Vaxt Donald Trampın əleyhinə işləyir

Vaxt Donald Trampın əleyhinə işləyir
15:56

İranın son davranışları və beynəlxalq platformalarda atdığı addımlar həm siyasi, həm də psixoloji mesaj xarakteri daşıyır.

Bu barədə politoloq Natiq Miri News365.az-a açıqlamasında danışıb.


Politoloqun sözlərinə görə, İran rəhbərliyi bəzi görüşlərdə və ortaq foto çəkilişlərində iştirakdan məqsədli şəkildə yayınır:

“Bu, daxili ictimai rəyə hesablanmış addımdır. Çünki İran cəmiyyətində belə düşünülür ki, əl uzadıb görüşmək istədikləri şəxslərin əlləri ali dini liderlərin qanına batıb. Bu baxımdan həmin şəxslərlə görüntü vermək İran tarixində və xüsusilə mövcud düşüncə tərzində mənfi qarşılanır”.

Natiq Miri bildirib ki, İranın bu davranışı eyni zamanda siyasi mesaj kimi də qiymətləndirilə bilər:

“Birgə görüşdə salamlaşma qaçılmaz idi. Ancaq İran bundan yayınmaqla həm öz mövqeyini nümayiş etdirir, həm də müharibədən özünü qalib tərəf kimi uzaqlaşdırmağa çalışır”.

Politoloq qeyd edib ki, salamlaşmaq İslam mədəniyyətində sülh və barış mesajı hesab olunur:

“İslam peyğəmbərinin ‘daha çox salamlaşın’ çağırışı var. Salam sözü sülh, barışıq və qarşı tərəfə təhlükə olmadığını bildirmək anlamı daşıyır. Bu baxımdan görüşmək və salamlaşmaq həm də sülh tərəfdarı olmağın göstəricisidir”.

Natiq Mirinin fikrincə, Tehran hazırkı mərhələdə vaxtın ABŞ prezidenti Donald Trampın əleyhinə işlədiyini düşünür:

“Donald Tramp özü də etiraf edib ki, hətta hərbi əməliyyatlar keçirilsə belə, Hörmüz boğazına tam nəzarət mümkün olmayacaq. İran rejimi hesab edir ki, Trampın geri çəkilmək yolu yoxdur və proseslər onun əleyhinə inkişaf edir”.

Politoloq ABŞ və İsraildə qarşıdan gələn siyasi proseslərin də Vaşinqton üçün əlavə təzyiq yaratdığını bildirib:

“İsraildə parlament seçkiləri gözlənilir. ABŞ-da isə noyabrda Senat və Konqresə aralıq seçkilər keçiriləcək. Bundan başqa, Hörmüz boğazının bağlanmasının qlobal iqtisadiyyata vuracağı zərərin məsuliyyəti də birbaşa ABŞ və Donald Trampın üzərinə düşəcək”.

Onun sözlərinə görə, İran məhz bu səbəbdən daha sərt və özünəinamlı davranmağa çalışır:

“Tehran düşünür ki, qarşı tərəfin geri addımı İranın irəliyə doğru yeni addımı ilə nəticələnəcək”.


Sizin reklam burada
Sizin reklam burada