Üzərinə həbs qoyulan əmlak necə idarə olunur?- Hüquqşunasdan AÇIQLAMA

Üzərinə həbs qoyulan əmlak necə idarə olunur?- Hüquqşunasdan AÇIQLAMA
12:30

Əmlaka həbs qoyulması o deməkdir ki, həmin əmlak üzərində sərəncamvermə hüququna məhdudiyyət tətbiq edilib.

Bu barədə News365.az-a açıqlama verən hüquqşünas Ruslan Mustafayev bildirib ki, belə hallar həm mülki, həm də cinayət işləri çərçivəsində tətbiq oluna bilər.

Onun sözlərinə görə, məhkəmələr əmlakın üzərinə həbs qoyulmasını bir neçə əsasla həyata keçirir:

“Praktikada ən çox rast gəlinən hal – şəxslər arasında əmlakla bağlı mübahisələr zamanı bir tərəfin digəri barəsində iddia qaldırmasıdır. Məsələn, tərəflər arasında mülkiyyətə dair fikir ayrılığı və ya borc münasibətləri varsa, məhkəmə həmin əmlakın satılması və ya bağışlanmasının qarşısını almaq üçün müvəqqəti məhdudiyyət tətbiq edə bilər.”

Hüquqşünas qeyd edib ki, bu tədbir həm də gələcəkdə məhkəmə qərarının icrasını təmin etmək məqsədi daşıyır:

“Əgər iddia pul tələbi ilə bağlıdırsa və məhkəmə hesab edirsə ki, gələcəkdə iddia təmin olunduqda qərarın icrası üçün həmin əmlakın satılması lazım gələcək, o zaman da məhdudiyyət qoyula bilər. Yəni, şəxsin əmlakı müvəqqəti olaraq ‘dondurulur’.”

Ruslan Mustafayev bildirib ki, bu məhdudiyyətlər cinayət işlərində də tətbiq olunur:

“Cinayət hadisəsi zamanı, xüsusilə dələduzluq, mənimsəmə və əmlakın məhv edilməsi kimi hallarda, istintaq və ya məhkəmə gələcəkdə ziyanın ödənilməsi məqsədilə təqsirləndirilən şəxsin əmlakına həbs qoya bilər. Bu, zərərçəkmişə dəymiş ziyanın ödənilməsi üçün təminat rolunu oynayır.”

Hüquqşünasın sözlərinə görə, mülki işlərdə bu addım “müvəqqəti təminat tədbiri” adlanır və məhkəmənin qərarı ilə həyata keçirilir.

“Bu qayda vətəndaşların iddia etdiyi əmlakın özgəninkiləşdirilməsinin qarşısını almağa imkan verir. Yəni, həmin əmlak nə satıla, nə bağışlana, nə də başqa şəxsə verilə bilər. Məhkəmə qərarı qüvvəyə minənədək əmlak olduğu kimi qalır.”

Nəticə etibarilə, əmlaka həbs qoyulması onun sahibinin tam hüquqlarını məhdudlaşdırır, lakin bu addım yalnız qanunla müəyyən edilmiş qaydada və məhkəmə qərarı əsasında həyata keçirilə bilər.



Sizin reklam burada
Sizin reklam burada