi. Amma sonda uşaqlıq arzusu hamısına üstün gəldi – "tank bölüyü" ixtisası daha ürəyincə idi. Peşəkar hərbçi kimi yetişəcəyinə özündə əminlik hissi ilə yanaşı, Azad bu ixtisasda özünün perspektiv inkişafını da görürdü.

Azad Hümbətov 2017-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirib təyinatı üzrə Füzuli rayonunun Horadiz şəhərindəki N saylı hərbi hissədə xidməti vəzifəsinə başladı. Ən böyük arzusuna çatmışdı. Çünki təmas xəttinə yaxın olmağı, qaynar döyüşçü həyatını, hər anı təhlükə, gərginlik dolu olan və cəsarət tələb edən ön xətt xidmətini özü arzulamışdı.


– Müharibədən əvvəl Horadizdə xidmət keçəndə Yeni il və Novruz bayramında gəlirdi evə. Maşını ərzaqla doldurub şəhid ailələrinə paylayırdı. O şəhid ailələri bugünün özündə də əlaqəni kəsmirlər. Hərdən bizi ziyarət edirlər. Xeyirxahlıq heç vaxt unudulmur.

Belə bir hadisə də olmuşdu, sonralar bildik. Dənizkənarı parka gəzməyə çıxıbmış. Görür bir qız əlil arabası almaq üçün yardım istəyir. Azad elə həmin gün onun arzusunu yerinə yetirir.

Çox zarafatcıl idi. Ali Hərbi Məktəbi bitirəndə Azadın "Məzun Günü"nə getmişdik. Çox şən, sevinc və qürur dolu gün idi. Tədbir bitəndə ənənəyə görə Azadgil papaqlarını göyə atdılar. Birinci kursda oxuyanlar qaçıb hərə bir papaq götürməyə çalışdı. Bu vaxt anası bir qədər təəccüblə Azadın üzünə baxdı: "Papağın hanı? Başıaçıq gedəcəksən evə?" Azad gülə-gülə qayıtdı ki: "Bax o tələbədədir, ana, get, al!" Bizi saxlamaq olardı gülməkdən?


2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyi tədbirləri ərəfəsində Azadın sevincinin həddi-hüdudu yox idi. Onu xidmət etdiyi hərbi hissədə Silahlı Qüvvələrimizin yubileyi münasibətilə keçiriləcək paradın bayraqdarı seçmişdilər. Bununla əlaqədar Bakıya göndərildi. Xüsusi təlimlərə qatıldı, hazırlıq keçdi. Xüsusi parad geyim forması Azada çox yaraşırdı. Ailədə hamımız fəxr edirdik ki, hərbi paradın önündə bizim oğlumuz – iftixarımız, ata-anasının, iki bacısının güvənc, ümid yeri Azadımız müqəddəs Bayrağımızla çoxsaylı izdihamın qarşısından birinci keçəcək.

2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi" münasibətilə keçirilən hərbi tədbirdə ön sırada bayraqdar vəzifəsini ləyaqətlə daşıdı, "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif olundu.


– Bir dəfə yanına getmişdim. Lələtəpə istiqamətində xidmət keçirdi. Dedim: "Oğul, sənin tankın harda mövqelənib?" Dedi: "Ata, ona tank demə, o mənim "At"ımdır – "Qarabağ atı"m!" Sonra gülə-gülə dedi ki, onu çapdırıram gah bu tərəfə, gah o tərəfə. Yerimi tez-tez dəyişirəm. Düşmən mövqemizi bilməməlidir.

...Bakıya gəlmişdi. Bacısıgilə gedib onlarla görüşdü. Evə çox gec qayıtdı. Gecə təxminən saat 1-2 olardı. İkilikdə ata-bala xeyli söhbət etdik. Qəfil dedi ki: "Ata, hərbçiyəm. Birdən nə isə olsa, qorxma". Duruxdum. Birinci dəfə idi ondan belə söz eşidirdim. Gözünün içinə baxdım, "nə ola bilər ki?" – soruşdum. "Olanda olur, – dedi, – ölsəm, ağlama. Amma narahat olma. "Qarabağ atı" olan oğula ölüm yaxın gələ bilməz. Yaxın gəlsə də, yerimdə "Qəhrəman" adım qalacaq". Dedi və xidmət etdiyi hərbi hissəsinə döndü. Bu söhbət ikimizin arasında qaldı.

Qohumlardan, dostlarından bir neçə nəfərlə Horadizdə sonuncu dəfə görüşəndə deyibmiş ki: "Qorxmayın, hər şey yaxşı olacaq. Müharibə qurtarsın, gələn kimi məhəllədə bir yaxşı toy eləyəcəm. Özünüzü o günə hazırlayın".

- Müharibə başlayanda hər şey mənə aydın oldu. İmkan tapan kimi danışırdıq. Bizi sakitləşdirirdi. Cəbhədə böyük ruh yüksəkliyinin olduğunu hiss edirdik. Ərazilərimiz işğaldan azad edildikcə böyük fərəh hissi keçirirdik. İllərlə torpaqlarımızı tapdaq altında saxlayan mənfur düşməni məhv edən qəhrəman oğulların sırasında idi Azad. Telefonla hər danışanda deyirdi ki, atlarımız irəliləyir. Bir də yaralıların adlarını deyirdi. Tapşırırdı ki, mütləq onlara baş çəkim. Gedib görüşürdüm. Onlardan Azad haqqında da məlumat alırdım. Çox igid, qorxmaz, cəsur olduğunu söyləyirdilər. Müharibənin ilk günü keçmiş bölük komandiri İmranın şəhid xəbərini də Azaddan aldım.

Azad Hümbətov müharibənin ilk günlərindən döyüş meydanına atıldı. İşğal altındakı torpaqlarımızın azadlığı savaşında böyük qəhrəmanlıq göstərdi. Füzuli, Qubadlı, Laçın istiqamətində gedən ağır döyüşlərdə "Qarabağ atı" ilə düşmənin xeyli sayda canlı qüvvəsini, texnikasını məhv etdi.

Qızğın döyüşlərin birində tank ekipajının komandiri Azad Hümbətov tankı ilə minaya düşür. Azad ayağından yaralanır. O, mexanikin daha ağır xəsarətlər aldığını görəndə ağrılarını unudub döyüş yoldaşını 25 km meşə ərazisində belində daşıyaraq iki gündən sonra öz döyüş postlarına gətirib çıxara bilir. Azadı Beyləqanda hospitala müalicə üçün göndərirlər. Lakin müalicəsini yarımçıq qoyaraq yenidən döyüş meydanına atılır. Böyük hünər göstərib düşmənin beş tankını qənimət kimi ələ keçirən Azadın cəsurluğu da 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq səhifələrindən biri kimi dillərdə dastandır. Həmin tanklardan üçü Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.


– Qardaşımla Zirədə idik – bağda. Neçə gün idi Azaddan xəbər yox idi. Amma bilirdim ki, Laçın istiqamətində döyüşdədirlər. Qardaşım ürək-dirək verirdi ki, narahat olma, heç nə olan deyil. Yüksəklikdir. Şəbəkə tutmur. Mümkün olan kimi zəng vuracaq. Amma nə qədər özümü buna inandırmaq istəsəm də, ürəyimdəki narahatlıq məndən əl çəkmirdi. Heç özümü ələ ala bilmirdim. Dedim: "Yox, burada nə isə var..."

Ayın 26-sı idi. Qazaxlardan (Füzuli) Səfər vardı, zəng vurdu ki: "Arif, vəziyyət yaxşı deyil. Azad yaralanıb".

Mən uşaq deyiləm. Həmin andaca bildim ki...

İkinci Qarabağ müharibəsində göstərdiyi şücaətə görə 9 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Hümbətov Azad Arif oğluna (ölümündən sonra) "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Qəhrəmanın döyüş təltifləri sırasında layiq görüldüyü "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları da var.


Azad ən yüksək qiyməti "Vətən dərsi"ndən aldı

– Döyüş yoldaşı Ceyhuna deyirmiş ki: "Birdən elə vəziyyət yaranar, bizi mühasirəyə alarlar. Bax, son anda tankla bərabər özümüzü də partladaq, əsir düşməyək". Ceyhun bir də danışırdı ki, ailəli olan döyüşçülərini irəli buraxmazdı. Deyərdi ki: "Ölsəniz, uşaqlarınız başsız qalar. Amma mən subayam, heç vecimə deyil".

Bir tədbirdə Azadın komandiri də iştirak edirdi. Çıxışında dedi ki, bizim sağ qalmamıza səbəb Azad oldu. Oktyabrın 8-də Azadın ermənilərin tank bölüyünü necə məharətlə pusquya salmasının detallarını danışdı. Düşmənin həmin əməliyyatda ağır itkilər verdiyini söylədi.


...Xalqımızın igid oğlu, Vətən Müharibəsi Qəhrəmanı Azad Arif oğlu Hümbətov II Şəhidlər Xiyabanında dəfn olunub. Məzarını ziyarətə gələnlər çox olur. Bir müddət onların arasında qara geyimli bir qızın çox zaman sübh tezdən gəlib, axşam düşəndə məzarlığa yenicə çökməkdə olan qaranlığa qarışıq yox olduğunu söyləyirdilər. Sonralar bu gizli ziyarətçinin kimliyi bəlli oldu. Bəlli olsa da, hələ də ayaqlarını çəkməyib o yerdən. Kim deyir ki, nakam sevginin göz yaşları quruyur.

Bunları düşünə-düşünə, heç bilmirəm Ramiz Rövşənin məşhur misraları hardan söz-söz qəlbimə süzülüb içimi sızlatdı:

Yeri-yeri, qara paltarlı qadın,

Kiri-kiri, qara paltarlı qadın.

Bu qəbir də min qəbirdən biridir.

Başdaşımı bəsdir basdın bağrına,

Bütün mənə ağlayanlar kiridi,

Sən də kiri, qəbrim damır, ağlama...

Nazim Əlifov


Sizin reklam burada
Sizin reklam burada