Ermənistanda keçirilən seçkilərlə bağlı məhkəmə proseslərinin nəticələri hələ də açıqlanmayıb.
Mövzu ilə bağlı politoloq Fikrət Sadıqov News365.az-a açıqlamasında ölkədəki siyasi vəziyyətin gərgin olaraq qaldığını bildirib.

Politoloqun sözlərinə görə, məhkəmənin bəzi partiyaların iddialarına baxmasına baxmayaraq, yekun qərarın kimlərin xeyrinə olacağı hələ məlum deyil:
“Biz hələ də bilmirik ki, nəticələr Paşinyanın xeyrinə olacaq, yoxsa ona qarşı çıxış edən siyasi qüvvələrin maraqlarına uyğun olacaq. Hazırda vəziyyət qalmaqallı formatda qalmaqdadır”.
Fikrət Sadıqov qeyd edib ki, Ermənistanda hazırda əsas geosiyasi mübarizə Rusiya ilə Avropa İttifaqı arasında gedir:
“Biz görürük ki, Ermənistan ərazisində iki əsas güc mübarizə aparır – Avropa İttifaqı və Rusiya. Rusiya artıq açıq şəkildə bu qarşıdurmaya keçib və müxtəlif addımlar atır”.
Politoloq Rusiyanın Ermənistana qarşı iqtisadi təzyiq vasitələrindən istifadə etdiyini də vurğulayıb:
“Rusiya Ermənistandan meyvə, tərəvəz və digər məhsulların idxalına məhdudiyyət qoyub, müəyyən embarqolar tətbiq edilib”.
Onun fikrincə, Avropa İttifaqının Ermənistana maliyyə dəstəyi ayırması da məhz bu proseslərlə bağlıdır:
“Avropa İttifaqının Ermənistana 34 milyon avro transfert ayırması Rusiyanın təzyiqlərinin müəyyən qədər neytrallaşdırılmasına hesablanıb”.