Yohannesburq sammitində İyirmilik Qrupu (G20) liderləri iqlim dəyişikliyinin təsirləri ilə bağlı itkilərin və zərərlərin qarşısını almaq, minimuma endirmək və aradan qaldırmaq üçün təcili və iddialı tədbirlərin görülməsinə ehtiyac olduğunu qəbul etdilər.
News365.az xəbər verir ki, bu barədə sammitin bəyanatında bildirilib.
"Liderlik rolumuzu dərk edərək, Paris Sazişinin tam və effektiv icrasını gücləndirməklə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) məqsədlərinə nail olmaq üçün öhdəliyimizi bir daha təsdiqləyirik", - bəyanatda vurğulanır.
Sammit iştirakçıları razılaşıblar ki, ədalətli enerji keçidi üçün milli yollar iqlimin qorunması üçün açardır. Onlar həmçinin iqlim dəyişikliyinin, o cümlədən ekstremal hava hadisələrinin təsirləri ilə mübarizə üçün erkən xəbərdarlıq sistemlərinin və tədbirlərin işlənib hazırlanmasına və tətbiqinə dəstək vermək barədə razılığa gəliblər.