Türkmənistan Xarici İşlər Nazirliyi Xəzər dənizində gəmilərə qarşı həyata keçirilən hücumlarla bağlı rəsmi bəyanat yayıb.
News365.az xəbər verir ki, bəyanatda bu cür halların qəbuledilməz olduğu vurğulanaraq deyilir:
“Türkmənistan Xəzəryanı dövlət və BMT tərəfindən tanınmış daimi neytral statusa malik ölkə kimi vurğulayır ki, Xəzər sülh, razılıq və mehriban qonşuluq dənizidir”.
Ancaq politoloq Elxan Şahinoğlu sosial media hesabında məsələni şərh edərkən bildirib ki, regiondakı real vəziyyət bu bəyanatlarla üst-üstə düşmür.
Siyasi ekspertin sözlərinə görə, Azərbaycan, Qazaxıstan və Türkmənistanın sülh istəyinə baxmayaraq, xarici münaqişələr regionu təhlükə altına salır:
“Rusiya-Ukrayna və ABŞ-İran müharibələri davam etdikcə, sahil dövlətlərinin arzusundan asılı olmayaraq Xəzər dənizi hövzəsi də faktiki olaraq müharibə zonası hesab olunacaq”.
E.Şahinoğlu xatırladıb ki, illər öncə Xəzərin hüquqi statusu ilə bağlı əldə olunmuş razılaşmaların ziddinə olaraq, hərbi məqsədlər üçün akvatoriyadan istifadə edilib:
Rusiya dəniz hövzəsindən Ukraynaya raket zərbələri endirib və İrana hərbi yüklər daşıyıb.
İran isə Rusiyaya Ukrayna cəbhəsində istifadə olunan dronları məhz Xəzər dənizi vasitəsilə çatdırıb.
Nəticədə, Moskva və Tehranın bu addımları Xəzərin "sülh və mehriban qonşuluq dənizi" statusuna ciddi zərbə vuraraq onu hərbi qarşıdurma meydanına çevirib.
News365.az