Yasamaldakı binanı LOFT restoranının sahibi yandırıb? - ŞOK İDDİA+FOTO

Yasamaldakı binanı LOFT restoranının sahibi yandırıb? - ŞOK İDDİA+FOTO
10:16

Ötən gecə daha bir faciəyə şahidlik etdik. Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsindəki çoxmərtəbəli yaşayış binasında güclü yanğın olub.

Yanğın nəticəsində üç nəfər ölüb. Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Ümumilikdə 20 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Yanğınla əlaqədər Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir. Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən yanğın söndürülüb. İlkin versiyaya görə yanğın çoxmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş verib.

Maraqlıdır ki, yanğın söndürülsə də sakinlər FHN-nin əməkdaşları tərəfindən təxliyyə olunub. Üstəlik yanğın baş vermiş binanın qarşısında FHN-nin qərargahı yaradılıb. Verilən məlumata görə qərargahın əməkdaşları tərəfindən müvafiq sənədləşmə, qeydiyyat işləri həyata keçirilir.

İlkin versiya olaraq yanğının binanın elektrik şaxtasında baş verdiyinin söylənilməsi müəyyən suallar doğurur. Çünki elektrik şaxtasında yanğın ən çox artıq yüklənmədən baş verir. Bu da o deməkdir ki, binanın şaxtasındakı elektrik naqilləri mövcud yüklənməyə tab gətirməyib.

Bu arada sosial şəbəkələrdə yanğınla bağlı müxtəlif fikirlər səslənir. Həmin fikirlər arasında diqqət çəkənlərdən biri jurnalist Heydər Mirzənin dedikləridir. O iddia edir ki, binada yanğını qonşuluqdakı LOFT restoranı tərəfindən törədilib.

“LOFT restoranının yiyəsi binamızı yandırdı” deyə jurnalist haray çəkib.

Nəzərə alaq ki, bina sakinləri ilə restoran sahibləri arasında uzun müddətli çəkişmə və mübahisə olub. Bu mübahisə məhkəməyə qədər gedib çıxıb. Sonda Yasamal rayon Məhkəməsi restoran sahibinin lehinə qərar çıxarıb.

Mübahisənin detalları tam açıqlanmasa da jurnalistin son fikirləri ehtimal yaradıb ki, LOFT restoranının sahibi hansısa məsələdə sakinlərə ciddi problem yaradıb. Bu da sonda faciə ilə yekunlaşıb.

Ola bilsin ki, binanın elektrik şaxtasında baş verən yanğın hansısa şəkildə LOFT restoranının sahibi ilə bağlıdır.

Hazırda istintaq gedir. Yəqin ki, təhqiqatçılar bu məqama da diqqət edəcəklər. Yoxsa insanlar nəyə görə heç nədən LOFT restoranının rəhbərliyini günahlandırsınlar?!

News365.az



Sizin reklam burada
Sizin reklam burada