27 sentyabr 2024-cü il tarixində
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş
Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində
İndoneziya Respublikasının xarici işlər naziri Retno Marsudi ilə görüşüb.
News365.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat
yayıb.
Görüşdə Azərbaycan və İndoneziya arasında ikitərəfli,
o cümlədən çoxtərəfli əməkdaşlıq məsələləri, habelə BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29)
hazırlıq işləri müzakirə olunub.
Azərbaycan Respublikası ilə İndoneziya Respublikası
arasında əlaqələrin müxtəlif, o cümlədən iqtisadiyyat, nəqliyyat, turizm
sahələrində inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
İki ölkə arasında BMT, Qoşulmama Hərəkatı, İƏT və
digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin
əhəmiyyəti qeyd olunub.
COP29-a sədrliyimiz çərçivəsində irəli sürülən
təşəbbüslərdən ətraflı bəhs edən nazir Ceyhun Bayramov, iqlim dəyişikliyi ilə
mübarizə sahəsində də İndoneziya ilə əməkdaşlıq etməyə hazır olduğumuzu
bildirib.
Daha sonra, nazirlər tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında” Saziş imzalanıb.