Ukraynaya təklif olunan plan kapitulyasiya deməkdir

Ukraynaya təklif olunan plan kapitulyasiya deməkdir
15:20

Ukrayna ilə bağlı yayılan yeni “sülh planı” Qərb mediasında ciddi müzakirələrə səbəb olub. Son saatlarda ortaya çıxan iddialara görə, ABŞ-ın Ukraynaya təqdim etdiyi deyilən şərtlər Rusiyanın mövcud tələblərini praktiki olaraq təkrarlayır.

Məsələ ilə bağlı politoloq Şahin Cəfərli News365.az-a danışaraq yayılan planın həm Ukrayna, həm də Qərb üçün qəbuledilməz olduğunu bildirib.


Politoloq deyib ki, əgər bu iddialar həqiqətə uyğundursa, bu, ABŞ üçün ciddi reputasiya zərbəsi ola bilər:

“Bu plan tam şəkildə Rusiyanın indiyədək səsləndirdiyi şərtlərin kopyasıdır. Bu isə faktiki olaraq Ukraynanın kapitulyasiyası deməkdir. Əgər Ukrayna kapitulyasiya aktını imzalayacaqsa, burada Amerikanın rolu nədir? Ukraynalılar rus dilini bilirlər, rəhbərlikdə də etnik ruslar var. O zaman bunu birbaşa Rusiya ilə razılaşa bilərdilər.”

Şahin Cəfərli hesab edir ki, yayılan mətnin əsl plan olub-olmadığı hələ də böyük sual altındadır:

“Şübhəm var ki, bu həqiqətən Amerikanın rəsmi planıdır. ABŞ bu şərtləri masaya qoysa, bu, Ukrayna üçün qəbuledilməzdir.”

Cəbhədə vəziyyətin çətin olduğunu etiraf edən politoloq qeyd edib ki, buna baxmayaraq, Ukraynanın təslim aktı imzalayacaq vəziyyətdə olması doğru deyil:

“Rusiya ordusu irəliləsə də, hər kvadratmetr onlar üçün çox baha başa gəlir. Mütəxəssislərin hesablamasına görə, hər kvadratmetr üçün 100-dən çox rus əsgəri tələf olur. Ukrayna müqaviməti davam etdirir.”

Sonda politoloq bildirib ki, Zelenskinin belə bir sənədi imzalamağa nə səlahiyyəti, nə də ictimai dəstəyi var:

“Ukrayna hökumətinin və Prezident Zelenskinin bu şərtləri qəbul etməsi mümkün deyil.”


Sizin reklam burada
Sizin reklam burada