Yumurta niyə "1 qəpiyə" düşdü? Açıqlama

Yumurta niyə "1 qəpiyə" düşdü? Açıqlama
16:03

Son günlər Azərbaycanda yumurta bazarında ciddi qiymət enişi müşahidə olunur. Bir sıra marketlərdə sarı yumurtaların 3 qəpiyə, ağ yumurtaların isə 1 qəpiyə təklif edilməsi alıcıların diqqətini çəkib.

News365.az xəbər verir ki, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası qiymətlərin aşağı düşməsini bazarda təklifin tələbi üstələməsi ilə əlaqələndirib.

Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib ki, hazırda ölkədə gündəlik yumurta istehsalı 6 milyondan çoxdur:

“Daxili bazarın gündəlik tələbatı təxminən 4-4,5 milyon ədəd təşkil edir. İstehsal həcmi tələbi üstələdiyi üçün qiymətlərdə ucuzlaşma müşahidə olunur. Bu, bazar qanunlarının nəticəsidir”.

Onun sözlərinə görə, son illərdə dövlət dəstəyi nəticəsində ölkədə yumurta istehsalı əhəmiyyətli dərəcədə artıb və artıq daxili tələbat tam qarşılanır:

“Bir neçə ildir ki, istehsal tələbdən çoxdur. Bu da qiymətlərin sabit qalmasına və bahalaşmanın qarşısının alınmasına səbəb olur”.

Mürvət Həsənli əlavə edib ki, artıq məhsulun bir hissəsi xarici bazarlara ixrac edilir və yaxın aylarda ixrac həcminin daha da genişlənməsi gözlənilir.

Assosiasiya rəsmisi qeyd edib ki, təklifin tələbdən çox olduğu dövrlərdə yumurta qiymətlərində oxşar ucuzlaşmalar daha əvvəl də müşahidə olunub.


Sizin reklam burada
Sizin reklam burada