Özünü Fransanın Ermənistandakı səfiri kimi qələmə verən şəxs
gülünc açıqlamalarını davam etdirir. O, tamam aidiyyətsiz bir məsələni belə öz
aləmində Azərbaycana hücum etmək imkanı kimi görür, diplomat kimi deyil,
daşnak, revanşist erməni kilsəsinin təmsilçisi kimi danışır.
News365.az xəbər verir
ki, bunlar Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd edilib.
Bildirilib ki, xüsusən, Ermənistanın baş nazirinin BMT Baş
Assambleyasında çıxışından sonra belə açıqlamalar verməklə o, təkcə özünü yox,
həm də son illərdə bir-bir ölkələrdən qovularaq biabır olmuş Fransanı daha da
gözdən salır:
"Fransa diplomatiyasının Taleyrandan Ermənistandakı səfir
səviyyəsinə düşməsi acınacaqlı durumdur. Özünü səfir kimi təqdim edən şəxsə
zəruri bir xatırlatma etmək istərdik ki, işğaldan otuz il ərzində əziyyət
çəkmiş Azərbaycandır və Fransa buna faktiki olaraq dəstək verib. Həmçinin
xatırlatmaq istərdik ki, Əhmədiyyə Cəbrayılovun nümunəsində Azərbaycan xalqının
oğulları nasist Almaniyasının işğalı altında olan Fransanı azad etmək üçün
fədakarlıqla mübarizə aparıblar".