Ukrayna ətrafında danışıqlarla bağlı yayılan məlumatlar regionda yeni diskussiyalara səbəb olub. Rusiya tərəfinin irəli sürdüyü şərtlərin “kompromis” kimi təqdim olunması isə ekspertlərin ciddi narazılığına yol açır.
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov News365.az-a danışaraq, Rusiyanın mövqeyinin real danışıqlara uyğun olmadığını bildirib.
Onun sözlərinə görə, Rusiyanın “güzəşt” kimi göstərdiyi addımlar əslində Ukrayna üçün qəbulolunmaz tələblərdir:
“Rusiya iddia edir ki, hazırda nəzarətində olan Zaporojye və Xerson ərazilərinin bir hissəsindən geri çəkilə bilər və bunu Ukraynaya güzəşt kimi təqdim etmək istəyir. Amma bu, mahiyyət etibarilə heç bir dəyişiklik yaratmır.”
Politoloq bildirib ki, təhlükəsizlik zəmanətlərindən danışmaq da real deyil, çünki Moskva Ukraynada hərbi birliklərin yerləşdirilməsinə qəti etiraz edir:
“Müharibənin başlanmasının əsas bəhanəsi Rusiyanın NATO qoşunlarını sərhəddə görmək istəməməsi idi. İndi necə təhlükəsizlik zəmanətindən söhbət gedə bilər? Rusiya kompromisə hazır olduğunu göstərmir, əksinə, maksimalist mövqedə qalaraq öz tələblərini Ukraynaya qəbul etdirməyə çalışır.”
Rəşad Bayramov vurğulayıb ki, istənilən ərazinin Rusiyanın tərkibinə qatılması Ukraynada yalnız xalqın səsverməsi ilə mümkündür:
“Söhbət Donbasın tam verilməsindən yox, çox kiçik bir ərazinin belə Rusiya torpağı kimi tanınmasından gedirsə, bu artıq güzəşt deməkdir. Zelenski və hazırkı hakimiyyət bunu təkbaşına qərar verə bilməz. Belə bir məsələ referendum tələb edir.”
Politoloq əlavə edib ki, referendum keçirilməsinin özü belə hazırda real deyil:
“Referendum üçün ilk növbədə atəşkəs lazımdır. Hazırda ölkədə belə bir prosesin aparılmasına nə siyasi, nə də təhlükəsizlik baxımından imkan yoxdur.”
Sonda Rəşad Bayramov hesab edir ki, Rusiyanın irəli sürdüyü şərtlər nə kompromis hesab oluna bilər, nə də Ukraynanın qəbul edəcəyi formatdadır.