29 sentyabr 2026-cı il tarixində Beynəlxalq
Muğam Mərkəzində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə dahi Azərbaycan şairi və
mütəfəkkiri Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş “Xaqani gecəsi”
adlı bədii-musiqili tədbir keçirilib.
Tədbir Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Xaqani Şirvaninin
900 illik yubileyinin qeyd olunması haqqında Sərəncamına uyğun olaraq təşkil
edilib.
Tədbirin açılışında çıxış edən
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova
Xaqani Şirvaninin əsərlərinin əsrlər boyu türk xalqlarının mənəvi dünyasında
xüsusi yer tutduğunu diqqətə çatdırıb. Fondun zəngin nəşr fəaliyyətindən bəhs
edən professor Aktotı Raimkulova təşkilat tərəfindən türk dünyasının görkəmli
klassiklərinin irsinin müxtəlif dillərdə çap edilərək geniş oxucu
auditoriyasına təqdim olunduğunu, bu istiqamətdə həyata keçirilən layihələrin
isə ortaq mədəni irsin qorunması və təbliğinə xidmət etdiyini vurğulayıb.
Azərbaycan Yazıçılar
Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseynin aparıcılığı ilə keçirilən tədbirdə
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli və Milli Məclisin
deputatı Hikmət Babaoğlu da çıxış edərək dahi şairin zəngin ədəbi irsi barədə
fikirlərini bölüşüb, Fondun bu istiqamətdəki təşəbbüslərinin təqdirəlayiq
olduğunu bildiriblər.
Tədbir çərçivəsində Xaqani
Şirvaniyə həsr olunmuş pyeslər toplusunun təqdimatı keçirilib, eyni zamanda
şairin həyat və yaradıcılığını əks etdirən bədii proqram təqdim olunub.
Proqramda Xaqani Şirvaninin uşaqlıq və gənclik illərindən başlayaraq həyatının
müxtəlif mərhələlərini əks etdirən səhnə obrazları təqdim edilib, şairin sözlərinə
bəstələnmiş və ilk dəfə səsləndirilən musiqi əsərləri ifa olunub.
Bədii proqramda Cahangir
Cahangirovun “Nazənin”, Tofiq Quliyevin “Bəxtəvər oldun”, Bəhram Nəsibovun “Gözəl
nazənin” əsərləri səsləndirilib, 3 saylı Uşaq - gənclər inkişaf mərkəzinin
“Xaqaninin uşaqlığı” mini-tamaşası, “Xaqaninin qəzəl-cavablaşmaları”, Xaqani və
Məhəmməd Füzulinin əsərlərindən qiraətlər, həmçinin Xaqani qəzəllərinin muğam
üstündə ifası təqdim edilib.
Tədbirdə Azərbaycanda
akkreditə olunmuş diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri,
mədəniyyət və incəsənət xadimləri, ədəbiyyatşünaslar, elm adamları, həmçinin
media nümayəndələri iştirak ediblər.