Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Heydər Əliyev İrsi: Müasir Şəhərsalmanın Təməli” adlı tədbir keçirilib.

Xəzər Rayon İcra Hakimiyyətinin və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Xəzər RİH başçısı Elşən Salahov, Millət Məclisin deputatları Soltan Məmmədov, Gülşən Paşayeva, Hikmət Babaoğlu və Aydın Hüseynov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, təhsil, səhiyyə, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 Qonaqlar öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

 Azərbaycan Respubikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxıblar. Film iştirakçılarda dərin təəssürat yaradıb və Ulu Öndərin zəngin irsinin bir daha yaddaşlarda canlanmasına səbəb olub.

Tədbiri giriş sözü ilə açan Xəzər RİH başçısı Elşən Salahov Heydər Əliyevin xalqımızın taleyində oynadığı misilsiz roldan danışaraq onun uzaqgörən siyasəti nəticəsində Azərbaycanın müstəqilliyini qoruyub saxladığını və bugünkü inkişaf səviyyəsinə çatdırdığını qeyd edib. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərinə geniş şəkildə toxunaraq onun çoxşaxəli fəaliyyətini və xalq qarşısındakı tarixi missiyasını ətraflı şərh edib. E.Salahov həmçinin qeyd edib ki, Ulu Öndərin daxili və xarici siyasət kursu nəticəsində Azərbaycan qlobal miqyasda tanınan və hörmət edilən dövlətə çevrilib. Onun diplomatik müdrikliyi ilə formalaşdırdığı beynəlxalq münasibətlər bu gün də ölkəmizin strateji tərəfdaşlıqlarının əsasını təşkil edir. Heydər Əliyevin təməlini qoyduğu inkişaf və islahatlar siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün bərpası, regionda nüfuzunun güclənməsi və modern dövlət idarəçiliyi modeli məhz bu irsin davamıdır.

Daha sonra çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Millət Məclisin deputatları Soltan Məmmədov, Gülşən Paşayeva, Hikmət Babaoğlu, Aydın Hüseynov və Heydər Əliyevin ölkə quruculuğu, təhsil, mədəniyyət və diplomatiya sahələrindəki fəaliyyətindən bəhs ediblər və onun ideyalarının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində bu gün Azərbaycan nəinki regionda lider dövlətdir, həmçinin böyük bir coğrafiyanı əhatə edən məkanda söz sahibi kimi böyük nüfuza malikdir.

Çıxışlardan sonra Respublikanın əməkdar artistləri və tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə geniş konsert proqramı keçirilib.