Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.
Müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.
Afət Fərmanqızı Kislovodsk şəhərinin polis əməkdaşlarına təşəkkür etdiyini bildirərək, şikayəti əsasında saxlanılan şəxsin izahatının alındığını yazıb:
“Kislovodsk şəhərinin polis əməkdaşlarına təşəkkür edirəm ki, şikayətimə operativ şəkildə reaksiya göstərdilər və şikayətim əsasında haqqında istintaq gedən şəxs saxlanılaraq izahatı alındı. Saxlanılan zaman ağlayaraq, tir-tir əsərək izahat verib. Özünü sındırmamaq üçün gülməsinə baxmayın... Həmin şəxs hətta zəng vuraraq yaxın dostlarımızdan kömək istəyib”.
O, yaxın günlərdə məsələ ilə bağlı daha ətraflı və faktlarla açıqlama verəcəyini də bildirib:
“Bütün Novorossiysk bu hadisədən xəbərdardır. Hadisənin canlı şahidləri kifayət qədər faktları mənə göndəriblər. İnanmayanlar Kislovodsk şəhərinin polis idarəsindən ətraflı məlumat əldə edə bilərlər. Növbəti ünvan Samaradır”.Lakin diqqətçəkən məqam bundan sonra baş verib. Vəfa Şərifova Əməkdar artist Gülüstan Əliyeva ilə birlikdə Kislovodsk şəhərində azərbaycanlıların toy mərasimində iştirak edib. Müğənni gecə saatlarında məclisdən ifa görüntülərini də sosial şəbəkə hesabında paylaşıb.
Beləliklə, Vəfa Şərifovanın polis tərəfindən saxlanıldığı barədə yayılan iddiaya müğənnidən sözlə deyil, məclisdən paylaşdığı görüntülərlə cavab gəlib.