Fransada baş verən son siyasi proseslər daxili siyasi qarşıdurmaların nəticəsi kimi qiymətləndirilir.
Bu barədə politoloq Elşən Mustafayev News365.az-a açıqlamasında danışıb.

Politoloq bildirib ki, mövcud vəziyyət təkcə beynəlxalq faktorlarla deyil, həm də ölkədaxili siyasi maraqlar və qarşıdurmalarla bağlıdır:
“Bu, eyni zamanda Fransanın siyasi cəmiyyətində daxili siyasi mübarizədən doğan problemdir. Siyasi təcrübəsi zəif olan bəzi qüvvələrin proseslərə təsiri vəziyyəti daha da mürəkkəbləşdirir”.
Elşən Mustafayev qeyd edib ki, müəyyən siyasi dairələr arasında münasibətlər və qarşılıqlı ittihamlar hazırkı gərginliyin əsas səbəblərindən biridir:
“Burada müxtəlif partiyalar və onların təmsilçiləri arasında maraq toqquşmaları müşahidə olunur. Bu amillər siyasi vəziyyətin daha da gərginləşməsinə gətirib çıxarır”.
Politoloq bəzi beynəlxalq əlaqələrin və memorandumların da proseslərə təsir etdiyini vurğulayıb:
“Türkiyə, Çin və digər ölkələrlə müəyyən əlaqələr, imzalanan memorandumlar və müxtəlif siyasi qrupların fəaliyyəti bu məsələlərdə diqqət çəkən məqamlardır”.
O əlavə edib ki, Ukrayna ilə bağlı məsələlər də müəyyən siyasi dairələrin gündəmində xüsusi yer tutur:
“Ukrayna ilə bağlı xüsusi qrupların fəaliyyəti və bu istiqamətdə aparılan siyasət də ümumi mənzərəyə təsir göstərən amillərdəndir”.
Politoloqun sözlərinə görə, hazırda Fransada müşahidə olunan vəziyyətin əsas səbəblərindən biri siyasi qütbləşmə və daxili problemlərin dərinləşməsidir.