Politoloq Elşən Mustafayev bildirib ki, Ukraynaya raketlərin verilməsi müharibənin gedişatında ciddi dəyişikliklər yarada bilər.
News365.az-a açıqlamasında o qeyd edib ki, ABŞ tərəfindən Ukraynaya verilməsi planlaşdırılan raketlər uzun mənzilli və orta mənzilli xarakter daşıyır və bu, Rusiya ərazilərindəki hərbi əməliyyatlara birbaşa təsir göstərə bilər:
“Putin də bu məsələyə reaksiya verib və raketlərin verilməsi halında Rusiya-Amerika münasibətlərində ciddi gərginlik yaranacağını göstərib. Bu, şantaj xarakteri daşıyırdı”.
Elşən Mustafayev əlavə edib ki, indiyədək verilən raketlər qısa mənzilli olub və daha çox dron və kiçik raketlərin daşınmasında istifadə olunurdu. Hazırda isə müharibə Rusiyanın sərhədinə qədər genişlənib.
Politoloq vurğulayıb ki, ABŞ administrasiyası raketlərin Ukraynaya verilməsinə hələlik dəqiq qərar verməyib və bunun necə istifadə olunacağını öyrənmək istəyir:
“Bu raketlərin verilməsi müharibənin gedişatını dəyişə bilər, amma indiki mərhələdə proses hələ tam aydın deyil”.