Qarğıdalı hər kəsə uyğun deyil- Həkimlərdən xəbərdarlıq:

Qarğıdalı hər kəsə uyğun deyil- Həkimlərdən xəbərdarlıq:
16:15

Qarğıdalı həm dadlı, həm də qida dəyəri yüksək olan məhsullardan biri hesab edilir.

News365.az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bu məhsul düzgün miqdarda istifadə edildikdə orqanizm üçün bir sıra faydalar təmin edir.

Tərkibində lif, B və C vitaminləri, eləcə də kalium və maqnezium kimi faydalı minerallar olan qarğıdalı həzm sisteminin fəaliyyətini yaxşılaşdırmağa kömək edir. Eyni zamanda, uzun müddət toxluq hissi yaratdığı üçün enerji mənbəyi kimi də qiymətləndirilir.

Mütəxəssislərin sözlərinə görə, qarğıdalının tərkibində olan zeaksantin kimi antioksidantlar göz sağlamlığının qorunmasında mühüm rol oynayır və yaşla bağlı yaranan bəzi göz xəstəliklərinin riskini azalda bilər.

Qarğıdalı saçaqlarından hazırlanan dəmləmələrin isə təbii sidikqovucu təsir göstərdiyi, böyrək və sidik kisəsinin fəaliyyətinə müsbət təsir etdiyi qeyd olunur.

Bundan başqa, kaliumla zəngin olması səbəbindən qarğıdalının qan təzyiqinin tənzimlənməsinə də dəstək verdiyi bildirilir.

Bununla yanaşı, qarğıdalının bəzi insanlar üçün uyğun olmadığı vurğulanır. Xüsusilə mədə xorası, qastrit və digər həzm sistemi problemləri olan şəxslərdə lifli quruluş səbəbindən narahatlıq yarada bilər.

Həkimlər qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkən insanların da qarğıdalıdan ehtiyatla istifadə etməsini tövsiyə edirlər. Çünki məhsul köp və qarın ağrılarını artıra bilər.

Eyni zamanda, qarğıdalı zülalına qarşı allergiyası və ya dözümsüzlüyü olan şəxslərin bu məhsuldan uzaq durması məsləhət görülür.

News365.az


Sizin reklam burada
Sizin reklam burada