Prezident İlham Əliyev Çin Xalq
Respublikasının Sədri Si Szinpinə təbrik məktubu göndərib.
News365.az xəbər verir ki, məktubda
deyilir:
"Hörmətli cənab Sədr,
Çin Xalq Respublikasının yaranmasının
75-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan
və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı
yetirməkdən böyük məmnunluq duyuram.
Ötən dövr ərzində Çin Xalq Respublikası
bütün sahələrdə – iqtisadiyyat, sənaye, elm, kosmik tədqiqat, müasir
texnologiyalar, müdafiə, əhalinin sosial-iqtisadi rifahı və digər sahələrdə
mühüm nailiyyətlər əldə edərək beynəlxalq aləmdə yüksək nüfuz qazanmış,
dünyanın ən güclü və qüdrətli dövlətləri sırasında yer almışdır. Bütün bu
nailiyyətlərdə şəxsən Sizin də misilsiz rolunuz və xidmətləriniz vardır.
Dostluq və qarşılıqlı hörmət üzərində
qurulmuş, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Çin dövlətlərarası
əlaqələrinin bugünkü səviyyəsi bizi sevindirir.
İyulda Astanada Sizinlə səmimiyyət və
qarşılıqlı etimad şəraitində keçən görüşümüzü, ikitərəfli münasibətlərin geniş
spektri və əməkdaşlığımızın perspektivləri ətrafında apardığımız fikir
mübadiləsini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, görüş əsnasında qəbul
olunmuş "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında
strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” mühüm tarixi addım,
əməkdaşlığımızı daha da genişləndirmək və möhkəmləndirmək istiqamətində
qarşılıqlı əzmimizin bariz təzahürüdür.
Bu gün siyasi əlaqələrimizin yüksək
səviyyəsi və fəal dialoq, iqtisadiyyat, ticarət nəqliyyat-logistika,
telekommunikasiya, humanitar və digər sahələrdə qarşılıqlı faydalı
əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün əlverişli şərait yaradır.
"Kəmər və yol” və "Orta dəhliz” layihələri çərçivəsində səmərəli
işbirliyimizi xüsusi qeyd etmək istərdim.
Eyni zamanda biz Çinlə iqlim dəyişmələri
ilə mübarizədə, o cümlədən "yaşıl” enerji, yaşıl və aşağı karbonlu
texnologiyalar sahələrində birgə fəaliyyətimizi daha da dərinləşdirmək,
ölkənizin qabaqcıl təcrübəyə malik şirkətləri ilə daha sıx əməkdaşlıq etmək
əzmindəyik. İnanıram ki, noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi
COP29-da Çinin fəal iştirakı qlobal iqlim fəaliyyəti gündəliyinin irəli
aparılmasına və gələcək nəsillərə daha təmiz və dayanıqlı dünyanı miras qoymaq
məqsədinə çatmağımıza töhfə verəcəkdir.
Hörmətli cənab Sədr,
Əminəm ki, Azərbaycan ilə Çin arasında
ənənəvi dostluq münasibətləri, həm ikitərəfli qaydada, həm də çoxtərəfli əsasda
qarşılıqlı faydalı əməkdaşlığımız dost xalqlarımızın mənafelərinə uyğun olaraq
birgə səylərimizlə bundan sonra da inkişaf edəcək, strateji tərəfdaşlığımız
daha da dərinləşəcəkdir.
Belə bir əlamətdar gündə bir daha Sizə
ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə
uğurlar, dost Çin xalqına daim əmin-amanlıq, rifah və firavanlıq
diləyirəm".