Əhməd Davutoğludan ölkəmizə qarşı YANLIŞ ADDIM

Əhməd Davutoğludan ölkəmizə qarşı YANLIŞ ADDIM
16:00

Türkiyənin keçmiş Baş naziri, Gələcək Partiyasının sədri türkiyəli jurnalistlərə verdiyi müsahibəsində Azərbaycanın ərazi bütövlüyünə və siyasi quruluşuna hörmətsizlik edib. Baş nazir, İraq Kürdüstan Regionunun bayraqlarının olmasını və bu bayraqların Türkiyədə rəsmi görüşlərdə qoyulmasını tənqid edənlərə cavab olaraq bildirib ki, Azərbaycanın Naxçıvan bölgəsinin öz bayrağı var və o, Baş nazir olanda Naxçıvanın “baş nazirini” çağırıb, o da gəlib görüşüb və bu, rəsmi Bakını heç narahat etməyib.

Əhməd Davutoğlunun bu açıqlamalarında iki məqam var.

Birincisi, onun Azərbaycanın Naxçıvanın idarəetmə və proseslər barədə məlumatlı olmadığını göstərir. Naxçıvan ana yurddan tarixi ədalətsizliklər nəticəsində ayrı düşüb. Heç bir zaman Naxçıvan və naxçıvanlılar ana yurddan ayrı siyasət yürütmək, mərkəzdən uzaqlaşmaq kimi niyyət və istəklərə sahib olmayıblar. Əksinə, 1990-ci ildə lampa işığında ilk dəfə üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağı Naxçıvan Ali Məclisində Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qaldırıldı və daha sonra bütün ölkə bu bayrağın kölgəsində birləşdi.

Bu gün Naxçıvanda da, Xankəndində də, Bakıda və Gəncədə də, ümumiyyətlə, bütöv Azərbaycan ərazisində qürurla bir bayraq dalğalanır. Ay-ulduzlu üçrəngli bayraq bu xalqın həm faciələrinə, həm də qələbələrinə şahidlik edib, bundan sonrada yalnız inkişafına şahidlik edəcək.

İkincisi, Davutoğlunun dediyi kimi, “Naxçıvanın Baş nazirini” çağırması barədə iddia mövcud faktlara uyğun deyil. Araşdırdım, internetdə Naxçıvan baş naziri təkbaşına xarici rəsmi və ya işgüzar səfər həyata keçirməyib. Bu məsələnin bir tərəfidir.

Digər tərəfi isə ondan ibarətdir ki, Naxçıvan daxil olmaqla Azərbaycanın heç bir regionunun, heç bir dövlət orqanının rəhbərini Bakı istisna olmaqla heç bir paytaxt çağıra bilməz. Müxtəlif tədbirlərə və mərasimlərə dəvət göndərmək olar, lakin həmin dəvətin qəbul edilməsi yalnız Bakının razılığı və icazəsi ilə mümkündür. Dəvət ayrı, çağırmaq ayrıdır. Çağırmaq bir əmr deməkdir və bunu Davutoğlu kimi zəngin təcrübəyə malik siyasi xadim bilir. Rəsmi Bakını deyil, başqa yerlərdən əmr almağa qalxanların sonunun necə olmasını hal-hazırda Bakıda davam edən məhkəmə prosessi göstərir.

Əhməd Davutoğlunun şəxsinə, bilik və təcrübəsinə sözüm yoxdur. Türkiyə kimi bir ölkənin Xarici İşlər Naziri və Baş naziri olmuş şəxs üçün bu açıqlama nə diplomatik protokola, nə də dövlət etik normalarına uyğundur. Şəxsən məni onun bu fikirləri çox incitdi. Ümid edirəm Əhməd Davutoğlu yanlış fikirə düzəliş edəcək.

Aqil Məmmədov, politoloq


Sizin reklam burada
Sizin reklam burada